Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Konstitusiyada ərazi iddiaları Ermənistanın daxili işi deyil" - LONDONDAN BAXIŞ
Ermənistanda ölkə konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalara dair yeni müzakirə dalğası başlayıb. Bakı belə bir problemin olduğunu dəfələrlə qeyd edib.
Görünür ki, erməni isteblişmentinin bir hissəsi başa düşür ki, Ermənistanın qanunvericiliyini, o cümlədən əsas qanunu dəyişmək lazımdır. Bununla belə, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bu məsələ ilə bağlı bəyanatında qeyd edilir ki, Ermənistan konstitusiyası və ona düzəlişlər ölkənin daxili işidir.
Bəs başqa ölkəyə qarşı iddialar necə Ermənistanın daxili işi ola bilər? Böyük Britaniyadan olan iqtisadi və siyasi icmalçı, Oksford və Kembric Klubunun (Oxford and Cambridge Club) üzvü Zaur Məmmədov vəziyyəti Oxu.Az-a şərh edib:
- Ermənistanın bu yanaşması qətiyyən qəbuledilməzdir, bu, sadəcə olaraq, beynəlxalq hüquqa və normalara ziddir, qonşu dövlətlərlə sülhə əsaslanan münasibətlər qurmaq məntiqinə uyğun gəlmir. Konstitusiya ölkənin əsas qanunudur və dövlətin uzunmüddətli inkişaf vektorunu göstərir. Əgər mətndə ərazi iddiaları varsa, bu, Ermənistan konstitusiyasındakı bu cür müddəaların onların maraqları ilə toqquşan qonşularını narahat etməyə bilməz.
Azərbaycan haqlı və əsaslı olaraq öz narazılığını bildirir. Təbii ki, Ermənistanın əsas qanununun mətni, eləcə də bəzi dövlət rəmzləri, məsələn, Türkiyəyə qarşı ərazi iddialarını açıq şəkildə göstərən gerbi dəyişdirilməlidir. Axı gələcəkdə fərqli tarixi perspektivdə Ermənistan konstitusiyasının bu müddəalarından revanşist ideyalar üçün istifadə olunmayacağına heç bir təminat yoxdur.
Düşünürəm ki, Ermənistan cəmiyyətinin bir hissəsi başa düşür ki, konstitusiya dəyişdirilməlidir. Lakin elə qüvvələr var ki, müharibə və Ermənistanın məğlubiyyəti onlara heç nəyi öyrətməyib.
- Bir çox ekspertlər Ermənistanın siyasi elitasının bir hissəsinin konstitusiyaya dəyişiklik etmək istəməməsini (xüsusən də "Vətən naminə Tavuş" hərəkatının təşkil etdiyi etirazlar fonunda) sizin artıq qeyd etdiyiniz erməni revanşizmi ilə əlaqələndirirlər. Həqiqətən də, Ermənistan Konstitusiya Məhkəməsi (KM) və ya başqa bir orqan (yaxud yeni baş nazir) istənilən vaxt Azərbaycanla sülh müqaviləsini ləğv edə bilər, çünki Ermənistan konstitusiyasına əsasən, Qarabağ Ermənistanın tərkibinə daxildir. Artıq belə bir nümunə olub, belə ki, Ermənistanın məhkəmə orqanları Robert Koçaryanın Ermənistanda yaşamamasına və Qarabağda olmasına baxmayaraq, onun ölkədəki prezident seçkisində iştirakının qanuniliyini tanıyıb.
- Tamamilə doğrudur. Ermənistan konstitusiyasının bu müddəaları sırf daxili məsələlərə təsir etsə idi, bu, daxili məsələ olardı. Bundan əlavə, qeyd etdiyiniz presedentlər də olub. Qarabağ isə başqa ölkənin ərazisidir, bura Azərbaycanın Qarabağ iqtisadi rayonudur.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının konstitusiyada, ümumiyyətlə qanunvericilikdə saxlanması uzunmüddətli risklər daşıyır və bəzi erməni siyasi qruplarının revanşizm istəyindən xəbər verir. İndi nə onların, nə də Ermənistan dövlətinin buna gücü çatır, ancaq geosiyasi dəyişikliklərə arxalanaraq, gələcəkdə qisas almaq cəhdi üçün "imkan pəncərəsi" saxlamaq istəyirlər. Konstitusiya isə, bir daha deyirəm, uzun illər üçün əsas qanundur.
- Eyni zamanda, Ermənistan XİN bildirir ki, İrəvan az qala bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır...
- Mən belə bəyanatları Ermənistandakı daxili siyasi proseslər prizmasından qiymətləndirirəm. Azərbaycan son vaxtlar az-çox düzgün işlər görən Ermənistanın mövcud hakimiyyəti ilə işləyir. Amma eyni zamanda, kənardan göründüyü kimi, bir çox addımlar rəsmi İrəvan üçün o qədər də asan başa gəlmir. Əhalinin bir hissəsi (bəlkə də, dörddəbiri, bəlkə də, üçdəbiri) hakimiyyətlə razılaşmır və əvvəlki rəhbərliyin - "Qarabağ klanı" və digər revanşist qrupların fikirlərini bölüşür.
Bir tərəfdən, Ermənistan hökuməti dünyaya, təbii ki, birbaşa Azərbaycana sübut etməlidir ki, sülh prosesi gedir və İrəvan məsələyə ciddi yanaşır. Digər tərəfdən, daxili müxalifətə də nəzər salmaq lazımdır. Bu, siyasi prosesdir. Müxalifət Azərbaycanla müharibəyə hazırdırmı? Təbii ki, yox. Onların məqsədi hökuməti devirmək və hakimiyyətə gəlməkdir. Ermənistan rəhbərliyi bunu nəzərə alır və manevrlər edir. Ermənistan-Azərbaycan danışıqlar prosesinin uzun müddət davam etməsi məhz bununla bağlıdır.
Amma Azərbaycan və Ermənistan sərhədinin bir hissəsində - təxminən 13 km-də artıq delimitasiya və hətta demarkasiya uğurla başa çatıb. Bu, Paşinyan hökumətinin hamının istədiyi qədər tez olmasa da, sülh müqaviləsi gündəliyinə əməl etmək imkanının olduğunu göstərir.
Sülh sazişinə ən çox ehtiyacı olan isə ermənilərdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.
Nair Əliyev
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Türkiyə XİN-dən Azərbaycan və Ermənistana sülh çağırışı
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Ermənistan XİN: "Bakı və İrəvan sülh müqaviləsi üzrə razılığa gəlməyə yaxındırlar"
- Paşinyan: "İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır"
- Hikmət Hacıyev: "Bakı və İrəvan dekabrda sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar"