Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Toğrul İsmayıl: "Ermənistanın mövcudluğuna ancaq Bakı və Ankara qarant ola bilərlər"
Son aylar ərzində Ermənistan tərəfi dayanmadan Türkiyə ilə sərhədin tezliklə açılacağından danışır. İrəvanın "Hraparak" qəzeti hətta mayın sonunda belə qənaətə gəlib: "Ermənistan hakimiyyətinin entuziazmına baxılarsa... bu gün (sərhədlərin açılması) uzaqda deyil". Amma son vaxtlar İrəvanda bəyanatların tonu dəyişib.
Erməni tərəfi Türkiyənin Ermənistanla sərhədləri açmaq üçün heç bir addım atmadığını, ancaq buna baxmayaraq, Ermənistanın "Marqara" nəzarət-buraxılış məntəqəsinin açılması ilə bağlı bütün işləri başa çatdırdığını bəyan edib. Belə bir bəyanatla bu yaxınlarda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan çıxış edib. Daha əvvəl isə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bəyan etmişdi ki, razılaşmaların yerlərdə necə həyata keçirildiyinə nəzər salmağın vaxtı çatıb.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bildirib ki, Ermənistan öz gələcəyinin region ölkələri ilə bağlı olduğunu dərk etməli, ilk növbədə, İrəvan üçüncü dövlətlərin və xarici diasporun zərərli təsirindən qurtulmalıdır.
Ermənistan-Türkiyə nizamlanması prosesindəki problemlərin İrəvanın qeyri-regional ölkələri Cənubi Qafqaza dəvət etməsi ilə bir əlaqəsi varmı? Oxu.Az-ın bu sualını cavablandıran türkiyəli politoloq, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl qeyd edib ki, Ermənistanı, təəssüf ki, qeyri-regional dövlətlər öz maraqları üçün istifadə etməyə başlayıblar, respublikanın özündə isə Qərbin Rusiyaya qarşı mübarizəsi gedir:
- Amma bu prosesin Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və ya buraxılış məntəqəsi ilə heç bir əlaqəsi yoxdur.
Sərhədlərin açılması üçün Türkiyə və Ermənistan ikitərəfli razılaşma əsasında diplomatik münasibətləri bərpa etməlidirlər. Türkiyə tərəfi isə hər zaman açıq şəkildə qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətləri nizamlanmadan, Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmadan Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşmasını gözləmək lazım deyil. Bu, ən qısa və aydın cavabdır.
Amma mən mövzunu davam etdirəcəyəm və sizə bir misal çəkəcəyəm. Yadınızdadırmı, Türkiyə öz hava məkanından Ermənistanın istifadə etməsinə və Ermənistandan olan üçüncü ölkə vətəndaşlarının öz sərhədini keçməsinə icazə verdikdə nə baş verdi? İrəvanda dərhal erməni quldurlarına abidə qoyuldu (2023-cü ilin aprelində açılışı olan "Nemezis" abidəsi nəzərdə tutulur - red.). Bu kobud addım Türkiyə Cümhuriyyətini hiddətləndirdi. Ermənistanın baş naziri Nikol Paşinyan sonradan bəhanələr gətirərək abidənin başqa hakimiyyət orqanları tərəfindən qoyulduğunu bildirdi. Amma o, hökumətin başçısıdır, onda belə çıxır ki, Paşinyan öz ölkəsindəki vəziyyətə nəzarət etmir? Və belə olduğu halda, niyə Türkiyə Ermənistana sərhədlərin açılması şəklində hər hansı üstünlüklər verməlidir?
Belə çıxır ki, biz onlara güzəştə gedəcəyik, onlar isə istədiklərini edəcəklər? Mən bir daha deyirəm, Azərbaycan və Ermənistan arasında normal diplomatik münasibətlər bərpa olunmayınca, sülh sazişi imzalanmayınca, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası baş verməyincə Ermənistan-Türkiyə münasibətlərinin bərpasından, sərhədlərin açılmasından danışmaq, sadəcə olaraq, mənasızdır.
- Necə düşünürsünüz, Ermənistan Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqənin hansı səviyyədə olduğunu dərk edirmi? Yeri gəlmişkən, bu günlərdə biz Azərbaycan-Türkiyə qardaşlığının simvoluna çevrilmiş tarixi Şuşa Bəyannaməsinin ildönümünü qeyd etdik.
- Düşünürəm ki, Nikol Paşinyan bunu dərk edir, Ermənistanın baş nazirinin əleyhdarları da bunu başa düşürlər. Üstəlik, Qərbdə və Rusiyada da bu, hər kəsə aydındır. Amma erməni tərəfi, ənənəyə görə, hesab edir ki, o, hamıdan ağıllıdır və buna görə də öz istəklərində israr edə bilər, başqaları isə bu istəkləri yerinə yetirməlidirlər. Xeyr, bu olmayacaq.
Tarix göstərir ki, böyük dövlətlər ermənilərdən öz siyasi, imperiya məqsədləri və ambisiyaları üçün istifadə ediblər, sonra isə onları tərk ediblər. Sadə erməni xalqı əziyyət çəkir. Erməni siyasətçiləri nə istədiklərini başa düşməlidirlər. Ermənistan regionda normal dövlətmi olsun, yoxsa digər ölkələr üçün marionet rolundamı qalsın?
Düşünürəm ki, ermənilər özlərinin mahiyyətinə çevrilmiş köhnə vərdişlərindən hələ də əl çəkə bilmirlər. Əgər Paşinyan öz ölkəsinin vətənpərvəridirsə, o zaman ermənilərin normal həyat tərzi keçirmələrini, qonşuları ilə mehriban qonşuluq münasibətləri qurmalarını və qonşularına qarşı istənilən ərazi iddialarından əl çəkmələrini təmin etməlidir. Üstəlik, qonşular - Azərbaycan və Türkiyə - erməni "istək"lərindən fərqli olaraq, Ermənistana qarşı əsaslandırılmış iddialar irəli sürə bilərlər.
Hamı yaxşı bilir ki, indiki Ermənistan hansı yolla yaranıb: sənədlər, xəritələr, beynəlxalq razılaşmalar heç hara yoxa çıxmayıb. Bu, mifik erməni keçmişi deyil. Əgər Ermənistan reallıqları və razılaşmaları tanımazsa, o zaman şübhə edirəm ki, 1918-ci ildə ona verilən 29 min kvadrat kilometrdə də qala bilsin.
Bir daha təkrar edirəm: Paşinyan, mənə elə gəlir ki, bunu başa düşür. Buna görə də o, Ermənistanın hazırda malik olduğu 29 min kvadrat kilometr ərazini xilas etmək üçün mübarizə aparır.
Qeyd etdiyiniz Şuşa Bəyannaməsinə gəlincə isə, bu bəyannamə regionda geosiyasi vəziyyəti dəyişdi. Azərbaycan və Türkiyənin razılığı olmadan bizim regionda hər hansı oyunlar oynamaq mümkün deyil, mən bunu dəfələrlə demişəm. Və hər kəs bunu mükəmməl başa düşür. Ermənistan dövlətinin mövcudluğuna isə ancaq Bakı və Ankara qarant ola bilərlər. Əgər ermənilər bunu başa düşsələr, onların inkişaf etmək üçün şansları olacaq. Əgər başa düşməsələr, özlərinə problem yaratmış olacaqlar.
Nair Əliyev
"Türkiyə-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib
- Ermənistan prezidenti TBMM sədri ilə münasibətlərin normallaşdırılmasını müzakirə edib
- Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj
- Ermənistan Ani körpüsünün bərpası ilə bağlı mövqeyini Ankaraya çatdırıb
- Ararat Mirzoyan: "Ermənistan Türkiyə ilə münasibətlərin tamamilə tənzimlənməsinə hazırdır"