Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistanı çalxalayan cinayətlər: Paşinyan hakimiyyətini nə ilə qorxudurlar?
Ermənistanda cinayət hadisələri artıb. Ölkə mediasının məlumatına görə, təkcə iyulun 6-da iki silahlı insident baş verib. Yerli ekspertlər qeyd edirlər ki, ümumiyyətlə, Ermənistanda kriminal avtoritetlər fəallaşıblar. İddialar var ki, bəzi revanşist və xaricdəki lobbilər Ermənistandakı kriminogen vəziyyəti nəzarətdən çıxarmaqla Paşinyana və onun hakimiyyətinə təzyiq etmək istəyirlər. Hətta həmin güclərin vasitəsilə çevriliş etmək istəyənlərin olduğu da deyilir.
"Hraparak" qəzetində dərc olunan məqalədə qeyd olunub ki, hakim Vətəndaş Sazişi Partiyasının üzvləri törədilə biləcək terrorun qurbanına çevrilməkdən qorxurlar. Bu səbəbdən Ermənistan Daxili İşlər Nazirliyi ictimai asayişi təmin etmək məqsədilə partiyanın qərargahını polis mühafizəsi ilə təmin edib. Xatırladaq ki, bu ilin fevralında hakim partiya üzvlərindən Qurgen Arsenyan və Qaqik Melkonyanın ofislərinin yaxınlığında bomba aşkar edilmişdi. Bu hadisədən sonra partiya funksionerləri və deputatlar cinayətkar qrupların hədəfi olacaqlarında ehtiyat etdiklərini bildirdilər. Bu ilin mart ayında polis bölməsinə də hücum təşkil olunmuşdu. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlamasında bildirmişdi ki, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində iki nəfər yaralanıb.
Digər maraqlı məqam isə iyulun 5-də Proşyan kəndində Böyük Britaniya və Şimali İrlandiya Krallığının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 44 yaşlı Eymi Betronun həbsidir. Məlum olub ki, həmin şəxs muzdlu qatildir. Ermənistan DİN-dən yerli mediaya bildirilib ki, qətl törətmək üçün qabaqcadan əlbir olmaq və qanunsuz odlu silah saxlamaqda ittiham olunan Eymi Betro barəsində həbs qətimkan tədbiri seçilib.
Ermənistandakı mövcud durumla bağlı Oxu.Az-a açıqlama verən siyasi fəal İşxan Verdyan bildirib ki, cinayətkar dəstələr keçmiş prezident və "Qarabağ klanı"nın rəhbəri Robert Koçaryana tabe olublar və o da mütəmadi olaraq həmin qrupları öz siyasətinin rıçaqları kimi istifadə edib. İşxan Verdyan əlavə edib ki, Koçaryan cinayətlərini məhz həmin kriminal qrupların əli ilə törədib və hazırda da bunu davam etdirir, üstəlik, onlardan Ermənistanın baş naziri Nikol Paşinyana və onun hökumətinə təzyiq vasitəsi kimi də istifadə olunur:
"Robert Koçaryan cinayətkarlarla birbaşa əlaqəsini heç vaxt gizlətməyib. Hətta bəzən çıxışlarında onları müdafiə də edir. Ona görə də Koçaryanın qarşıya qoyduğu məqsədlərə çatmaqda cinayətkar dəstələr və onların rəhbərlərindən dəstək alması təəccüblü deyil. Ermənistanda sabitliyin pozulması revanşistlər üçün müsbət haldır. Ölkədə xaos nə qədər artırsa, onun idarəolunma qabiliyyəti bir o qədər asanlaşır. Koçaryan sabitliyin pozulmasına səbəb ola biləcək və Paşinyanın mövqeyinə xələl gətirəcək istənilən vasitəni Ermənistanda tətbiq edib və etməkdədir. Ona görə də ölkədə cinayətlərin artmasında əminliklə deyə bilərəm ki, Robert Koçaryanın əli var".
Ermənistanın media ekspertlərinin məlumatına görə, hazırda "Telegram"ın Ermənistan seqmentində 150-yə yaxın kanalda baş nazir Nikol Paşinyana qarşı təbliğat yazıları paylaşılır. Qeyd olunur ki, bütün yazılarda hədə və təhqirlərdən istifadə olunmaqdadır. Maraqlıdır ki, Paşinyan özü də çıxışlarının birində ölkəsində müxtəlif xüsusi xidmət orqanlarına işləyənlərin, agentlərin olduğunu vurğulayıb. O, həmin adamları Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesini pozmağa çalışan qüvvələr adlandırıb.
"Mənim etibarlı mənbələrimə görə, xarici kəşfiyyat xidmətləri tərəfindən işə götürülən cinayətkarlar müxtəlif tapşırıqları yerinə yetirirlər. Bununla bağlı yüksəkrütbəli məmurların telefonları dinlənildi. Səs yazılarında məmurların xarici kəşfiyyat xidmətlərinin agenti kimi istifadə edilməsi və hətta terror aktlarının törədilməsi ilə bağlı danışıqlar var idi. Onların məqsədi yenidən müharibə başlatmaq, hakimiyyəti seçkisiz dəyişməkdir", - deyə Paşinyan bildirib.
Aqil Vəlili
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 19.11.2024-ün ən mühüm hadisələri
- Qərbin Cənubi Qafqaz döyüşündəki məğlubiyyəti: Hədəf yekun sülhün qarşısını almaqdır
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı