Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyə üçün əsrin faciəsi, Azərbaycanın qardaş həmrəyliyi - ŞƏRH + FOTO
2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş 7,6 maqnitudalı zəlzələ qardaş ölkənin növbəti sınağı oldu. Dəhşətli təbii fəlakət nəticəsində 50 mindən çox insan həlak oldu. Bu fəlakət Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi.
Zəlzələnin ilk günündən Azərbaycan qardaş ölkənin yanında oldu, ona hərtərəfli dəstək və yardım göstərdi. Prezident İlham Əliyev fevralın 6-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi. Dövlət başçısı başsağlığı məktubunda bildirdi ki, Azərbaycan Türkiyəyə hər cür dəstək göstərməyə hazırdır. Fevralın 8-də Prezident Türkiyənin ölkəmizdəki səfirliyində oldu, zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi.
Dövlət başçısı bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.
Azərbaycan ilk gündən axtarış-xilasetmə məqsədilə Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərdi. Həmin xilasedicilər Kahramanmaraşda və zəlzələdən ziyan görmüş, dağıntılara məruz qalmış ətraf ərazilərdə böyük şücaət, fədakarlıq göstərdilər. Onlar dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxardılar.
Həmin günlərdə Türkiyənin əksər kütləvi informasiya vasitələri Azərbaycan xilasedicilərinin fəaliyyətini geniş işıqlandırmışdı. Azərbaycan bəyan etdi ki, son ana qədər Türkiyə xalqına yardıma davam edəcək.
Azərbaycanlı heyətdən 114 nəfər daha sonra Hatay şəhərinə getdi, aralarında həkim və mühəndislərin də olduğu qrup Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas etdi.
Fasiləsiz rejimdə, üçnövbəli şəkildə aparılan axtarış-xilasetmə işlərində üç avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları, istilik kameraları və xüsusi təlim keçmiş səkkiz axtarış-xilasetmə itindən istifadə olunub.
Azərbaycan komandası, həmçinin, Kahramanmaraşda iki səhra xəstəxanası yaradıb. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərər çəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərər çəkən uşaqlara qulluq ediblər.
Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.
Kahramanmaraşda səhra mətbəxi yaradan Azərbaycan heyəti hər gün 1 000 nəfər üçün yemək hazırlayıb və zəlzələdən zərər çəkənlərə xidmət göstərib. Əlavə 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərilib.
Axtarış-xilasetmə işlərinin tamamlanmasının ardından qrupun bir hissəsi Türkiyəni tərk edib, amma aralarında həkimlərin də olduğu 310 nəfər Kahramanmaraşda tibbi yardım işlərini həyata keçirməkdə davam edib.
Zəlzələ bölgəsini ən son tərk edənlər də azərbaycanlı xilasedicilər olublar. Türkiyənin ovaxtkı xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu da Malatyada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, zəlzələ bölgəsini sonuncu tərk edənlər azərbaycanlı xilasedicilər olublar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb. Dəstəyə görə Azərbaycana təşəkkür edib.
“Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı”, - R.T.Ərdoğan bildirib.
Qardaş ölkənin lideri aprelin 25-də Azərbaycan FHN-in xilasedici giziri Elvin İsgəndərovu, Müdafiə Nazirliyi Tibb Xidmətinin polkovniki Niyamədin Ağamalıyevi və zəlzələdən sonra Türkiyəyə gedən gənc könüllülərdən Ayxan Allahverdiyevi “Yüksək Fədakarlıq Ordeni və Medalı” ilə təltif etdi. Bu, rəsmi Ankaranın qardaş dəstəyini qiymətləndirməsinin təzahürü idi.
“Əsrin fəlakəti” adlandırılan zəlzələnin təsirlərinin aradan qaldırılması məqsədilə Türkiyəyə yardım göndərən ilk ölkələrdən biri də məhz Azərbaycan oldu.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, təkcə fevralın 21-nə qədər qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.
Ümumiyyətlə, zəlzələnin təsirlərinin ən qısa müddətdə aradan qaldırılması ən yüksək səviyyədə Azərbaycan hakimiyyətinin diqqətində idi. Prezident İlham Əliyev prosesə şəxsən nəzarət edirdi. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 28-də Azərbaycan Aqrobiznes Forumunda çıxışı zamanı bildirmişdi ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük dəstək göstəriblər.
Bundan başqa, Azərbaycanın Kahramanmaraşda 100 milyon dollarlıq tikinti işləri aparmağa başladı.
“Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalandı. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzaladılar. R.T.Ərdoğan isə noyabrın 11-də sazişi təsdiqlədi.
Onu da deyək ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən, məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1 323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan tərəfindən icra olunacaq. Hökumətin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, Baş Plan üzrə 11 və 12-ci məhəllələrin tikintisinə başlanılıb.
20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və üç sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:
- xüsusi alətlər və tədris materiallarından ibarət bir emalatxana;
- musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət bir musiqi otağı;
- rəsm və əmək dərslərinin keçirilməsi üçün iki emalatxana;
- texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün bir emalatxana;
- bir kitabxana;
- bir idman zalı.
Yuxarıda da qeyd edildiyi kimi, “Azərbaycan” məhəlləsinin Baş Planı üzrə 11 və 12-ci məhəllələrin tikintisinə başlanılıb. İki məhəllədə ümumilikdə 16 yaşayış binası yerləşəcək. Binalar dördmərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq.
Onu da deyək ki, Türkiyəyə dəstək təkcə hökumət və dövlət səviyyəsində deyil, xalq səviyyəsində də özünü göstərdi. Sadə insanlar Türkiyəyə yardım göstərmək üçün səfərbər oldular. Kimi pul göndərdi, kimi də pal-paltar, yorğan-döşək. Özünün köhnə, sovet istehsallı avtomobili ilə zəlzələdən zərər çəkənlərə yardım daşıyan Sərvər Bəşirli öz hərəkəti ilə tək Azərbaycanda deyil, qardaş ölkədə də məşhur oldu. Türkiyədə çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyası qardaş ölkə KİV-ində geniş işıqlandırıldı. Əksər media vasitələri - “Haber Global”, “Milliyet”, “Yeni Şafak” kimi nüfuzlu sayt və nəşrlər Azərbaycanın dəstəyi ilə bağlı materialları manşetə çıxardılar.
Zəlzələnin bütün mənfi təsirlərinə, çətinliklərə baxmayaraq, Türkiyə bu problemin də öhdəsindən gəldi. Eynilə Qarabağda olduğu kimi, Kahramanmaraşda da yenidənqurma işləri başlandı. Azərbaycan yenidənqurma işlərində də fəal iştirak etdi və proses bu gün də davam etdirilir. Kahramanmaraşla yanaşı, Hatay və Adıyamanda da konteyner şəhərcikləri salındı. Kahramanmaraşda “Azərbaycan” məhəlləsi inşa edilir.
Beləliklə, iki qardaş olan Bakı və Ankara bu sınaqdan da alnıaçıq, üzüağ və həm də daha güclü çıxdılar. Azərbaycanın Türkiyəyə verdiyi dəstək növbəti mərhələdə türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə də töhfə verdi.
Nəticə etibarı ilə Azərbaycan və Türkiyə növbəti dəfə həmrəylik nümunəsi ortaya qoydular.
“Report” İnformasiya Agentliyi
"Cahit Bağçı" teqi üzrə xəbərlər
- Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri COP29-da iştirak edəcək
- Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
- Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
- Cahit Bağçı: "Parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir"
- Cahit Bağçı Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edib