Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şimal Kipr prezidenti: "Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib"
"Azərbaycanla dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir".
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.
Ölkə başçısı türk xalqlarının birliyinin zəruriliyinə diqqət çəkib və Azərbaycanın ölkə başçısı Prezident İlham Əliyev arasında çox səmimi, məhsuldar münasibətlər olduğunu bildirib: "Prezident İlham Əliyev məni iki dəfə Bakıya dəvət edib. Azərbaycanla möhkəm dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir. Mən bu münasibətlərə çox böyük dəyər verirəm".
"Güclü türk dünyasına ehtiyacın olduğunu", - deyən Ersin Tatar Prezident İlham Əliyevin də onunla görüşlərində hər zaman buna vurğu etdiyinə diqqət çəkib:
"İlham Əliyevin "Türk dünyası, türk birliyi güclü olsa, biz də güclü ola bilərik" fikri ilə tamamilə razıyam. Hər iki lider - Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin birgə səyləri nəticəsində türk dünyası sözün əsl mənasında güclənib. Mən hər iki prezidentlə söhbətlərimdə deyirəm ki, biz bir millət, üç dövlətik. Biz bir-birimizi xalqımızın daha gözəl və parlaq gələcəyi üçün dəstəkləyirik. Şimali Kipr Türk Cümhuriyyəti olduqca kritik bir bölgədədir, resursların sonu, hərbi və təhlükəsizlik məsələlərinin bir qədər qarışıq olduğu problemlərlə sərhədlənib. Bizim türk dünyasının dəstəyinə ehtiyacımız var".
Prezident BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsindəki görüşlərində Kipr məsələsinin həlli üçün apardığı danışıqlardan söz açıb: "Təəssüf ki, bir çoxu reallıqları görmək istəmir. Onlar düşünürlər ki, Kipr Respublikası bütöv adadan ibarətdir. Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir. Ona görə də, Türkiyənin lideri bu məsələdə hər zaman narahatlığını və həssaslığını dilə gətirir. Onlar Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğunu anlamalıdırlar. Biz azlıq təşkil edən hansısa bir xalqın nümayəndəsi deyilik. Biz Şimali Kipr Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarıyıq. Bizi ölkə və respublika kimi tanımaları üçün sonadək mübarizəmizi davam etdirəcəyik. Hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolu çözüm deyil. Bu məsələdə hər hansı bir həll yolundan söhbət gedirsə, o ikidövlətli həll yolu olmalıdır. Bütün görüşlərimizdə bunu vurğuladıq və bundan sonra da mübarizəmizi davam etdirəcəyik".
"BMT Baş Assambleyası" teqi üzrə xəbərlər
- Ermənistan "millisinin qapıçısı" olmaq cəhdi: Paşinyanın BMT "lətifəsi"
- XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib
- Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında COP29-un vacibliyindən danışdı
- Xarici işlər naziri: "Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib"
- XİN başçısı: "Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib"