Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Makron Fransası uranın Avropaya daşınma yollarının Azərbaycandan keçdiyini unudur - “Kaspi”nin TƏHLİLİ + FOTO
Makron Fransasının uğursuzluqları bitmək bilmir. Həm daxili, həm də xarici siyasətdə. Xaricdən gətirilən ucuz ərzağa etiraz edən yerli fermerlərin Paris küçələrini iflic vəziyyətinə saldıqları günlərdə Fransanın xarici siyasəti də öz böhranını yaşayır: Afrikadakı müstəmləkələr bir-bir əldən gedir. Özünü yeni Napoleon hesab edən Makron bu fatehlə yalnız onun hakimiyyət illərində verdiyi qurbanların sayı ilə müqayisə edilə bilər. Bonapart imperator olduğu dövrdə döyüş meydanlarında 3 milyon nəfərlik itki vermişdi. Makronun itkiləri insanlarla deyil, ölkələrlə ölçülür.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Qara qitə” iflası
Ötən həftə Paris “qara qitə”də iki ardıcıl diplomatik zərbə aldı. Əvvəl Burkina-Faso, Mali və Niger Fransanın patronajlığı altında olan EKOVAS təşkilatını tərk etmək niyyətlərini bəyan etdilər. Sonra isə məlum oldu ki, Makron Qabon, Seneqal və Kot-d`İvuardakı hərbi kontingentini azaltmaq barədə düşünür. Təbii ki, “düşünmür”, buna məcbur edilir. Afrikadakı ölkələrdə milli özünüdərkin inkişafı Fransanın bu qitədə əsrlərlə davam edən və dövlətlərin iqtisadi potensialının, faydalı qazıntılarının qəsb edilməsi ilə müşayiət olunan neokolonializmi, belə görünür ki, tənəzzül etməyə başlayıb.
Niger artıq fransız hərbçilərinin ölkədən çıxarılmasına nail olub. Niger Fransanın əsas uran təchizatçılarından biri, bəlkə də ən vacibi idi. Fransada elektrik enerjisinin istehsalı əsasən atom elektrik stansiyalarından əldə edilir. Bu, tək xarici siyasət itkisi deyil, həm də iqtisadi enişə səbəb ola biləcək güclü faktordur. İndi fransızlar uranı Orta Asiyada axtarsalar da, onun Avropaya daşınma yollarının Azərbaycandan keçdiyini unudurlar...
Postmüstəmləkə tənəzzülü
Fransanın tanınmış iqtisadçısı Anton Lyubiç hesab edir ki, EKOVAS üzvləri Burkina-Faso, Mali və Nigerin təşkilatdan çıxmaq qərarları fransız neokolonizminin tənəzzülünün başlanğıcıdır: “Fransanın postmüstəmləkə iflasını açıq elan etmək olar”.
EKOVAS-ın nizamnaməsinə görə, əgər hər hansı üzv təşkilatı tərk edirsə, bunu bir il öncə elan etməlidir. Eyni zamanda, bu il ərzində təşkilat qarşısında vəzifə və öhdəliklərini tam olaraq həyata keçirməlidir. Şübhə yoxdur ki, bu istək qarşıdakı il ərzində təşkilat daxilində “yoluxucu” effekt oyadacaq və Fransanın itkiləri bununla bitməyəcək. Fransa ötən yay “qiyamçı” Nigeri cəzalandıracaq deyə sinəsinə döyürdü. Nəticə heç də ürəkaçan olmadı: Nigerin ardınca digər Afrika ölkələrində də anti-Paris əhval-ruhiyyəsi güclənməyə başladı.
Fransa gedir, Çin, Rusiya və Türkiyə gəlir
Makron Qabon, Mali və Kot-d`İvuardakı hərbi kontingentini ixtisar etmək qərarını Fransaya edilən güclü təzyiq altında qəbul edib. Heç bir imperiya müstəmləkələrini könüllü tərk etmək istəməz. Bu ölkələr Parisin Qərbi Afrikadakı əsas istehkamlarıdır. Buranın əldən verilməsi Atlantik okeanı sahillərinin itirilməsi deməkdir. Bu, açıq diplomatik zəiflikdir, çünki Makron hərbi mövcudluq ixtisarını ABŞ-yə şəriklik təklifi ilə kompensasiya etmək istəyir. Bu, həm də onun göstəricisidir ki, Fransa bu ölkələri tək daxili etirazlar səbəbindən deyil, həm də geosiyasi rəqiblərin təzyiqləri ilə tərk etmək məcburiyyətində qalıb. Afrikada ənənəvi oyunçulardan biri Rusiyadır. Son illər ərzində burada daha iki geosiyasi oyunçu güclənməyə başlayıb: Çin və Türkiyə.
Casus rüsvayçılığı
Fransanın xarici siyasət uğursuzluqları tək müstəmləkə oyanışları deyil, həm də diplomatik eqoizm və yol verilən qeyri-ciddiliyin nəticəsidir.
Fransanın Cənubi Qafqazdakı davranışı, Ermənistanda Rusiya ilə üz-üzə gəlməsi, bölgənin ən böyük, varlı və nüfuzlu dövləti olan qalib Azərbaycanla açıq düşmənlik etməsi göründüyü kimi, Makrona baha başa gəlir. Fransanın Azərbaycanda casus iflası bu gün dünya mediasının diqqətindədir. Parisin casusluq niyyətlərinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən deşifrə edilməsi mövcud potensialından ağır yük qaldırmaq eşqinə düşən Makron üçün xarici siyasət qalmaqalıdır. Onun XİN rəhbərliyində etdiyi dəyişikliklər isə “qaşı düzəltmək əvəzinə vurub gözü çıxarmaq”dır.
Bakıda casusluğa görə tutulan Fransa vətəndaşı Martin Rayanın həbsi Fransanın nəinki xariciləri, hətta öz vətəndaşlarını primitiv ambisiyalarının qurbanı etməkdən çəkinmədiyinin göstəricisidir. Bu diplomatik biabırçılığı Fransanın erməniəsilli jurnalisti Leo Nikolyan araşdırıb və daha sonra problem ölkə mediasının ən çox müzakirə etdiyi mövzuya çevrilib. Nikolyan müəyyən edib ki, M.Rayan Bakıda uğur axtaran biznesmen olub və Azərbaycandakı əlverişli iqtisadi mühitdən yararlanaraq öz işini qura bilib. Bunu görən Fransa xüsusi xidməti ondan öz maraqları üçün casus kimi istifadə etmək qərarına gəlib. Rayan əvvəl razılaşmayıb, ancaq Fransadakı valideynlərinə təzyiq etmək hədələrindən sonra təslim olub. Nəticə isə məlumdur: iş adamı həbsdədir, diplomatik fəaliyyət altında pərdələnən iki səfirlik əməkdaşı isə Azərbaycandan qovulub.
Nikolyan həmin jurnalistdir ki, Fransanın Ermənistanda düşdüyü daha bir qalmaqalı ictimailəşdirib. “Azərbaycanla sərhədləri monitorinq” adı altında yerləşdirilmiş fransız casus şəbəkəsinin iki təmsilçisi 8-ci sinif şagirdi olan erməni qızı zorlamaq üstündə təcili şəkildə Ermənistandan çıxarılıblar. Təbii ki, qalmaqalın üstünün açılmasında Fransa kimi müttəfiq olan Paşinyan Ermənistanı da maraqlı olmadığından təxliyə maksimum şəkildə məxfi həyata keçirilib. Ancaq qız və qızın ailəsini necə susdurmalı? Fransa tərəfi orijinal çıxış yolu tapıb: uşağın könlünü almaq üçün onu Paris Disneylendinə dəvət ediblər. Bax, belə. Fransanın xarici siyasəti kimi casusluq izlərini itirmə cəhdləri də qeyri-ciddidir...
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"