Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeni dövrün başlanğıcı - Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən faktorlar
"Azərbaycan və Özbəkistan arasında əlaqələrin tarixi keçmişi bizim əlaqələrimizin bu günü üçün çox böyük və vacib əhəmiyyətə malik bir haldır."
Bunu Oxu.Az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycanı Özbəkistanla bağlayan bir neçə amil var: "Birincisi, etnik birliyimiz, yəni tarixi köklərimizin eyni yerə bağlı olmasıdır. Üstəlik, dini amillər də burada böyük əhəmiyyət daşıyır. Dil birliyi, mədəni əlaqələr - yəni mədəniyyətimizin qədim Türk və İslam mədəniyyətinə bağlı olması da önəmli amillərdəndir".
"Bununla yanaşı, tarixin müxtəlif dönəmlərində həm Özbəkistan, həm də Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün maraq olub. Məsələn, SSRİ dönəmində belə, Azərbaycan və Özbəkistan arasında çox isti münasibətlər formalaşmışdı və SSRİ-nin dağılmasından sonrakı mərhələdə də bu proses davam etdi. Beləliklə, biz bu mərhələni uğurla keçdik. Bu baxımdan düşünürəm ki, bu gün Özbəkistan və Azərbaycan arasında əlaqələr təkcə siyasi və iqtisadi deyil, eyni zamanda tarixi, mədəni və humanitar sahələri də əhatə edir", - deyə ekspert vurğulayıb.
O əlavə edib ki, nəqliyyat, kommunikasiya və qədim İpək Yolunun üzərində yerləşməyimiz də ölkələrimiz arasındakı münasibətlərin əhəmiyyətini daha da artırır: "Bu baxımdan düşünürəm ki, qarşıdakı dönəmdə Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin dərinləşdirilməsi üçün tərəflərin, xüsusilə də dövlət başçılarının ortaya qoyduğu iradə birliyimizin güclənməsinə imkan verəcək və bu, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ciddi bir hadisə kimi dəyərləndirilə, təşkilatın daha da inkişaf etdirilməsinə təkan verə bilər".
Siyasi şərhçi Elmir Səftərov Oxu.Az-a açıqlamasında bildirib ki, son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasındakı münasibətlər dostluq və qonşuluq əlaqələrini aşaraq strateji səviyyəyə yüksəlib: "Dünyanın müxtəlif bölgələrində yaradılan münaqişə ocaqları və baş verən qlobal dəyişikliklər, Azərbaycan və onun Xəzəryanı qonşularını müxtəlif sektorlarda çoxşaxəli əməkdaşlığa vadar edib. Bu, təkcə strateji tərəfdaşlıq deyil, qlobal əhəmiyyətli konkret iqtisadi layihələrlə də dəstəklənərək irəli aparılır. Bu, ölkəmizin xarici siyasətində prioritetdir və hazırkı diplomatik münasibətlər də bunu aydın şəkildə göstərir. Xüsusən də son illərdə türk dövlətləri arasında qarşılıqlı səfərlərin sayı kəskin şəkildə artıb. Bütün bunlar ümumi dəyərlərimizin yeni formada inkişafına və dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasına xidmət edən amillərdəndir".
"Türk dünyasının bir hissəsi olan Azərbaycan, TDT-yə daxil olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə sayəsində türk dövlətləri ilə münasibətlər yeni mərhələyə yüksəlib. Bu ölkələrdən biri olan Özbəkistan, Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın haqlı mövqeyinə hər zaman dəstəyini nümayiş etdirib və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verib. Özbəkistan, Mərkəzi Asiyada yeganə ölkədir ki, BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verib.
Bütün bu münasibətlərin davamı olaraq, Prezident Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmişdi və Özbəkistanın vəsaiti hesabına Füzuli şəhərində böyük məktəb tikiləcəyini bildirmişdi. Ötən il avqustun 23-də iki ölkənin rəhbərləri Füzuli şəhərində yaradılmış Mirzə Uluqbəy adına 1 saylı ümumtəhsil məktəbinin açılış mərasimində iştirak ediblər. Nəticə etibarilə, prezidentlərimiz arasında yaradılmış səmimi və mehriban şəxsi münasibətlər sayəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı bu gün görünməmiş səviyyəyə çatıb" , - deyə icmalçı bildirib.
Ekspert hesab edir ki, Bakı və Daşkənd arasında çoxəsrlik dostluq əlaqələri bu gün demək olar ki, bütün sahələrdə paralel şəkildə inkişaf edir: "Əhəmiyyətli nəqliyyat və logistika marşrutları üzərində yerləşən Azərbaycan və Özbəkistan qarşılıqlı yükdaşımaların həcmini artırır. Bu il mayın 21-də Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda ölkələrimizin iqtisadi potensialı, tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub və bir çox ikitərəfli sənədlər imzalanıb. Ticarət-iqtisadi əməkdaşlıq qarşılıqlı münasibətlərdə mühüm rol oynayır. Nizamnamə kapitalı 500 milyon dollar olan "Azərbaycan-Özbəkistan" investisiya şirkətinin fəaliyyəti iki qardaş ölkədə, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin həyata keçirilməsinə yönəlib. Enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta biznes, səhiyyə, yükdaşıma kimi sahələr də geniş əhatə dairəsi qazanıb. İki ölkədə keçirilən mədəniyyət günləri dost xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Prezident Şavkat Mirziyoyevin Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirakı qarşılıqlı əlaqələrin inkişafına misilsiz töhfə verib. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri, şübhəsiz ki, mövcud əlaqələrin genişləndirilməsi və daha əvvəl imzalanmış sənədlərin icrası baxımından mühüm amil olacaq".
"Azərbaycan-Özbəkistan və digər türk dövlətlərinin yaxınlaşması, əlaqələrini daha da dərinləşdirməsi həm də zamanın tələbidir. Çünki bütün dünyada ayrıcı xətlər müşahidə olunur, tərəflər müəyyənləşdirilir. Eləcə də, bu gün Cənubi Qafqazın üç dövlətinə qarşı fərqli münasibətin göstərilməsi də dediklərimizin sübutudur. Belə olan halda, Azərbaycanın ən ideal əməkdaşlıq yolu, tarixi, milli və dini bağlılığımız olan Türk dünyası ilə daha da yaxınlaşmaqdan keçir. Bu da hər iki tərəf üçün regional və qlobal təhlükəsizlik elementlərini ehtiva edir. Bu cür münasibətlər həmçinin Türk Dövlətləri Təşkilatını və ona üzv olan dövlətləri də gücləndirir. Böyük coğrafiyanı əhatə edən türk dövlətlərinin hərbi gücü, iqtisadiyyatı, təbii sərvətləri, logistik yolları və ən əsası xalqlarımızın eyni soykökə malik olması əməkdaşlığı daha da güvənli hala gətirir və güclü birliyin formalaşmasına səmimi zəmin yaradır. Azərbaycanla Özbəkistan arasında imzalanmış müttəfiqlik sənədi və birgə müştərək səylər Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli faktora və güc mərkəzinə çevirir, TDT-yə digər üzv dövlətləri də bu baxımdan daha da yaxınlaşdırır. Azərbaycanın TDT çərçivəsində, həmçinin Özbəkistanla davam edən bu yüksəksəviyyəli münasibətlərdə iştirakı, regionda güc balansının qorunması istiqamətində də mühüm nəticələr verəcək" , - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib