Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Politoloq: "İrəvanın baş qoşduğu yeni məsələ artıq keçərli deyil"
"Vətən müharibəsindən sonra bəzi ölkələr Azərbaycanın yaratdığı reallığı həzm edə bilməyərək təzyiqlərə əl atsalar da, dövlətimiz öz baxışlarını heç kəsdən gizlətmədi. Azərbaycan hazırda çox fəal xarici siyasət həyata keçirir və həqiqətən, bizim uğurlarımız həddən artıq çoxdur".
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycan dörd il ərzində, üstəlik, pandemiya ilə üst-üstə düşən ağır dönəmdə Qoşulmama Hərəkatına sədrlik edəndə Prezident İlham Əliyev bu ağır məqamlarda belə, göstərdi ki, dünyadan təcrid olunmaq olmaz:
"Əgər bəzi ölkələr pandemiyadan qorxub qapılarını bağlayır, özlərini izolyasiyaya məhkum edirdilərsə, Azərbaycan dövlətinin rəhbəri bunun əksinə çağırışlar edirdi ki, hətta bu vəziyyətdə belə, təmasların olması, dövlətlərin bir-birinə kömək etməsi vacib məsələdir. Biz özümüz şahid olduq ki, Prezident İlham Əliyevin təşəbbüsləri ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn zirvə toplantısı keçirildi və bu, çox vacib bir tədbir oldu. Dövlət başçısının dilindən bütün dünyaya bəyan edildi ki, hətta pandemiyada - ağır ekstremal şəraitdə də insanlar bir-birindən xəbərdar olmalı, təmasları qırmamalıdırlar. Yükdaşımalarında artımlar oldu, tibbi ləvazimatların çatdırılması prosesi irəlilədi və s. Bütün bu proseslərin hamısında Azərbaycan yaxından iştirak etdi və qardaş dövlətlərin təşkilatlarını, aparıcı qüvvələrini bu prosesə cəlb etdi.
Nəhayət, BMT-nin Baş Assambleyası səviyyəsində də Prezident İlham Əliyev çağırış etdi ki, vaksin diskriminasiyasına son qoymaq lazımdır. Bu təşəbbüs də reallaşdı və hədəfinə çatdı. Bütün bunların fonunda isə biz Ermənistanın əcaib yanaşmasının şahidi olduq. Dünya birliyi yekdilliklə Azərbaycan dövlət başçısının təşəbbüskarlığını, onun humanistliyini dəstəkləsə də, yalnız Ermənistan rəsmi Bakının təşəbbüsünə qoşulmadı. Yəni onlar tarixin qaranlıq hissəsində olduqlarını bir daha göstərdilər".
"Biz bu addımlarımızla sübut etdik ki, hər bir təşəbbüs ilk növbədə reaksiyalar doğurur və bu reaksiyalar bizim tərəfdarlarımızın çox olduğunu göstərdi. Həddən artıq yanlış mövqedə olan dövlətlər, onların elitaları, aparıcı qüvvələri isə məlumatsızlıqdan ermənilərə üstünlük verirdilər. Amma sonradan onlar da başa düşdülər ki, münaqişənin iki tərəfi varsa, biri işğalçı Ermənistan, digəri isə işğalın qurbanı Azərbaycandır. Çünki ermənilər əvvəlcə məsələni elə qoyurdular ki, guya onlar qurbandır və Qarabağda yaşayan erməni azlığın vəziyyəti son dərəcə dözülməzdir. Onlar çalışırdılar ki, "öz müqəddəratlarını həll etsinlər". Bu prinsiplərin hamısını Prezident İlham Əliyev alt-üst etdi və bildirdi ki, ermənilər artıq öz müqəddəratlarını həll ediblər, onların Ermənistan adlı dövləti var. Yox, bu ölkəni istəmirlərsə, gedib çoxluq təşkil etdikləri Fransanın Marsel şəhərində, yaxud ABŞ-nin Kaliforniya ştatında öz müqəddəratlarını həll etsinlər. Amma Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmayacaq", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, aparılan bu siyasət dünya siyasi arenasında sağlam və yeni bir nəfəs idi:
"Biz müharibədən dərhal sonra qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamaqla bir daha göstərdik ki, güclüyük, güclənirik və güclənəcəyik. Ancaq bizim gücümüz işğalçı siyasətlə əlaqəli deyil. Bu güc fəal və müdafiə siyasətinə hesablanıb. Digər tərəfdən, biz çalışırıq ki, tək Azərbaycanın ərazisində deyil, bölgədə də bütün potensial risklərin hamısını dəf edək. Çünki insanların həmişə böyük quruculuq planları olur və o planlar, əgər sabitlik, əmin-amanlıq yoxdursa, təhlükə altında olur. Məhz Ermənistan bu təhlükələrin həm istehsalçısı, həm ixracatçısı qismində çıxış edir. Ona görə də biz qəti surətdə bildiririk ki, Ermənistanın bu mənfur planlarının reallaşmasına imkan verməyəcəyik. İndi də biz görürük ki, onlar Hindistan, Fransa, Amerika Birləşmiş Ştatları, Yunanıstan, Kipr və s. ölkələr tərəfindən silah-sursatla təchiz olunur və təxribata hazırlanırlar. Ancaq bu məsələ artıq keçərli deyil".
"Azərbaycan öz diplomatiyası ilə inteqrasiya siyasətində uğurlu addımlara imza atır və bu, tək forma etibarilə deyil, məzmun etibarilə də belədir. Ona görə də ölkəmizin nüfuzu durmadan artır. Bu yaxınlarda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Azərbaycan Prezidenti iştirak etdi, orada Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar apardı və iki ölkə arasında bəyannamə imzalandı. Biz bununla Çin Xalq Respublikası ilə, yəni daha bir ölkə ilə də strateji tərəfdaşlıq səviyyəsinə qalxdıq. Burada həm Orta Dəhlizin mahiyyəti, həm Trans-Xəzər kommunikasiya xəttinin aktuallığı özünü nümayiş etdirir.
Azərbaycanın Çin Xalq Respublikası ilə yanaşı, 23 ölkə ilə də strateji tərəfdaşlıq, üç ölkə ilə isə müttəfiqlik haqqında sazişlərimiz var. Bu proseslərin hamısında günün tələblərinə cavab verməyə çalışırıq. Çünki vaxt ötdükcə çağırışlar artır, risklər daha da dərinləşir və bu problemlərə sinə gərmək üçün həm özümüzün, həm də tərəfdaşlarımızın potensialından istifadə etməyə çalışırıq. Çünki bu, yeni strateji resurs bazası yaradır və o baza olmadan taleyüklü problemlərin öhdəsindən gəlmək mümkünsüzdür. Təbii ki, Azərbaycan bu proseslərin hamısında tarixin həm işıqlı, həm də ədalətli tərəfindədir", -müsahibimiz deyib.
Abbasov onu da əlavə edib ki, Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır və biz bu prosesdə də dünyanın ən aparıcı ölkələrinin Azərbaycana etimad göstərdiyinə şahid oluruq:
"Bu, bir daha onu göstərir ki, Azərbaycan təkcə özünün milli aktual gündəliyində olan məsələlərlə deyil, dünyanın da aktual gündəliyinin tələbləri ilə hesablaşır və çalışır ki, bütün bu istiqamətlərin hamısında fəal mövqedə olsun. Çünki bir var, sadəcə, iştirak, bir də var ki, iştirakdan doğan təşəbbüslər və ideyalar. Bu ideyaların gündəmə gəlməsi isə bütün dünyada vəziyyətin yüngülləşməsinə hesablanıb".
Mərahim Nəsib
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
- "Haber Global": COP29-da Türkiyənin təqdim etdiyi "Sıfır tullantı" stendi böyük diqqət çəkir