Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yaponiya və Cənubi Koreyanın Ermənistanı silahlandırması məsələsinə səfirliklərdən ÖZƏL AÇIQLAMA
Sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib. Bundan əvvəl, sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib.
Rəsmi məlumata görə, səfər çərçivəsində sentyabrın 9-da Papikyan "Hərbi sahədə məsul süni intellekt" sammitinin açılış mərasimində iştirak edib. Sammitin məqsədi hərbi texnologiyalarda və döyüş əməliyyatlarında süni intellektin istifadəsinə nəzarət üçün beynəlxalq mexanizmlərin işə salınmasıdır.
Caliber.Az-a mötəbər mənbələrdən daxil olan məlumata görə, Papikyanın Cənubi Koreyaya səfərinin əsl məqsədi bu ölkənin silahlarının Ermənistana tədarükü ilə bağlıdır. Hətta bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, Ermənistanın göz dikdiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti hazırda gündoğan ölkədədir.
Oxu.Az məlumatı dəqiqləşdirmək üçün hər iki ölkənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən sorğumuza cavab olaraq bildirilib ki, məlumatdan xəbərdardırlar: "Hazırda bu istiqamətdə araşdırılma aparılır. Səfir də bu barədə məlumatlandırılıb. Hər hansı cavab olarsa, məlumat veriləcək".
Koreya Respublikasının Azərbaycandakı səfirliyi də Oxu.Az-ın sorğusuna cavab verib. Bu ölkənin səfirliyindən də bildirilib ki, məsələdən məlumatlıdırlar: "Sözügedən xəbərlə bağlı araşdırma aparılır. Xarici İşlər Nazirliyi bununla bağlı özü rəsmi açıqlama yayacaq".
Mərahim Nəsib