Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
30 min manat müqabilində estetik cərrah olanlarla bağlı iddiaya RƏSMİ CAVAB: "Xəbərdarlıq edilib"
50-yə yaxın həkimin Səhiyyə Nazirliyinə rüşvət verməklə profilini dəyişərək plastik cərrah olduqları ilə bağlı ittihamlar paylaşılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial mediada yayılıb.
Paylaşımı edən şəxs iddia edir ki, həmin həkimlər nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişiblər:
"Azərbaycanın estetik cərrahiyyəsinin üzü... Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməzlər. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?"
Paylaşımda, həmçinin, sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqları qeyd edilib:
"Təsəvvür edin, gedib bir-iki gün xaricdə "təhsil" alır, sonra isə böyük fəxrlə geri qayıdıb, "beynəlxalq sertifikatlı estetik cərrah" olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edirlər. Yəni istəsəniz, siz də gedib orada oturub, özünüzü "beynəlxalq mütəxəssis" kimi hiss edə bilərsiniz. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur".
Yayılan ittihamlarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
"Plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək", - cavabda qeyd olunub.
Qurumdan əlavə ediblər ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt" (012-596-05-20) nömrəsinə, www.pharma.az saytının "Müraciət" bölməsinə və ya [email protected] elektron ünvanına bildirsinlər.
İddialarla bağlı Oxu.Az Baş Prokurorluğa da sorğu ünvanlayıb.
Aygün Mirakif