Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: "Həmişə hiss edirdik ki, düşmənlə bir yerdə yaşayırıq"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Bala Məzrə kənd sakini İlham Abdullayevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, məktəb, qaçqınlıq illərindən, kənddəki toy, bayram, yemək ənənələrindən söz açıb, orta və ali məktəbi bitirdikdən sonra Özbəkistana təyinat aldığını və musiqi ilə məşğul olduğunu deyib.
O, erməni vəhşiliyindən kövrələrək danışıb: "Bilqeys nənəm həmişə danışırdı ki, onun 6-7 yaşı olanda ermənilər kəndə hücum ediblər. Balaca qardaşı ilə qaçıb təzəkdən düzəldilən qalağın içində gizləniblər. Deşikdən baxıblar ki, ermənilər kəndin bütün kişilərini yığıb su quyusunun başında başlarını kəsib quyuya doldururlar. Yəni 7-8 yaşından bu günə qədər o ağrı-acı həmişə bizim içimizdədir. O hisslərlə böyüdük, 4 dəfə Göyçədən qovulduq. Ora bizim torpaqlarımız olub. Düşmənçilik siyasəti yeridərək bizi oradan didərgin saldılar".
Uşaqlıq xatirələrinin hamısını Göyçədə qoyub gəldiyini söyləyən İ.Abdullayev doğma yurda qayıdışın yenidən baş verəcəyinə əminliyini bildirib: "Qarabağ torpaqları alınanda Şuşaya getdim. Zəfər yolundan maşın gedəndə o an fikirləşdim ki, ay Allah, görəsən elə bir gün olacaqmı Göyçəyə də gedək, o torpaqları, dağları, bulaqları görək. Prezidentimiz İlham Əliyev Kəlbəcərdən Zoda gələn yolun başında dayanıb dedi ki, bu torpaqlar bizimdir. Biz bu torpaqlara qayıdacağıq. Mən ona inanıram və bilirəm ki, biz o torpaqlara qayıdacağıq. Gedib o yurdumuzu, yuvamızı, babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edib, orada yenidən yaşayacağıq. İndi 65 yaşım var. Bir arzum var, gedib o evimizi görüm, divarlarına əlimi vurum, əkdiyim akasiya ağacını görüm. Babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edim, Vətən torpağını görüm, baş əyim, o torpağın qoxusunu duyum. Mən möhtərəm Prezidentimizə inanıram. O, analoqu olmayan siyasətlə bütün Qərbi Azərbaycanı qaytaracaq. Allah bizi o günə yetirəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"
- Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"