Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fergus Auld: “Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir edirəm”
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəsində Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir etdiyini deyib.
Bu barədə o, “ASAN Radio”ya müsahibəsində danışıb.
Səfir Azərbaycanı gözəl insanları və dağları olan unikal ölkə hesab etdiyini vurğulayaraq əlavə edib ki, Bakıya gəlməzdən əvvəl altı həftə Gəncədə yaşamaq Azərbaycan həyatını və mədəniyyətini tanımaq üçün ona çox kömək edib:
“Britaniyada bir çox insan Azərbaycan barədə çox şey bilmir. Amma “Formula-1” yarışları bəzi insanların Azərbaycanı xəritələrdə tapmasına kömək etdi. Bu yaxınlarda britaniyalı bir tarixçi Azərbaycan haqqında çox məşhur televiziya proqramı hazırladı. Bu, Azərbaycanı bir çox insana tanıtdı. Onlar gəlib buranı öz gözləri ilə görmək istədiklərini deyirlər”.
F.Auld Böyük Britaniyaya gedərkən Azərbaycandan apardığı hədiyyələrdən də söz açıb:
“Xalça, ev paxlavası və Göyçaydan narşərab aparmışam. Mən Azərbaycanın hər yerindən fərqli yeməklər dadmağı sevirəm. Lənkəranın turşu kababını çox sevirəm. Amma həm də Gəncədə təndir çörəyi ilə təzə qaymaq, bal yeməyi sevirəm, Şəki pitisini də xoşlayıram. Düzü, mən Azərbaycanda yemək məsələsində çox ehtiyatlı olmalıyam, yoxsa çox tez kökələrəm”. (gülür)
Diplomat iş çoxluğu səbəbilə başını qaşımağa vaxt tapmadığını da söyləyib:
“Həftəsonu vaxtım olarsa, təmiz hava üçün Bakıdan çıxmağı, ölkənin başqa yerlərini kəşf etməyi xoşlayıram. Tədbirlərdə şotland milli geyimi olan kilt geyinməyi sevirəm. Məni bir az “Cəsur ürək” filmindəki Vilyam Uolles kimi hiss etdirir. Kilt rəqs etmək üçün əladır, ona görə də onu növbəti böyük Azərbaycan toy mərasimində geyinməliyəm”.
F.Auld işğaldan azad edilmiş ərazilərə səfərindən və indiyədək Şuşaya getməməsindən söz açıb:
“Bu günə qədər Qubadlı, Füzuli, Zəngilan və Ağdamda olmuşam. Şuşada hələ də olmamışam, ümid edirəm, bir gün dəvət etsələr, gedəcəyəm. Düşünürəm ki, Azərbaycanla Böyük Britaniya arasında xüsusi bağ var, hara getsəm, məni isti qarşılayırlar. Bu, insanlar, hökumətlər və biznes qurumları arasındakı əlaqələri göstərir. Ümid edirəm ki, hər bir mühüm addımda Azərbaycan və Britaniyanın yan-yana dayanacağını görəcəyik”.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır