Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident İlham Əliyev Ermənistana və havadarlarına hansı mesajları verdi?
"Cənab prezidentin Cəbrayıl şəhərinə qayıdan sakinlərlə görüşündə səsləndirdiyi fikirlər tək Azərbaycanı deyil, dünyanı maraqlandıran mövzular kimi qiymətləndirilməlidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, böyük dövlətlər kiçik gördüyü dövlətlərdən bir sıra hallarda dostluq yolu ilə istifadə edir, lakin onlarla bağlı planları bitəndən sonra soyuq münasibətlər sərgiləməyə başlayır:
"Bunlardan biri də ABŞ-nin Azərbaycanla bağlı münasibətləri mövzusudur. Çünki ABŞ dünyanın əsas siyasi güclərindən biridir. Onun siyasətindən dünyada bir çox məsələlər asılıdır.
Məsələn, ABŞ Əfqanıstanda apardığı siyasət zamanı Azərbaycandan logistik nöqtə kimi istifadə edirdi. Amma Əfqanıstandan çıxandan sonra yenə də Azərbaycana qarşı 907-ci düzəlişi bərpa etdi, yenə də Azərbaycana qarşı təhdidlər, çağırışlar eşidilməkdədir. Bu isə heç də Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərmir. Prezident İlham Əliyev də haqlı olaraq bunların yolverilməz olduğunu bir daha gündəmə gətirdi".
Milli Məclisin deputatı Vüqar İskəndərov da Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin Cəbrayıl Şəhər Günü münasibətilə yerli sakinlərlə görüşündə vacib məqamlara toxunduğunu bildirib:
"Bu çıxış həm də bir növ Azərbaycanın gələcək milli strategiyası ilə və bu gün dünyada baş verən təlatümlü hadisələr içərisində ölkəmizin təhlükəsizliyi, xalqın birliyi, dövlətimizin hansı çətinliklərdən keçərək uğurlar qazanması və bunların dayanıqlı olaraq qorunub saxlanması ilə bağlı idi".
"Ölkə başçısı çıxışında həm də bir çox proseslərlə bağlı real ünvanları göstərdi. Belə ki, Ermənistanın ərazilərimizi işğal etdiyi dövrdə Qərb dairələrinin, xüsusən də ABŞ-nin riyakar siyasətini qeyd etdi və indiyə qədər bu uzun müddətdə ABŞ, Fransa və digər ölkələrin Minsk qrupunun adı altında münaqişənin ədalətli həllinə yox, onun dondurulmasına və hətta Ermənistanın xeyrinə çalışdıqlarını söylədi. Ölkə başçısı ABŞ Konqresinin 60 senatının Dövlət Departamentinə müraciətindən söz açdı və bütün çılpaqlığı ilə real mənzərəni söylədi. Yəni bu müraciətin əslində elə Dövlət Departamentinin özündə yazıldığını, dövlət katibi tərəfindən ötürüldüyünü və bir növ özlərindən özlərinə məktublaşma məsələsini qeyd etdi. Təbii ki, bu, sözün əsl mənasında tam reallığı əks etdirir", - deyə deputat vurğulayıb.
O, qeyd edib ki, əraziləri işğal edilən, soyqırımına məruz qalan, torpaqları, mədəniyyəti, sərvətləri talanan Azərbaycan olduğu halda, ABŞ məhz ölkəmizə qarşı ədalətsiz davranıb:
"Məsələn, Əfqanıstandakı əməliyyatlar dövründə ABŞ-nin Azərbaycana ehtiyacı olduğu üçün bu yanaşmadan əl çəkib, lakin oradan biabırcasına çıxandan sonra yenidən qərəzli yanaşmasına davam edib. Bu, ABŞ-nin selektiv yanaşmasını, riyakarlığını, qeyri-səmimi münasibətini əks etdirir. Ölkə başçısı da ABŞ-nin bu ikiüzlü və riyakar siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu".
Müsahibimiz Prezidentin Fransanın Ermənistanı silahlandırılması ilə bağlı fikirlərinə də münasibət bildirib:
"Dövlət başçısı bu məsələnin ikili siyasət olduğunu qeyd etdi. Yəni bir yandan sülhdən danışan Ermənistan, digər tərəfdən siyasi manipulyasiya ilə məşğuldur, paralel olaraq da hücum silahları ilə silahlanır. Təbii olaraq ölkə başçısı Ermənistana və onun arxasında duran marginal qüvvələrə öz müraciətini çatdırdı ki, diqqətli olsunlar, Azərbaycanla zarafat etmək olmaz.
Təbii olaraq, Azərbaycan həm 44 gün ərzində qazandığı qələbə ilə, həm də 23 saatlıq antiterror tədbirləri ilə bütün dünyaya qüdrətli dövlət və güclü orduya malik olduğunu göstərdi. Bu baxımdan, hər hansı bir təhdid və təhlükə hiss edəriksə, yenidən heç nəyə baxmadan, heç kimlə hesablaşmadan, bu hüququmuzdan istifadə edəcəyik. Bütün bu fikirlər sözün əsl mənasında Azərbaycanın dövlət siyasətinin, ölkə başçısının bugünkü reallıqlara adekvat münasibətidir.
Azərbaycan bölgədə sülhü, tərəqqini tərənnüm edir. Lakin Ermənistan Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxarmayıbsa, təbii ki, layiqli cavabını hər an ala bilər və bu, həm Ermənistana, həm də Ermənistanın arxasında dayanan məkrli planlar quran qüvvələrə də xəbərdarlıqdır. Artıq hər kəs reallığı qəbul etməlidir. Getsinlər öz problemləri ilə məşğul olsunlar".
"Azərbaycan bu gün sürətlə inkişaf edir, həm iqtisadi, həm siyasi, həm regional, həm qlobal anlamda nüfuzlu ölkəyə çevrilir. Təbii olaraq bunu gözləri götürməyən, Azərbaycanın müstəqil, milli maraqlara söykənən siyasətini qəbul etməyən bu qüvvələr Ermənistanı yenidən eskalasiyaya meyilləndirməklə, yalnız şərə xidmət edirlər. Ona görə də düşünürük ki, ölkə başçısının bu müraciəti Ermənistan tərəfindən diqqətlə izləniləcək və ümid edirik ki, Ermənistan və onun başında duran bu qüvvələr bundan nəticə çıxaracaqlar", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım etdi
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN