Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Estetik əməliyyatın QURBANI - "Yasamal Hospital"ın baş həkimi qadını ölümcül hala salıb
Sosial şəbəkələrdə son dönəmlər bədən şəkilləndirmə əməliyyatları ilə bağlı xəbərlər xüsusilə çox yayılıb. Bu cür əməliyyatların qorxusuz, ağrısız, risksiz olduğunu deyən həkimlər insanları şirnikləndirir.
Təəssüflər olsun ki, bədən şəkilləndirmə əməliyyatları arasında uğursuz nəticələnənləri də çoxdur.
Fidan İsmayılqızı da uğursuz nəticələnən estetik əməliyyatın qurbanıdır. O, Bizim.Media-ya qarın gərmə əməliyyatı nəticəsində necə ölümlə üz-üzə gəldiyini danışıb.
"Əməliyyatdan sonra qanaxma başladı"
O, komplekslərindən qurtulmaq üçün aprelin 16-sı "Yasamal Hospital"a üz tutub. Fidan İsmayılqızı deyir ki, klinikanın estetik cərrahı, baş həkim Elvin Əliyev və komandası ona abdominoplastika, yəni qarın gərmə əməliyyatı ediblər. Əməliyyatdan 1 saat sonra isə Fidan xanımın halı pisləşib.
"Təzyiqim düşdü, gözüm qaraldı, məni bumbuz tər basdı, ürəkbulanma, qusma başladı. Bunlar daxili qanaxma əlamətləridir. Məni yenidən əməliyyat stoluna qaytardılar. 2-ci əməliyyatım çox uzun çəkdi. Bir gün içində iki dəfə əməliyyat olundum. Sağ çıxanda sevindim. Sən demə, 1 həftə sonra daha ağır günlərim başlayacaqdı..."
"Klinika məni qəbul etmədi"
Fidan İsmayılqızı ikinci əməliyyatla sadəcə canını qurtara bildiyini, amma 6 ay ərzində hər gün əziyyət çəkdiyini deyir:
"Çoxlu qan itirmə, eyni nahiyənin 2 dəfə açılıb, tikilməsindən sonra yaramda dərin nekroz (toxuma və hüceyrələrin qidalanmasının pozulması) başladı. Bir müddət sonra isə yaralarım tamam açıldı, yaradan çoxlu miqdarda seroz maye axdı, bədənim bir yandan qan, bir yandan da maye itirdi. Ağır vəziyyətdə "Yasamal Hospital"a getdim, amma məni qəbul etmədilər. Dərhal başqa özəl xəstəxanaya getdim. 1 həftə orada müalicə aldım".
Qeyri-estetik əməliyyat...
Fidan İsmayılqızının sözlərinə görə bu qədər əziyyətin nəticəsində bədənində dərin yara izləri, arzuolunmaz görüntü yaranıb:
"Bədənim vizual olaraq çox pis vəziyyətdədir, hələ daha nə qədər əməliyyat olmalıyam. Artıq tükənmişəm. Bu 5 ayı evdən çölə çıxmadım, ancaq yaralarıma sarğı qoymaqla məşğul idim. Təsəvvür edin ki, bitişməyən yara, yarada axıntı, sarğı qoy, üstündən bu istidə korset bağla, bütün psixologiyam çöküb".
Məhkəmə prosesi
Fidan İsmayılqızı həkim səhlənkarlığı iddiası ilə Elvin Əliyev barəsində Baş Prokurorluğa şikayət etdiyini bildirib. Prokurorluq isə işi məhkəməyə göndərib. Yasamal Rayon Məhkəməsi cinayət işi başlatmasa da, prokurorluq bu qərarı əsassız sayıb və işin yenidən araşdırılmasını istəyib.
Məsələ ilə bağlı "Yasamal Hospital"ın baş həkimi Elvin Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, əməliyyatı o etməyib, iddiaları isə əsassız hesab edir.
Onun sözlərinə görə, əməliyyatı vaxtilə "Yasamal Hospital"da onun rezidenti olmuş Mehdi Həsənzadə edib. Hazırda isə Mehdi Həsənzadə həmin klinikada çalışmır. Amma əməliyyat edən vaxt rezident vəzifəsində olub. Rezidentin isə əməliyyatı tək etməsi qadağandır. Həkim nəzarəti mütləq olmalıdır.
Fidan İsmayılqızı deyir ki, kameraların prokurorluğa təhvil verilməsi gecikdirilir, əməliyyatı kimin etdiyi də sual altındadır.
Məhkəmə sənədlərində nə yazılıb?
"Fidan İsmayılqızı "Abdominoplastika" əməliyyatı üçün 07.04.2024-cü il tarixində "Yasamal Hospital"da rezident Mehdi Həsənzadənin qəbulunda olub. Mehdi Həsənzadə ona Sabunçu xəstəxanasında ümumi cərrahiyyə üzrə 4-cü kursda rezident olduğunu bildirib. Fidan İsmayılqızı rezident olduğu üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşub. Mehdi Həsənzadə isə əməliyyatların müstəqil deyil, "Yasamal Hospital"ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra edildiyini və əməliyyatlara birlikdə girdiyini deyib. Daha sonra Mehdi ona ümumi qan analizindən keçməyi təklif edib və əməliyyat günü təyin olunub. Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən onu Elvin Əliyevin xəstəsi kimi qeydə alıblar".
Bu, Elvin Əliyevin karyerasındakı ilk qalmaqal deyil
2018-ci ildə onun etdiyi abdominoplastika əməliyyatından sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. Zərərçəkən mediaya verdiyi açıqlamalarında deyib ki, Elvin Əliyevin etdiyi əməliyyat onun həyatını cəhənnəmə çevirib. Həmin dövrdə Elvin Əliyev "İnternational-2" adlı özəl klinikada baş həkim olub.
"Əməliyyat zamanı mənim orqanizmimə infeksiya düşüb. İnfeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir.
Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin Əliyev isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin".
Elvin Əliyevin qeyri-peşəkar işi və səhvi ucbatından bu halda düşdüyünü vurğulayan Fidan İsmayılqızı qarşı tərəfin ona təzminat ödənməsini və sağlamlığını itirməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.
Rəylər