Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyan Ermənistan ordusunu hədəf aldı - silahlar keçmiş qondarma rejimə verilib?
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, 44 günlük müharibədən sonra Ermənistan ordusunda çox sayda silah-sursat yoxa çıxıb. Baş nazir daxili işlər nazirinə yeni üsullarla silahların axtarışını tapşırıb. Lakin, Paşinyanın bu açıqlamasının əslində gözə kül üfürməkdən başqa bir şey olmadığı göz qabağındadır. Çünki Paşinyan özü də yaxşı bilir ki, bu silahlar itməyib, sadəcə olaraq qanunsuz yollarla 2020-2023-cü illərdə Qarabağa, daha dəqiq desək, oradakı separatçılara göndərilib. Qarabağda və Şərqi Zəngəzurda 2021-ci ildə ardıcıl mina partlayışlarının olması və həmin minaların elə 2021-ci ildən Ermənistanda istehsal olunması da silahların separatçılara göndərilməsinin bariz nümunəsidir.
Professor Fikrət Sadıxov Oxu.Az-a açıqlamasında deyib ki, silah-sursat, zirehli texnika oyuncaq deyil ki, itsin, təbii ki, Ermənistan həmin silahları Qarabağ separatçılarına göndərib: "Separatçılar da həmin silahlardan Azərbaycana qarşı istifadə edib. Bu, bir reallıqdır".
"Biz həmçinin bilirik ki, Laçın dəhlizi də vaxtı ilə çox məharətlə Ermənistan tərəfindən silahların Qarabağa daşınması məqsədilə istifadə olunurdu. Yəni Ermənistan ordusunda heç nə itməyib. Bütün bu ifadələr sadəcə Paşinyanın cəfəngiyyatıdır və əgər o, kimisə aldatmaq istəyirsə, bu, onun öz işidir. Lakin biz həqiqəti bilirik və əlimizdə kifayət qədər faktlar var" , - deyə analitik bildirib.
Müsahibimiz əlavə edib ki, ermənilər tərəfindən ərazilərimizə basdırılan minalardan artıq yüzlərlə Azərbaycan vətəndaşı həlak olub: "Bəlkə Paşinyanın bundan da xəbəri yoxdur? Ermənistan rəhbərliyi bu günə qədər dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyib ki, basdırılan minaların dəqiq yerini müəyyənləşdirə bilək. Yəni, mina müharibəsi bu günə qədər davam edir və mən əminəm ki, Paşinyan tərəfindən səslənən yalanlar yerli və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır".
Siyasi şərhçi Mətin Məmmədli də Oxu.Az-a açıqlamasında Paşinyanın iddialarını əsassız adlandırıb: "Çünki həmin silahların böyük hissəsi 2020-2023-cü illərdə Qarabağa daşınıb. Xatırlatmaq istəyirəm ki, bu illər ərzində Qarabağda mina partlayışları nəticəsində çox sayda vətəndaşımız xəsarət almış və araşdırmalar nəticəsində məlum olmuşdu ki, bu minaların əksəriyyəti 2021-ci ildə Ermənistanda istehsal olunub. Demək ki, Ermənistanda istehsal olunan minalar Qarabağa həmin dövrdə daşınıb. Həmçinin, tək minalar yox, digər silah-sursat növləri də həmin dövrdə qondarma rejimin möhkəmlənməsi və separatçıların döyüş qabiliyyətinin artırılması məqsədilə Qarabağa göndərilib".
"Əlavə edim ki, Qarabağa silahların daşınması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladığı Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq həyata keçirilib. Həmin bəyanata əsasən, Laçın dəhlizindən yalnız dinc insanların keçidi nəzərdə tutulur. Amma Ermənistan bu razılaşmanı da pozaraq Qarabağdakı separatçılara həmin yol vasitəsilə silah-sursat göndərib" , - deyə şərhçi vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Paşinyanın belə bir açıqlama verməsi təsadüfi deyil: "Çünki o da sözügedən silahların hara getdiyini yaxşı bilir. Paşinyan belə bir açıqlama verməklə, Ermənistandakı rəqiblərini hədəfə gətirməyə çalışır".
Mərahim Nəsib
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 19.11.2024-ün ən mühüm hadisələri
- Qərbin Cənubi Qafqaz döyüşündəki məğlubiyyəti: Hədəf yekun sülhün qarşısını almaqdır
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı