Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
STM: Respondentlərin 83,8%-i Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyib
Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 83,8%-i "bəli, dəstəkləyirəm", 13,5%-i "xeyr, dəstəkləmirəm" cavabını verib. 2,7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.
Sorğular 2024-cü ilin 10 iyun – 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib. Nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistik məlumatlara uyğun olaraq müəyyən edilib. Sorğular ölkənin 12 iqtisadi rayonunu (Şərqi Zəngəzur və Naxçıvan istisna olmaqla) əhatə edib.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü əsasda aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar verilib. Əhatə olunan respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.