Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İki yol ayrıcında - Rusiya KTMT-yə müraciət etsə, nəyə nail olacaq?
Avqustun 6-da iki ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində yaşanan ilk, yəni Ukraynanın Kursk vilayətinə hücumu son günlərin əsas müzakirə obyektinə çevrilib. Bu istiqamətdə xüsusilə maraq doğuran məsələ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Çünki təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələrdən birinin ərazisinə hücum olarsa, qurum adekvat cavab vermək öhdəliyinə sahibdir. Lakin Ukraynanın Rusiya ərazisinə hücumu KTMT-nin səssizliyi ilə müşahidə olunur. Əbəs deyil ki, təşkilata üzv ölkələrinin sükutu hətta Rusiyanın KTMT-yə üzvlüyünü dondurmasını da gündəmə gətirib. Bəs görəsən, quruma üzv ölkələrin bu sükutu nəyin göstəricisidir?
Mövzu ilə bağlı Oxu.Az-a müsahibə verən politoloq Zərdüşt Əlizadə bildirib ki, KTMT-nin nizamnaməsinə əsasən, üzv ölkənin ərazisinə hücum olarsa, həmin dövlət dəstək üçün təşkilata rəsmi müraciət etməlidir:
"Lakin Rusiya təşkilata rəsmi müraciət etməyib. Ola bilsin, Moskva hesab edir ki, təşkilat üzvləri müraciət olmadan belə, hərəkətə keçib Kremlə öz sevgilərini nümayiş etdirməlidirlər. Digər tərəfdən, Rusiya yaxşı anlayır ki, KTMT həm də üzv dövlətlərin beynəlxalq hüquq normalarına hörmət etməsini və digər dövlətlərin də eyni addımı, bunun əksi olarsa, adekvat cavab verilməsini nəzərdə tutur. Ancaq bir KTMT üzvü özü bu qaydaları pozursa, digər təşkilat üzvlərinin də beynəlxalq hüquqa hörmət etməyən dövlətə könüllü yardım etmək öhdəliyi qüvvədən düşür.
Üstəlik, Rusiyanın Ukraynaya hücumlarına görə az qala bütün dünya Moskvaya sanksiyalar tətbiq edib. Yəni Rusiyanın vəziyyəti, onsuz da, yaxşı deyil. Belə olan halda, nə Belarus, nə Qazaxıstan, nə Tacikistan, nə Qırğızıstan, nə də ordusu darmadağın olan Ermənistan könüllü surətdə gəlib öz qoşunlarını Kurskda döyüşə göndərər. Rusiya da bunu bildiyi üçün təşkilata rəsmi müraciət etmir. Misal olaraq, İkinci Qarabağ müharibəsində Ermənistanın KTMT-yə müraciətini nümunə göstərə bilərik. Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərini azad etmək üçün əməliyyata başlayanda İrəvan KTMT-yə müraciət etdi ki, təşkilat ona kömək göndərsin. Lakin arzusu ürəyində qaldı. Çünki birincisi, Ermənistan təşkilata rəsmi müraciət etməmişdi. İkincisi isə təşkilat yalnız Ermənistan ərazisinin müdafiəsini nəzərdə tuturdu, işğal etdiyi Azərbaycan torpaqlarının yox.
- Hətta Rusiya tərəfi dəfələrlə rəsmi şəkildə bəyan etmişdi ki, Azərbaycan müharibəni öz ərazisində aparır, Ermənistan ərazisində yox. Ona görə də KTMT-nin bu məsələdə Ermənistana yardım etmək öhdəliyi yoxdur...
- Tamamilə doğrudur. Hüquqi baxımdan KTMT-nin Ermənistana kömək etmək öhdəliyi yoxdur. Lakin müharibədən sonra da ara-sıra lokal xarakterli qarşıdurmalar olurdu, Ermənistan yenə də eyni məsələni gündəmə gətirirdi. Nəhayət bu ölkəyə cavab verildi ki, Qarabağ Azərbaycanın suveren ərazisi olduğu halda, orada 10 min nəfərlik qeyri-qanuni erməni silahlı birləşmələri saxlayır, üstəlik, Azərbaycana qarşı KTMT-dən yardım istəyirsən. Bu isə məntiqli deyil. Ona görə də KTMT haqlı olaraq Ermənistana yardım etmədi. Ümumiyyətlə, ermənilər könüllü şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə öyrəşməyiblər, gərək onları buna güc yolu ilə vadar edəsən. Elə bunun nəticəsi idi ki, 2023-cü ilin sentyabrında Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə qondarma rejimi tarixin tozlu səhifələrinə göndərdi.
- Ümumiyyətlə, Sovet İttifaqı süquta uğrayandan sonra KTMT də daxil olmaqla keçmiş ittifaq respublikalarını bir-birinə bağlayan bir neçə təşkilat yarandı. Sizcə, bu təşkilatlar özünü nə dərəcədə doğrultdu?
- Məsələn, bu təşkilatlardan biri Müstəqil Dövlətlər Birliyi (MDB) idi. Azərbaycan o zaman Xalq Cəbhəsi hakimiyyətinin yarıtmaz siyasəti ucbatından MDB-yə qoşulmadı və böyük itkilərə məruz qaldı. Lakin biz Heydər Əliyev vaxtında bu birliyə daxil olduq və postsovet dövlətlərinin qarşılıqlı əlaqələrini tənzimləyən bir çox qanunlara imza atdıq. O cümlədən vizasız gediş-gəliş, ticarət, hüquqi sənədləşmənin vahid qaydada aparılması və s. Yəni insan həyatını tənzimləyən, rifahının yaxşılaşdırılmasına xidmət edən qaydaları Azərbaycan qəbul etdi və bundan yararlandı.
KTMT (əsası 1992-ci ildə qoyulub - red.) də MDB-yə üzv dövlətlərin təşkilatıdır. Lakin Azərbaycan görəndə ki Rusiya Ermənistana kömək edir, onu silahlandırır, amma o da KTMT üzvü olmasına baxmayaraq, ayrı-seçkilik görür, ona görə də 1994-cü ildə Gürcüstan və Özbəkistan da daxil olmaqla təşkilatdan uzaqlaşdı. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı növbəti dəfə tərk etdi. Türkmənistan isə əvvəldən heç bu təşkilata qoşulmayıb və neytral statusunu qoruyub- saxlayıb.
Təşkilata üzv ölkələr arasında yeganə nəzərəçarpacaq hərbi qüvvəsi olan ölkə Rusiyadır. Düzdür, Qazaxıstan böyük dövlətdir, Özbəkistanın güclü ordusu var, amma Türkmənistanın, Tacikistanın və Qırğızıstanın orduları çox zəifdir. Ermənistan ordusunun isə 44 günlük İkinci Qarabağ müharibəsində hansı aqibətlə üzləşdiyi hər kəsə məlumdur. Yəni Ermənistanın da nəzərəçarpacaq hərbi gücü yoxdur. Çünki silah-sursatının təxminən 80 faizi məhv olub. Hələ indi yavaş-yavaş Fransa, Hindistan və başqa ölkələrin hesabına yenidən silahlanmağa çalışır. Amma onun ordusunun da bərpasına neçə il lazımdır ki, darmadağın olmamışdan əvvəlki vəziyyətinə qayıtsın. Göründüyü kimi, KTMT-yə üzv ölkələr hərbi cəhətdən bir-birinə dəstək göstərəcək gücdə deyillər.
- Ermənistan həm də Rusiya ilə bir çətir altında istənilən əməkdaşlıqdan imtina edir. Eləcə də, KTMT-dəki fəaliyyətini dondurub. Təşkilata pul ayırmır, tədbirlərində iştirak etmir və s., yəni imkanı olsa da, hansı dəstəyi göstərəcək?
- Məlum məsələdir. Lakin bir şeyi də unutmamalıyıq ki, KTMT ümumiyyətlə əzəmətini itirib. Ermənistanın isə özü acınacaqlı durumdadır. Buna baxmayaraq, hər dəfə təşkilatdan çıxacağını desə də, vədinə əməl etmir. Çünki bundan da mənfəəti üçün istifadə edir.
- Ümumiyyətlə, mövcud situasiyada KTMT-nin fəaliyyətinə nə ehtiyac var?
- Hər hansı bir bürokratik qurum yaranırsa, o, nəinki yaşamağa, həm də inkişaf etməyə çalışır. KTMT bürokratik qurumdur, orada xeyli sayda hərbi mütəxəssislər, diplomatlar çalışırlar. Bu təşkilat həm də Rusiya üçün Qərbə qarşı təsir dairəsidir. Yəni Qərbin NATO-su varsa, Rusiyanın da KTMT-si var. Bu, elə bir qurumdur ki, üzv ölkələrin nümayəndələri müdafiə planlarını müzakirə edirlər, hərbi siyasəti müəyyənləşdirirlər, lakin məsələ real siyasətə gələndə, əksi olur. Ona görə də KTMT-nin əvvəlki nüfuzu qalmasa da, müəyyən məsələlərə görə ləğv etməyə də ehtiyac yoxdur.
- Belə olan halda, gələcək perspektivdə digər üzv ölkələrin də təşkilatı tərk edəcəyini görə bilərik?
- Bu, hər bir dövlətin hərbi-siyasi potensialına bağlıdır. Çünki hər bir dövlət öz təhlükəsizliyi barədə düşünür. Bu isə ilk növbədə qonşu ölkələrlə münasibətlərdən asılıdır. Məsələn, bu istiqamətdə Ermənistanı nümunə götürək. Bütün qonşularla münasibətlərini korlayıb, sonra da öz təhlükəsizliyinin təhdid olunmasından danışır. Qazaxıstan çalışır ki, öz təhlükəsizliyini təmin etsin, Rusiya və Çin arasında balanslı siyasət yürütsün. Bu, həm də dolayısı ilə digər üzv ölkələrin təhlükəsizliyini möhkəmləndirir.
Ermənistan isə düşünür ki, o, Azərbaycan və Türkiyəyə düşmən olmaqla, Rusiyadan uzaqlaşıb ABŞ-yə meyillənməklə təhlükəsizliyini təmin etmiş olacaq. Lakin Ermənistanın nə varlığı, nə də yoxluğu ABŞ-ni maraqlandırır. ABŞ-ni ancaq öz mənafeyi düşündürür. Bunun fonunda isə Ermənistanın iqtisadiyyatı çökür, siyasi əlaqələri və subyektliyi sual altına düşür. Ermənistanın əmin-amanlığının birinci zamini Türkiyədir. İrəvan Ankara ilə münasibət qurmalıdır ki, dünyada hörməti artsın, təhlükəsizliyi təmin olunsun. Azərbaycan da Ermənistanın yaxın qonşusudur. Amma Ermənistan öz səhvləri ucbatından bizimlə də düşmən olub və indi başına döyür. Ona görə də iki yol ayrıcında qalıb.
Mərahim Nəsib
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)" teqi üzrə xəbərlər
- Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq
- Ermənistan KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü boykot edib
- Zaxarova: "Paşinyanın KTMT təhlükəsi ilə bağlı sözləri sağlam düşüncəyə ziddir"
- Ermənistan parlamentinin spikeri ölkənin KTMT-dən çıxmasını istisna etmədi
- KTMT-nin kəşfiyyat təlimi başladı, Ermənistan qatılmadı