Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası keçirilib
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) IV iclası baş tutub.
“Report”un Rusiya bürosunun məlumatına görə, “Cənubi Qafqazda postmünaqişə inkişafı şəraitində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr edilmiş tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar. Onlar Cənubi Qafqazda postkonflikt dövründə, xüsusilə də son zamanlar qeyri-regional dövlətlər tərəfindən artan destruktiv müdaxilələrin neytrallaşdırılması ilə bağlı Moskva və Bakının mövqelərinin yaxınlığını qeyd ediblər.
XİN rəsmiləri şuranın fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiriblər. Daha sonra çıxış edən RBMŞ-nin baş direktoru İvan Timofeyev və BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev şuranın yarandığı gündən nümayiş etdirdiyi ekspert fəaliyyətinin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar. Onlar iki ölkənin ekspertlərinin birbaşa əlaqələrinin və regionda gedən proseslər haqqında ictimaiyyətlərini məlumatlandırmağın vacibliyini də vurğulayıblar.
İnteraktiv dialoq şəraitində keçən iclasın qapalı sessiyalarında regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq, xüsusilə Cənubi Qafqaz regionunda yeni geopolitik risklərin qarşısının alınması məqsədilə “3+2” formatı çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Şimal-Cənub İTC, Şərq-Qərb yolu və Zəngəzur dəhlizi kimi regional kommunikasiya məsələləri də tədbirin müzakirə mövzuları sırasında yer alıb.
İclasda, həmçinin iki ölkə arasında əlaqələrin inkişafına dair müxtəlif aspektlər ilə bağlı Şuranın praktiki tövsiyələrini əks etdirən kommünike qəbul edilib. Hər iki ölkənin müvafiq dövlət qurumları qarşıdan gələn XII Rusiya-Azərbaycan Regionlararası Forumuna təqdim ediləcək sənəddə Şuranın fəaliyyətinin daimi əsaslarla təşkilini məqsədəuyğun hesab edib.
"BMT" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib