Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB + FOTO
Dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
İclası açan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar il kimi düşdüyünü bildirib. Onun sözlərinə görə, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub.
YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib: “Ulu Öndərimizin dahiyanə söylədiyi bir fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Prezident İlham Əliyev bu gün məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Düşünürəm ki, bu Zəfər yürüşünün davamı qarşıdan gələn seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır”.
Daha sonra Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
- 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi;
- 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;
- Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi;
- Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi.
Gündəlik yekdilliklə təsdiq edildikdən sonra “2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi” məsələsi müzakirəyə çıxarılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, seçkilər zamanı namizədlərin irəli sürülməsi məsələsi Seçki Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 54.1 maddəsində qeyd edilir ki, namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz Nizamnaməsinə uyğun olaraq qəbul edir: “Nəzərinizə çatdırım ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında partiyamızın yeni Nizamnaməsi qəbul edilib. Yeni Nizamnaməyə əsasən Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada seçkilərdə namizədlərin irəli sürülməsi İdarə Heyətinin səlahiyyətinə aid edilib”.
Sonra çıxış edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən obyektiv reallıqlar mövcuddur. Onun sözlərinə görə, 30 il ərzində torpaqlarımızın işğal altında olması, Qarabağ münaqişəsinin mövcudluğu Azərbaycanın reallığı idi: “Həmin dövrdə bütün seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən xalqın başlıca istəyi Qarabağ münaqişəsinin ədalətli surətdə həll olunması və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından ibarət idi. Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqlarının azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi, xüsusilə də cari ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlər nəticəsində problemin bütövlükdə ədalətli şəkildə həll olunması Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirdi. İndi Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh və əməkdaşlıq məsələləri ilə təyin olunur. Müvafiq olaraq Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi şəkildə dəyişmiş olur. Sülh və əməkdaşlıq məsələlərinin həll olunması, o cümlədən işğaldan azad olunmuş Azərbaycan torpaqlarının bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi vəzifələri müəyyənləşdirilib. Beləliklə, Azərbaycanda yeni reallıq meydana gəlib və bu, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını müəyyən edib. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, bütövlükdə Azərbaycan xalqı, o cümlədən dünya ictimaiyyəti ölkəmizdə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar qərarın yeni reallıqlardan irəli gələn qaçılmaz zərurət olduğunu aydın şəkildə dərk edir və bu cür də qiymətləndirir. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin irəli sürülməsi məsələsinə gəldikdə isə, mən ilk olaraq böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında yekdil qərar qəbul edilməlidir və qəbul ediləcək. Bu gün qəbul edəcəyimiz qərar təkcə Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində namizədinin irəli sürülməsi yox, bütün Azərbaycan xalqının iradəsinin ifadəsi olacaq. Bu mənada hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tarixi qərar qəbul etmək kimi şərəfli bir missiyanı uğurla həyata keçirəcək”.
YAP Sədrinin müavini söyləyib ki, növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi onun əzəmətli xidmətlərindən irəli gələn mənəvi və halal haqqıdır: “Eyni zamanda, hesab edirəm ki, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi 2020-ci ilin möhtəşəm Qələbəsindən sonra bütün Azərbaycan xalqının ona dərin hörmət, etibar və etimadının ən yüksək təzahürü kimi dərk edilməli və qiymətləndirilməlidir. Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinin, qüdrətlənməsinin, onun bütün dünyada şöhrətinin artmasının və qalib Azərbaycanın müəllifidir. Bu mənada, Prezidentin 20 illik fəaliyyətinin hər ayı, hər ili Azərbaycanın tarixində dərin iz buraxmış nailiyyətlər, qələbələr, uğurlarla zəngindir. Azərbaycanın iqtisadiyyatının qısa bir zaman ərzində 4 dəfə artması bütün dünyada ən uğurlu gənc dövlət statusu qazanmasının əsasını təşkil edir. Eyni sözləri Azərbaycanda sosial inkişafla əlaqədar bildirmək mümkündür”.
“Sosial inkişaf Azərbaycanın simasının köklü surətdə dəyişməsi və modernləşməsi üçün əsas olub”, - deyən Əli Əhmədov əlavə edib ki, Azərbaycanın beynəlxalq aləmdə hörmətinin və nüfuzunun artması da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən biridir. Bunun bariz ifadəsi kimi bir neçə gün bundan əvvəl qlobal gündəliyin aktual problemlərindən olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsini nümunə göstərmək olar.
Əli Əhmədov söyləyib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin möhtəşəm nəticələrinin zirvəsində 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər dayanır. Bütün bunların hamısı Azərbaycanın xalqının qəlbində İlham Əliyevlə əlaqədar bir vəfa borcu hissi formalaşdırıb. “Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının ona bəslədiyi böyük ümidlərlə əlaqədardır. Prezident İlham Əliyev 20 illik fəaliyyəti nəticəsində Azərbaycan xalqının istək və arzularına uyğun şəkildə ölkəyə rəhbərlik etmək imkanlarına malik olan tarixi şəxsiyyət olduğunu sübut edib. Bu hisslər və duyğular əsasında cənab İlham Əliyevin növbəti illər ərzində Azərbaycana rəhbərliyindən vətəndaşlarımız yenə də böyük gözləntilər ifadə edirlər. Bu gözləntilərin ifadə olunması çox ciddi səbəblərə söykənir. Bu mənada hesab edirəm ki, Azərbaycan vətəndaşları qarşıdan gələn növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevə qəlblərində bəslədikləri vəfa borcunun ifadə olunması üçün gözəl bir fürsət kimi baxırlar. Mən böyük şərəf və məmnuniyyətlə növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini irəli sürür, onun namizədliyinin irəli sürülməsinin ölkəmiz və xalqımız üçün uğurlu, faydalı olduğuna əminlik ifadə edirəm”.
Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası öz siyasi tərcümeyi-halının ən şərəfli günlərini yaşamaqdadır: “Çünki biz Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi yeni reallıqda Yeni Azərbaycan Partiyası Sədrinin prezidentliyə namizədliyini irəli sürürük. Bu, təkcə Yeni Azərbaycan Partiyasının siyasi tərcümeyi-halında mühüm bir səhifə deyil, bütövlükdə Azərbaycan xalqının və dövlətçiliyinin mühüm bir səhifəsidir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində 1923-cü ildə yaradılmış “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan üçün böyük təhdid olduğunu bildirmişdi. Yüz ildən sonra Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev bu problemi tarixin arxivinə gömdü. Ona görə də hər birimiz üçün böyük qürur və şərəfdir ki, Azərbaycan dövlətçiliyi tarixinə, hətta Türk dövlətləri tarixinə öz imzasını atmış, möhür vurmuş bir siyasi liderin namizədliyini irəli sürəcəyik. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qəbul edəcəyi qərar ümumxalq partiyası kimi bütövlükdə Azərbaycan xalqının iradəsinin təcəssümüdür”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu çıxışında bildirib ki, 2023-cü il Azərbaycan xalqının tarixi yaddaşında daim qalacaq çox mühüm hadisələrlə zəngindir: “Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə suverenliyin təmin olunduğu bir şəraitdə Azərbaycan vətəndaşları öz seçki hüquqlarından istifadə edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza vermiş olduğu çoxsaylı töhfələrdən biri də məhz bundan ibarətdir”.
Onun sözlərinə görə, İlham Əliyevin təkcə Azərbaycan dövləti və xalqı qarşısında deyil, bütün dünya qarşısında çox böyük xidmətləri var: “Buna görə də yenə də heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərik ki, cənab İlham Əliyev təkcə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə deyil, bütün dünyaya gərəkdir. Çünki onun təşəbbüsləri, həqiqətən də, qlobal təhlükəsizliyin bir çox istiqamətlərdə təmin olunmasında təsirli rol oynayıb. Bu kontekstdə bir məqamı ayrıca vurğulamaq lazımdır ki, BMT-nin mövcudluğu tarixində Baş Assembleyanın xüsusi toplantısı dördüncü dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib, bu da bəşəriyyəti narahat edən çox ciddi problemin müzakirəsinə həsr olunmuşdu. Təbii ki, cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, Cənubi Qafqaz regionunda, beynəlxalq müstəvidə vermiş olduğu töhfələri sadalamaqla sonlandırmaq mümkün deyil. Bu baxımdan hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tarixi bir qərar verir”.
Çıxış edən YAP İdarə Heyətinin üzvü Elnarə Akimova bildirib ki, taleyimizdə xüsusi rolu olan müstəqillik dönəminin son 20 ilində Prezident İlham Əliyevin misilsiz xidmətlərinin olduğu danılmaz bir faktdır. “Cənab İlham Əliyev liderlik statusuna və fəaliyyətinə yeni anlamlar qazandıran bir şəxsiyyətdir. Təbii ki, o, Azərbaycanın dünya arenasında tanıdılması üçün misilsiz xidmətlər göstərib. Düşünürəm ki, Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri bütün fəaliyyəti ərzində milli məfkurəyə yönəlik siyasət yürütməsi, azərbaycançılıq ideologiyasını uca tutması, milli məfkurənin bütün dəyərlərini, bütün çalarlarını qorumasıdır. Prezidentimiz Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etmişdi. Bu il isə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu. Gələn il üçün “İslam dünyasını mədəniyyət paytaxtı” elan olunub. Heç şübhəsiz ki, növbəti illərin birində Şuşa həm də dünyanın mədəniyyət paytaxtına çevrilə bilər. Çünki Prezident İlham Əliyev Şuşanı həm də bütün dünyaya qazandırdı, bu şəhərin mədəniyyət beşiyi, onun nə qədər böyük sivilizasiya mənbəyi olduğunu sübut etdi”, - deyə E.Akimova vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyev təkcə 30 illik deyil, 200 illik tarixi taleyimizdə bütöv Azərbaycan anlayışını yenidən özümüz qaytardı: “Qarşıda da bir sıra məsələlər var ki, onların da həlli məhz cənab İlham Əliyevdən asılıdır. Buna görə yenə də onun liderliyinə ehtiyacımız var”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi: “Gənclər son 30 il ərzində daim bu fikirlə böyüyürdü və bilirdi ki, Qarabağ təkcə torpaq məsələsi deyil, Qarabağ həm də namus, qeyrət məsələsidir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və bötüvləşməsi xalqımızın şərəfini özünə qaytardı. Azərbaycan xalqının başını uca edən cənab İlham Əliyev oldu”.
K.Cəfərov deyib ki, məhz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində Azərbaycanın bütövləşməsi də təsadüfi deyil: “Çünki istər sovet Azərbaycanı dönəmi, istər müstəqillik zamanı, istərsə də indiki tarix onu göstərir ki, Azərbaycanın rifahı həmişə Heydər Əliyev irsi ilə bağlı olub. Bu gün də əminik ki, Azərbaycan məhz Heydər Əliyev irsi ilə yeni Azərbaycandan qüdrətli Azərbaycana əmin addımlarla irəliləyəcək”.
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bütün mənalarda Azərbaycan xalqının maraqlarına əsaslanıb: “Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməl üzərində Prezident İlham Əliyevin 20 illik uğurlu fəaliyyəti güclü, müstəqil, öz qətiyyəti və mövqeyi ilə dünyada seçilən bir ölkə quruculuğuna həsr edilib. Cənab İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin maraqlarını əsas götürərək dünyada gedən proseslərə təsir göstərmək, beynəlxalq təşkilatları məhz insan amilinə xidmət etməyə yönəltmək kimi məzmunlu siyasət həyata keçirən bir şəxsiyyət kimi dünyada tanınmaqdadır. Ona görə düşünürəm ki, bugünkü qərarımız həm də regionda sülh və əmin-amanlığa, təhlükəsizliyə, yeni nizamın insanların maraqlarına uyğun qurulmasına xidmət edəcək bir addım kimi dəyərləndirilməlidir. Bu qərar Azərbaycan xalqının ürəyincədir, onun hər bir nəfərinin marağında olan məsələdir. Yanaşma bundan ibarətdir ki, biz növbəti dönəm üçün də Azərbaycan, region və dünyadakı nizamın hər bir insan üçün faydalı olmasına xidmət edəcək fəaliyyət ortaya qoyan şəxsiyyəti Prezident seçməliyik. Bu, Azərbaycanın gələcək inkişafına, növbəti illərdə də ölkəmizə və xalqımıza xidmət edəcək siyasəti dəstəkləmək deməkdir. Bu qərarımızla xalqın ümumi mövqeyini bir daha ifadə edəcəyik”.
YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub və Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə ölkəmizi çox böyük irəliləyişə aparıb. İstər iqtisadi, siyasi müstəvidə, istərsə də beynəlxalq miqyasda Azərbaycan çox böyük nailiyyətlərə imza atıb. Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın dünya miqyasında bir çox məsələlərdə söz sahibinə çevrilməsi, o cümlədən Qoşulmama Hərəkatında Prezidentimizin rəhbərliyi ilə dünyanı düşündürən bir çox problemlərin BMT səviyyəsində gündəmə gətirilməsi İlham Əliyevin tarixi xidmətləridir: “Bu tarixi xidmətlər, uğurlu missiya davam etməlidir və cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri kimi növbəti mərhələdə prezidentliyə namizəd olaraq irəli sürülməsi tarixi zərurətdir. Onun xalq tərəfindən dəstəklənməsi və qələbə qazanması isə aksiomadır. Əminəm ki, Prezident İlham Əliyev tarixi missiyasını yeni uğurlarla, yeni zirvələr fəth etməklə davam etdirəcək. Biz yeni zirvələrin fəthi istiqamətində Prezidentimizin yenidən namizədliyinin irəli sürülməsinə birmənalı şəkildə dəstək verəcəyik”.
M.Qurbanlı qeyd edib ki, Yeni Azərbaycan Partiyası və onun üzvləri Azərbaycan cəmiyyətinin bütün təbəqələrini özündə birləşdirir: “Əminəm ki, yalnız ölkə vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının gözü bu gün Vətəndədir. Çünki Azərbaycan onlar üçün istinad nöqtəsidir, bir mayakdır və Prezident İlham Əliyev də dünya azərbaycanlılarının lideridir. Ona görə də dövlət başçısı İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi, qeyd edildiyi kimi, tarixi zərurətdir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xalqımızın qürurlu, şərəfli və möhtəşəm tarixi anlar yaşadığını bildirib: “Ölkəmizin qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürür. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini böyük inamla həyata keçirərək ölkəmizi rəhbərlik etdiyi 20 il ərzində başqa dövlətlərin yüz illərlə keçmədiyi bir uğurlu yolla aparan, Azərbaycanın tarixi qələbəsini təmin edən, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezident İlham Əliyev xalqımıza şərəfli anlar, möhtəşəm günlər yaşatdı, xalqın mübarizə və qəhrəmanlıq ruhunu yenidən dirçəltdi və özünə qaytardı”.
M.Quliyev deyib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafı olduqca böyük sürətlə davam edib. Bu illər ərzində dövlətimizin sosialyönümlü xərclərinin büdcəsi 20 dəfə, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 16 dəfə, orta aylıq pensiya 14 dəfə artıb. “Müqayisə etsək, görərik ki, dünyada elə bir dövlət yoxdur ki, bu qədər böyük sosialyönümlü siyasət aparsın, belə uğurlar əldə etsin. Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı, onun rifahı dayanır. Bu gün xalqımızın bütün zümrələrindən olan nümayəndələri dövlət başçısına inanır, ona güvənir”,- deyən YAP İdarə Heyətinin üzvü əlavə edib ki, qarşıda böyük perspektivlər var, Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsi əsas vəzifələrdəndir. Heç şübhəsiz ki, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələrə hazırdır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclası mahiyyət etibarilə tarixi əhəmiyyət daşıyır: “Çünki İdarə Heyətinin iclasında YAP-ın prezidentliyə irəli sürdüyü namizəd “Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinə hər zaman sadiq qalan, sözü imzası qədər keçərli olan, nəyi nə zaman və necə etməyi bilən bir liderdir. O, elə bir liderdir ki, Azərbaycana neçə yüzilliklərdən sonra tarixinin ən güclü dövrünü yaşatdı. Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi həm də Heydər Əliyev siyasətinin dəstəklənməsidir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, hər bir dövlətin gücü həm də onun iqtisadiyyatı ilə ölçülür. Azərbaycanın iqtisadiyyatı son 20 il ərzində möhtəşəm bir yol keçib. “Məhz Azərbaycanın iqtisadi gücünün mütəmadi artması torpaqlarımızın işğaldan azad edilməsinə, iqtisadi gücümüzün milli maraqlara xidmət etməsinə gətirib çıxardı. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Bizim büdcə xərclərimiz təxminən 30 dəfə böyüyüb. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları Azərbaycanı borcdan ən az asılı olan bir dövlətə çevirib ki, bütün bunların səbəbi Prezident İlham Əliyevin iqtisadi sahədə tətbiq etdiyi yeniliklərdir. Hər bir xalq istəyər ki, onun rəhbəri qətiyyətli, ədalətli, humanist olsun və milli maraqları müdafiə etsin. Cənab İlham Əliyev belə bir liderdir. O, ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının bütün maraqlarını təmin etmək üçün bir addım belə geri çəkilmədi. O, Azərbaycan xalqının başını dik tutdu”, - deyən T.Mirkişili əlavə edib: “Bütün bu reallıqları nəzərə alsaq, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının istəyidir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyev ötən dövr ərzində fəaliyyəti ilə nəinki Azərbaycanda, həm də dünya miqyasında uğurlu siyasətçi obrazını yarada bilib. Onun fikrincə, Prezident İlham Əliyev uğurlu fəaliyyəti ilə, eyni zamanda, Azərbaycanın gələcək obrazını yarada bilib: “O nəinki Azərbaycanın gələcək obrazını yaratdı, eyni zamanda, regionun gələcəyi ilə bağlı özülləri qoydu. Qarabağ probleminin həll olunması ilə Azərbaycanın və Cənubi Qafqazın regionda, dünyada yeri və rolu önə çıxdı. Məhz budur qlobal lider, qlobal siyasətçi, gələcəyə yön verən və Azərbaycanın yerini müəyyən edən lider”.
Ş.İsmayılov söyləyib ki, İlham Əliyevin növbəti dönəmdə Prezident seçilməsi nəinki Azərbaycan üçün, o cümlədən beynəlxalq miqyasda da bir siyasi arzu və ümiddir: “Çünki Prezident İlham Əliyev beynəlxalq miqyasda özünəməxsus yeri və rolu olan bir liderdir. Mən də siyasi həmfikirlərimin mövqeyini dəstəkləyərək cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirəm”.
YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Heydər Əliyev yoluna sədaqət nümunəsidir: “Cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra növbəti prezidentlik fəaliyyətində daha möhtəşəm bir missiyanı həyata keçirəcəyinə inanırıq. Bu, Cənubi Qafqazda əbədi sülhün bərqərar olunmasıdır. Cənubi Qafqazda əbədi sülhü yalnız və yalnız cənab Prezident bərqərar edə bilər. İkinci ən böyük missiya Türk dünyasını birləşdirməkdir, onu da cənab İlham Əliyev edəcək. Ona görə də bu böyük missiyaların həyata keçirilməsi üçün cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi tarixi zərurətdir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev 20 il ərzində Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətləri ilə ölkəmizin, bəlkə də, bir əsrlik inkişafını təmin edib: “Bu gün Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib. Ölkəmizin Qoşulmama Hərəkatı kimi BMT-dən sonra ən böyük beynəlxalq təsisata rəhbərlik etməsi, Azərbaycanın haqq işinin, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi, təkcə erməni faşizminə deyil, onun arxasında duran qüvvələrə də qalib gəlməsi tarixi uğurlardır. Dünyada ikili standartlar mövcuddur və Azərbaycana qarşı müəyyən dairələr bunu tətbiq edirlər. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, dəmir iradəsi qarşısında onlar heç nəyə nail ola bilmədilər. Bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Dövlət başçımızın da qeyd etdiyi kimi, çoxəsrlik tarixində Azərbaycan heç vaxt bu qədər güclü olmayıb. 20 il ərzində xalqımız hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib. Bu reallıq dəyişməzdir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlardan bəhs edib. Onun sözlərinə görə, ötən dövrdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük nailiyyətlər qazanılıb. R.Əliyev deyib ki, İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafında yeni bir mərhələ başlandı: “Görülən işlər nəticəsində bu sahənin inkişafına nail olmaqla yanaşı, ölkəmiz mötəbər beynəlxalq idman tədbirlərinə də müvəffəqiyyətlə ev sahibliyi edir. Azərbaycanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər beynəlxalq idman yarışları keçirilib”.
“Azərbaycan dünyada nüfuzlu dövlətə çevrilib. Biz inanırıq ki, Prezident İlham Əliyev növbəti mərhələdə də möhtəşəm uğurlara imza atacaq”, - deyə R.Əliyev bildirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov çıxışında 2023-cü ilin Azərbaycan üçün böyük uğurlarla yadda qaldığını deyib: “Dövlət suverenliyinin tam təmin olunması, beynəlxalq müstəvidə mövqelərimizin daha da möhkəmlənməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı möhtəşəm uğurların nümunəsidir. Təbii ki, bu uğurlara Ulu Öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirərək Azərbaycan dövlətinə, xalqına liderlik edən Prezident İlham Əliyevin sayəsində nail olmuşuq. Ölkəmizin gələcək uğurları da cənab İlham Əliyevin adı ilə bağlıdır. Ona görə də partiyamızın Sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsindən qürur duyuruq”.
YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə Prezident İlham Əliyevin uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu bildirib. A.Rəhimzadə dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən regional və qlobal layihələrin önəmindən bəhs edib.
O, Prezident İlham Əliyevin enerji siyasətinin əhəmiyyətindən də danışıb: “Məlumdur ki, Azərbaycan neft-qaz ölkəsidir. Bununla belə, cənab İlham Əliyev ölkəmizin “yaşıl enerji”yə keçidini elan edib. Bu istiqamətdə böyük layihələr həyata keçirilir. Düşünürəm ki, Prezidentimizin gələcək üçün də çox böyük layihələri var. Bu layihələri həyata keçirməkdən ötrü cənab İlham Əliyevin növbəti dövrdə də ölkəmizə rəhbərlik etməsi lazımdır”.
Müzakirələrə yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İdarə Heyətinin üzvlərinin yekdil fikirdə olduğunu bildirib. “Bu müzakirələr bir daha göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Cənab İlham Əliyevin siyasəti Azərbaycanı daha parlaq gələcəyə aparır, ölkəmizin daha güclü dövlət kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinə zəmin yaradır. Prezident İlham Əliyev davamlı inkişafa yönəlmiş siyasəti ilə ölkəmizə bundan sonra da böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Müzakirələrin sonunda Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunub.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Daha sonra iclasın gündəliyində olan digər məsələlər müzakirə olunub. İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.
Sonra Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi məsələsinə baxılıb. YAP Sədrinin müavini-Mərkəzi Apartın rəhbəri Tahir Yaqub oğlu Budaqov və YAP Sədrinin müavini Əli Cavad oğlu Əhmədov Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Safalan oğlu Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.
İclasda Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi məsələsi də müzakirə olunub. Müzakirələrdən sonra 21 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
YAP Mərkəzi Seçki Qərargahının üzvləri aşağıdakı tərkibdə təsdiq edilib:
1. Budaqov Tahir Yaqub oğlu - YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri
2. Əhmədov Əli Cavad oğlu - YAP Sədrinin müavini
3. Rəhimzadə Arif Qafar oğlu - YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü
4. Qurbanlı Mübariz Qəhrəman oğlu - YAP İdarə Heyətinin üzvü
5. Muradova Bahar Əvəz qızı - YAP İdarə Heyətinin üzvü
6. Hüseynova Sevinc Əmirəhməd qızı - YAP Təftiş Komissiyasının sədri
7. İslamov Bəxtiyar Qabil oğlu - YAP Gənclər Birliyinin sədri
8. Tağıyev Əhliman Safalan oğlu - YAP Mərkəzi Aparat rəhbərinin müavini
9. Novruzov Siyavuş Dünyamalı oğlu - Milli Məclisin deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri
10. Qələndərov Nurlan Vəli oğlu - YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
11. Hüseynov Nazim Meyxoş oğlu - YAP Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri
12. Bədəlova Ramilə Alxan qızı - YAP Mərkəzi Aparatının Sənədlərlə iş və statistika şöbəsinin müdiri
13. İmaməliyev Asif Ağalar oğlu - YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini
14. Gülməmmədov Rəfael Şirməmməd oğlu - YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdirinin müavini
15. Musayeva Zəkiyyə Balağa qızı - YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdirinin müavini
16. Məmmədli Hülya Gündüz qızı - YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdirinin müavini
17. Məhərrəmov Məhəmməd Yusif oğlu - YAP Həmkarlar İttifaqı Komitəsinin sədri
18. Musayev Alqış Həsən oğlu - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
19. Quliyev Bəhruz Vaqif oğlu - “Səs” qəzetinin baş redaktoru
20. Rəhimzadə Vüqar Gəncəli oğlu - YAP Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru
21. Vəlibəyov Ramil Vaqif oğlu - YAP Nizami rayon təşkilatının sədri.
İclasa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edib, bu şərəfli və məsuliyyətli işdə partiya üzvlərinə uğurlar arzulayıb.
11:15
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Oxu.Az-ın məlumatına əsasən, iclasda YAP-ın növbədənkənar prezident seçkisində namizədi müəyyən edilib.
YAP İdarə Heyəti qərara alıb ki, Prezident İlham Əliyev YAP-ın seçkidəki namizədi olsun.
09:56
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
Oxu.Az bildirir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək iclas saat 10:00-da başlayacaq.
Qeyd edək ki, iclasda YAP-ın prezidentliyə namizədi müəyyən ediləcək.
Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Aqşin Kərimov
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Azərbaycan ətraf mühitin qorunmasına dair zəruri qanunvericilik bazası hazırlayıb"
- Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"
- Bahar Muradova: "COP29 Azərbaycanın dünyanın problemlərinə ciddi yanaşmasının bariz nümunəsidir"
- Bahar Muradovadan məişət zorakılığı ilə bağlı AÇIQLAMA
- YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar