"Rafael Ağayev" teqi üzrə xəbərlər

Rafael Ağayev (Ağayev Rəfael Mahir oğlu) 4 mart 1985-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə 21 No-li orta məktəbi bitirdikdən sonra Azərbaycanın Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, «Güləşmə və onun metodikası» kafedrasının nəzdində karate üzrə məşqçi-müəllim ixtisası üzrə təhsil alaraq 2007-ci ildə oranı bitirmişdir. 2007-ci ildən 2008-ci ilə qədər respublikanın Ağcabədi rayonunun ərazisində hərbi xidmət keçmiş, sonra perspektiv idmançı kimi müdafiə nazirliyinin idman klubuna keçirilmişdir. 

Rafael Ağayev idmanla məşğul olub-olmamaq sualı qarşısında heç vaxt qalmayıb, çünki onun atası peşəkar futbolçu kimi iki böyük qardaşına da idmana qarşı sevgi oyada bilmişdi. Böyük qardaşı Ruslan cudo, ikinci qardaşı Rüstəm isə boksla məşğul olurdu və yaxşı nəticələr əldə etmişdi. Bir çox uşaqlar kimi, Rəfael də həyatdakı yerini uşaqlıqdan axtarmalı olub, və ilk vaxtlar atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları aşılamışdır. Belə vəziyyət bir neçə il davam edib. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan»da məşq etməyə dəvət almışdı. Rəfael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. Y.Bəşirov onda böyük potensial və qeyri-adi döyüş taktikasının olduğunu yəqin etmişdi. Rəfaelin özü gərgin işgüzarlığı və qalibiyyət əzmi ilə seçilirdi, lakin ona beynəlxalq təcrübə lazım idi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Təəssüf ki, ilk yarışlar ona uğur qazandırmamışdı, lakin artıq növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra demək olar ki, heç vaxt məğlub olmamışdır. 

2001-ci ildə Afinada (Yunanıstan) keçirilən Gənclər və Yeniyetmələr arasında özünün ilk Dünya çempionatında komanda hesabında 3-cü yerə çıxmış, növbəti il isə Avropa çempionu olmuşdur. Beləliklə, o, bu gün də öz çəki kateqoriyasında liderliyi saxlayır. Mübaliğəsiz demək olar ki, Rafael Ağayev dünyanın ən güclü karateçilərindən biridir. Cavan olmasına baxmayaraq, karatedə bütün ən yüksək idman uğurlarına nail ola bilib, dəfələrlə Avropa və Dünya çempionudur. O, bir Dünya çempionatında iki qızıl medal qazanmaqla rekorda imza ata bilmişdir. Bu, 2008-ci ildə Tokioda (Yaponiya) keçirilən 18-ci Dünya çempionatında baş verib. Orada o, 70 kq-a qədər çəki kateqoriyasında və açıq çəki kateqoriyasında (open) qələbə qazanmışdı. Ümumdünya Karate Federasiyasının Prezidenti Antonio Espinos şəxsən onu «Dünya karatesinin brilyantı» adlandırıb. 

Ən çox axtarılanlar