Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türk dövlətlərinin birlik nümayişi: Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir
Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. TDT-nin ali sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
TDT-də Azərbaycan-Türkiyə gücü
Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir və bu iki strateji müttəfiq Rusiya, Çin və Qərb arasındakı çəkişmə fonunda təşkilatın qələbəsini ərsəyə gətirir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi Mərkəzi Asiya regionunu əhatə edən dövlətlər isə tamhüquqlu üzv kimi Bakı ilə Ankaranın strateji müttəfiqliyinin formalaşdırdığı regional nizama uyğunlaşma rejimindədirlər. Bütün bunlar həm TDT-yə üzv dövlətləri, həm də müşahidəçi statusunda olan ölkələri ikitərəfli, çoxtərəfli qaydada qarşılıqlı məsuliyyət əsasında maraqlı tərəflərə çevirir. Bununla yanaşı, TDT təkcə iqtisadi-siyasi resursların cəmləşdiyi məkanın da fövqündə bir status qazanır. Qlobal nüfuz dairələrinin format olunduğu bir dövrdə TDT iqtisadi portfellə yanaşı, siyasi-ideoloji həmrəylik, vahid milli birlik, ortaq hərbi qüdrətin yaradılması yönündə geostrateji təşkilata çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Bişkekdəki görüşündə Bakı ilə Ankaranın strateji müttəfiqliyinin TDT-də daha da irəliyə aparılması istiqamətində müzakirələrin getdiyini deyə bilərik.
Azərbaycanla Türkiyənin müştərək maraqlarını önə çəkərək TDT-nin ürəyinə yerləşdirməsi bütün region və beynəlxalq geosiyasi səhnə üçün əhəmiyyətli uğurlar gətirir. Beləliklə, TDT regional çərçivələri də keçərək qlobal kredo hazırlayır və Rusiya, Qərb və Çin qarşıdurması fonunda alternativ əməkdaşlıq platformasına xitab edir. İndi həm Pekin, həm Moskva, həm də Avroatlantik region xitab edilən platformada öz vitrinlərini qurmaqda maraqlıdırlar.
İlham Əliyevin dərin strateji düşüncəsi
TDT-nin formalaşmasında və özünü geosiyasi nizama yerləşdirməsində Azərbaycan lideri İlham Əliyevin strategiyası və iti zəkası böyük rol oynayıb. Bişkekdə İlham Əliyevə "Çingiz Aytmatov" ordeni təqdim edilməsi onun şəxsiyyətinə və strateji zəkasına verilən qiymət kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, İlham Əliyev hələ Qarabağ münaqişəsi zamanında Cənubi Qafqaz regionunda və ondan kənarda baş verən hadisələrin Azərbaycana birbaşa, dolayı təsirlərini düzgün təhlil etmişdi. TDT-nin hələ 2009-cu ildə Naxçıvanda yaradıldığı zamanda İlham Əliyev bu təşkilatın dünyaya və regiona təsirlərini ölçərək onu Azərbaycan üçün strateji mənfəətlərini hesablamışdı. İndi TDT regional sülhü və təhlükəsizliyi qarantiya altına ala biləcək dəyər qazanaraq özünü qlobal asılılıq dərəcəsindən azad edir.
İlham Əliyevin 11-ci Zirvə görüşündə "İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir" deməsi TDT-nin keçdiyi yola nəzər salır. Artıq TDT Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan coğrafiya üzrə reallıqlarını Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini təmin etməsi üzərində qurur. Burada Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizini Çindən başlanıb Qazaxıstandan, Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Avropaya uzanan ticarət marşrutu olan Orta Dəhlizin parametrləri ilə uyğunlaşdırması TDT-nin geoiqtisadi vektoruna müsbət yön verir.
Prezident İlham Əliyev deyib: "Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək".
Prezidentdən bu iqtibas onu göstərir ki, Orta Dəhliz üzrə TDT-nin böyük strateji alyans olması üçün lazım olan bütün parametrlərə, o cümlədən rəqəmsallaşma istiqamətlərinə xüsusi diqqət ayrılmalıdır. Bu istiqamət Zəngəzur dəhlizinin əhəmiyyətini artıran faktorlar sırasında qiymətlidir. Təbii ki, bu, Azərbaycan və Türkiyənin faktiki başçılıq etdiyi TDT komandasını gücləndirəcək, hətta mümkün hərbi ittifaq halına gətirə biləcək tendensiyaya hazırlayır.
COP29 və TDT
TDT-nin Bişkek zirvəsi Azərbaycanda noyabrın 11-dən 22-nə qədər keçiriləcək mötəbər beynəlxalq tədbirə - COP29-a regional dəstəklərin artması baxımından da önəm daşıyır. Sammit çərçivəsində edilən çıxışlarda və İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşündə COP29-a xüsusi yer ayrılması Azərbaycana qarşı informasiya kampaniyası aparan qüvvələrə əks-cəbhə yaradır. Bu, Azərbaycanın əhəmiyyətini anlayan Qərb üçün siqnaldır, ən azından ona görə ki:
- Azərbaycan Avropaya ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji də ixrac etməyi planlaşdırır,
- Azərbaycan olmadan Avropa İttifaqı üçün əhəmiyyətli Orta Dəhlizin reallaşmaq imkanları aşağıdır.
TDT çərçivəsində isə Azərbaycana COP29-la əlaqədar güclü dəstəyin ifadə olunmasından sonra Qərbin Bakıya qarşı tutduğu mövqe zəifləyir. Beləliklə, Qərb Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün mövcud razılaşmaları sabotaj etməkdənsə, onun daha da dərinləşməsinə maraq göstərəcək.
COP29-dan sonra Qərbin Azərbaycanın enerji resurslarına olan marağı və onların idxalını artırmaq planları səbəbindən Bakının mövqeləri daha da güclənəcək. Bu, TDT-nin strateji aktivlərinə əlavə portfel verəcək.
"Şuşa" teqi üzrə xəbərlər
- Nazir müavini: "Yeni milli parkın yaradılması nəzərdən keçirilir"
- Allahın xarabalıqlar içərisindəki evi: Qarabağın gözü "Ağa" şəhəri
- Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"
- TDT-nin baş katibi: "Türk dövlətləri iqlim problemlərinin həllində maraqlıdırlar"
- COP29-da TDT ölkələrinin ekologiya üzrə "Nazirlər Bəyannaməsi" imzalanıb