Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fuad Hüseynəliyev: "Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir"
"Azərbaycanla hərtərəfli sülh, Türkiyə ilə münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması Ermənistanın xarici oyunçuların təsirindən qurtulmağı üçün yeganə yoldur".
Bunu CBC telekanalına müsahibəsində "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
"Ümumiyyətlə, hazırda regionumuzda çox maraqlı bir oyun gedir. Bu oyunda bəziləri gizli, bəziləri isə açıq şəkildə olmaqla bir çox beynəlxalq aktyorlar iştirak edir. Açıq oyun sərgiləyən aktorlar arasında Ermənistan trekində çox fəal şəkildə irəliləyən, bu ölkədə dominant mövqe tutmağa çalışan Fransanı, gizli oyunçulardan isə həm ABŞ-ni, həm də Rusiyanı qeyd etmək olar", - o bildirib.
F.Hüseynəliyevin sözlərinə görə, Paşinyan hökumətinin anti-Rusiya ritorikasına baxmayaraq, Rusiya Ermənistana qarşı heç bir xüsusi tədbir görməyib, əksinə, reallıqda bu ölkələr arasında ticarət dövriyyəsində böyük artım var.
"Belə başa düşürəm ki, bu, ilk növbədə, Qərbin sanksiyalarından yayınma ilə bağlıdır. Lakin Qərb ölkələrinin özləri də buna göz yumur. Bu, nə ABŞ-ni, nə Avropanı, o cümlədən də nə Fransanı, nə də başqa ölkələri narahat etmir. Paşinyan bir tərəfdən Rusiyanın təsirindən uzaqlaşmaq niyyətində olduğunu, digər tərəfdən isə Qərb üçün dayaq nöqtəsi olacağını deyir. İndi Ermənistan fəal şəkildə Qərb silahları ilə təmin edilir, yeri gəlmişkən, bizim ayrı-ayrı saytlarımızın da xəbər verdiyi kimi, Rusiya silahlarının da bu ölkəyə tədarükünə başlanılıb", - o söyləyib.
Agentliyin direktorunun fikrincə, Ermənistan başqa sahələrdə tamamilə fərqli mövqelər tutan ölkələrin maraqlarının üst-üstə düşdüyü düyünə çevrilir.
"Bu şəraitdə Ermənistanın gələcəyi o qədər də yaxşı görünmür. ABŞ və Avropa kimi müxtəlifqütblü oyunçular, yəni bir tərəfdən Qərb, digər tərəfdən isə Rusiya Federasiyası bir ölkədə cəmləşdikdə düşünmürəm ki, bu, nəinki uzunmüddətli, hətta ortamüddətli perspektivdə belə yaxşı nəticəyə gətirib çıxarsın", - o qeyd edib.
F.Hüseynəliyev onu da əlavə edib ki, Paşinyan Rusiyanın iştirakından son dərəcə asılı olan Ermənistanı üçüncü oyunçuların təsirindən tamamilə azad görmək istəyi ilə bağlı verdiyi açıqlamaların əksinə olaraq, Qərb oyunçularını dəvət edir, həmçinin Qərb silahları alır.
"Təbii ki, bu, hansısa mərhələdə partlayış təhlükəli vəziyyətə gətirib çıxaracaq. Xarici aktorların təsirindən tam müstəqil olmağın yolu Azərbaycanla hərtərəfli sülh, Türkiyə ilə münasibətlərin normallaşması və regional kommunikasiyaların açılmasından keçir. Bütün bunlar həqiqətən də Ermənistanın tamhüquqlu ölkə kimi inkişafına yol açacaq. Amma bu gün biz bunun üçün ilkin şərtləri görmürük, əksinə, Ermənistan oyunda daha dərinə gedir və xarici aktorlar üçün döyüş meydanına çevrilir", - o vurğulayıb.
"Fuad Hüseynəliyev" teqi üzrə xəbərlər
- "3+3" platforması Cənubi Qafqazda regional kommunikasiyaların açılmasına doğru addım ola bilər
- "Report"un direktoru: "Dezinformasiyaya qarşı mübarizədə jurnalistlərin peşəkarlığı əsas amildir"
- Fuad Hüseynəliyev: "İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək"
- Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, Rusiya əsgərlərinə qarşı da yönələ bilər
- Fuad Hüseynəliyev: "Pakistanla əlaqələrin inkişafı praktiki müstəviyə keçir"