Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: Ağbulaq toponimləri və hidronimləri - türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Erməni Prezidentin adını dəyişdirdiyi kənd" adlı süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, bugünkü süjetdə izi itirilən Ağbulaq toponimləri, eləcə də Ağbulaq hidronimləri haqqında söz açılır.
Bildirilir ki, ermənilər tarix boyu ilk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının, etnonimlərinin dəyişdirilməsinə çalışıblar. Elə bu məqsədlə bir çox yaşayış məskənləri məhv edilib və müxtəlif vasitələrlə erməniləşdirilib.
AĞBULAQ - Zəngəzur mahalının Gorus rayonunda kənd olub və burada yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıdıblar. 1988-ci ilin noyabrında kəndin sakinləri yenidən tarixi-etnik torpaqlarından deportasiya olunublar.
AĞBULAQ - Pəmbək mahalının Hamamlı, indiki Spitak rayonunda kənd olub və 1946-cı il aprelin 26-da adı dəyişdirilib Lusaxbyur qoyulub.
AĞBULAQ - Göyçə mahalının Çəmbərək, indiki Krasnoselo rayonunda kənd olub. Burada 1831-ci ildən bəri yaşayan azərbaycanlılar 1919-cu ilin fevral-mart aylarında ermənilər tərəfindən qovulublar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma yurdlarına qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabrın 24-dən 28-dək kəndin əhalisi yenidən vəhşicəsinə tarixi-etnik torpaqlarından qovulub. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilib Axperek qoyulub.
AĞBULAQ - Vedibasar mahalının Vedi, indiki Ararat rayonunda kənd olub. Kənddə 1897-ci ildə 95 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilib.
AĞBULAQ - Zəngəzur mahalının Gorus və Qafan rayonlarında bulaq adıdır.
Qeyd edək ki, Ağbulaq toponimi Azərbaycan dilində "keyfiyyətli, içməyə yararlı" mənasında işlənən "ağ" sözü ilə "bulaq" hidroterminindən əmələ gəlib. Kəndlərin adı ərazidəki eyni adlı bulaqların adından götürülüb.
Sonda bildirilir ki, Ermənilərin bütün saxtakar əməliyyatları azərbaycanlıların zaman-zaman tarixi torpaqlarından - Qərbi Azərbaycandan pərən-pərən, didərgin salınmasından sonra gerçəkləşib: "Təbii ki, indi zaman dəyişib və doğma yurdlarımıza qayıdış məsələsi aktuallaşıb. Məhz tarixi torpaqlarımıza qayıdış yadlaşdırılan toponimlərimizin dirçəlişi üçün əsas olacaq".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Xronika: "Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar"
- Qərbi Azərbaycan Xronikası: Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"