Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
Ümumerməni kilsəsi Ermənistanın baş bəlasına çevrilir. Bir zamanlar bu ibadətgah onların ən müqəddəs ocağı və əsas istinadı sayılırdı.
Ancaq 2018-ci ilin may hadisələri oranın da mahiyyətini ifşa edib. Məlum olub ki, kilsə illər uzunu erməni cəmiyyətini yalanla və xülyalarla ətrafına toplayıb. Öz maraqları üçün Fransa və çar Rusiyasına regional casusluqla məşğul olub.
Nikol Paşinyan hökumət başçısı olandan sonra Eçmiədzinlə İrəvan arasında yaranan ziddiyyət daha da kəskinləşib. Hökumət başçısı artıq kilsəni maliyyələşdirməkdən imtina edib.
Kilsə saxta erməni milliyyətçiliyi əsasında ölkə əhalisini öz ətrafında birləşdirməyə səy göstərib. Ancaq 44 günlük müharibə zamanı onun çağırışları cəmiyyət tərəfindən çox da ciddi qarşılanmayıb. Elə ondan sonra da kilsənin Azərbaycana qarşı aqressiv bəyanat və açıqlamaları Ermənistan cəmiyyətinin onun ətrafında toplanmasına təkan verməyib.
Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndindən dördünün geri qaytarılması bu sosial təbəqəyə rəsmi İrəvanın siyasəti əleyhinə etiraz aksiyası keçirmək üçün bəhanə verib.
Aprelin ortalarından başlayaraq, erməni kilsəsinin Ermənistanın Tavuş vilayəti yeparxiyasının yepiskopu Baqrat Qalstanyanın başçılığı ilə anti-Paşinyan aksiyaları başlayıb.
Yeri gəlmişkən, Tavuş vilayəti üzrə yeparxiya 2010-cu ildə ümumerməni kilsəsinin baş katolikosu II Qaregin tərəfindən Quqark yeparxiyasından ayrılaraq yaradılıb. O vaxtdan Qalstanyan bu yeparxiyaya başcılıq edir.
Qalstanyanın təşkilatçılığı ilə mayın 4-dən 8-dək ölkə üzrə yürüş keçirilir. Məlumata görə, o, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla görüşəndən sonra belə bir aksiyanın təşkilinə qərar verib.
Ümumermənistan etiraz tədbirini keçirməkdə məqsəd daha çox narazı insanı bu prosesə cəlb etməkdir. Çünki onların, yəni müxalifət sayılan kəsimin İrəvanda keçirdiyi antihökumət aksiyası effektiv alınmayıb. Bu səbəbdən də onlar ölkə üzrə belə bir aksiyanın keçirilməsinə ehtiyac görüblər.
Bu baxımdan, bəhs olunan aksiyanı Koçaryanın siyasi səhnəyə yenidən qayıdış cəhdi də saymaq olar. Belə hesab etmək olar ki, çox sayda azərbaycanlı və erməninin qatili olan bu “siyasətçi” oğlunun parlamentə düşməsinə nail olsa da, öz məqsədindən imtina etməyib.
Robert Koçaryanın Rusiyanın adamı olduğu heç kim üçün yenilik deyil. Ona görə də bu yürüşə qatılanların çoxu eyni siyasi düşərgənin nümayəndələridir.
Məlumata görə, keçmiş prezidenti Serj Sarqsyanın adamları, o cümlədən Nikol Paşinyan hökumətində milli təhlükəsizlik xidmətinin direktoru olmuş Artur Vanesyan da bu sıradadır.
Bildirilib ki, bu dəstəyə Nikol Paşinyan hökumətinin vəzifədən uzaqlaşdırılaraq barələrində cinayət işi açılan keçmiş məmurlar, həmçinin hərbçilər də var. Onlardan birinin cinayətkar aləmdə “Don Pipo” ləqəbi ilə tanınan, Ermənistanı Milli Təhlükəsizlik Xidməti sədrinin səlahiyyətlərinin keçmiş icraçısı Mikael Ambarsumyan olduğu da aşkara çıxıb.
Narkobaron kimi tanınan Miqran Poqosyanın da adı bu sıradakılarla birgə hallanır. O da əvvəllər Ermənistanda güc strukturlarında müxtəlif vəzifələrdə, o cümlədən təhlükəsizlik xidmətində işləyib. Ədliyyə general-mayoru əvvəllər Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasından vaxtilə deputat da seçilib. Poqosyan böyük məbləğdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. O, məsuliyyətdən yayınmaq məqsədilə Rusiyaya sığınıb və 2019-cu ildə bu ölkədə tikinti şirkətini qurub. 2024-cü ilin yanvarında isə Erməni Milli Birlik Partiyası yaradaraq, onun sədri olub.
Haqqında danışılan etiraz yürüşünə arxiyepiskop Baqrat Qalstanyan, müxalifətçi deputat Qarnik Danielyan və politoloq Suren Petrosyandan ibarət trio rəhbərlik edir.
Arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən “Vətən uğrunda Tavuş” yürüşünə qoşulanları belə ümumiləşdirmək olar: Koçaryanın, Sarqsyanın tərəfdarları, Paşinyan hökumətinin cinayət işi açdığı məmurlar, hərbçilər, müxtəlif cinayətlərdə adı hallananlar, heç bir siyasi perspektivi olmayan “siyasətçilər”, saxta ermənilik ideologiyasının əsirinə çevrilənlər.
Onlar Azərbaycandan çox mövcud hakimiyyətlə mübarizədə revanşa nail olmağa çalışırlar. Başqa sözlə, bu məğlub siyasi-hərbi-kriminal düşərgə Nikol Paşinyana 2018-ci il də daxil olmaqla, iki dəfə uduzublar. İndi isə yenidən toparlanmaq üçün ciddi ideya qıtlığı yaşayırlar. Dörd kəndin geri qaytarılması, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlaması onların saxta vətənpərvərlik əsasında birləşməsinə bəhanə olub.
Çünki bu torpaqların Azərbaycana aid olduğunu, Koçaryan və Sarqsyanla yanaşı, Rusiya da yaxşı bilir. Onların davası kəndlərin geri qaytarılmasından daha çox Nikol Paşinyan hökumətinin süqutuna nail olmaqdır. Çünki müxalifət sayılan bu kəsimin normal, doğru-dürüst şüarı belə yoxdur.
Deməli, “Vətən uğrunda Tavuş”un əsas hədəfi qondarma vətən ideyası yox, Nikol Paşinyanın yerinə Koçaryanın, Sarqsyanın, deməli, Rusiyanın məqbul saydığı fiquru iqtidara gətirməkdir.
Bu hadisələr həm də kilsənin Paşinyandan qisas almaq cəhdidir.
Ancaq hadisələr göstərir ki, bu revanşistlər Ermənistan cəmiyyəti tərəfindən geniş miqyasda dəstəklənmir. Sərhədlərin müəyyənləşməsi prosesi davam edir. Mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı ilə Almatıda bir araya gələcək. Nikol Paşinyan isə Rusiyanın dövlət başçısı Vladimir Putinin prezident kimi növbəti andiçmə mərasiminə qatılmayacaq. Bu fonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağının ehtiyatlı anonsu da verilir.
Bu və başqa analoji hadisələr Qalstanyanın başçılıq etdiyi hərəkatın uğur qazanma ehtimalını tamamilə azaldır. Ona görə də antihökumət yürüşləri və uyğun açıqlamaların sözügedən aksiyaların sponsorunun, havadarlarının Nikol Paşinyan hökumətinə və onun himayədarlarına təzyiqi kimi də dəyərləndirmək mümkündür. Belə düşünmək olar ki, Rusiya bu kimi aksiyalarla Ermənistan cəmiyyətinin baş verənlərə və konkret özünə reaksiyasını yoxlayır. Ancaq Qorbaçovun məlum yenidənqurma siyasəti ilə bağlı dediyi kimi, “proses başlayıb”.
Başqa sözlə, axına qarşı çıxmaq keşişə də, onun seyrək yan-yörəsinə də çətin olacaq. Yəni “dəyirman bildiyini edər, çax-çax baş ağrıdar”.
“Report” İnformasiya Agentliyi