Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan əl çəkir, "Freedom House" yox: Bitməyən separatizm sevgisi
ABŞ-də fəaliyyət göstərən, özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən "Freedom House" təşkilatı növbəti dəfə qərəzli bəyanatla çıxış edib. Anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin ciddi təsiri altında olan bu təşkilat ölkəmizi erməni sakinləri Qarabağdan planlı şəkildə qovmaqda, "etnik təmizləmə"də ittiham edib. "Dağlıq Qarabağda niyə erməni yoxdur" başlıqlı bədnam hesabatda iddia olunub ki, bu səbəbdən Azərbaycan məsuliyyətə cəlb olunmalı, hətta Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməlidir.
Hesabat iyulun 1-də İrəvanda keçirilən demokratiya forumunda da müzakirə olunub.
Maraqlıdır ki, erməni rəsmilərdən heç biri Qarabağda "etnik təmizləmə" aparıldığını bəyan etmədiyi halda, özünü hüquq-müdafiə təşkilatı kimi dünyaya sırımağa çalışan bu qurum belə bir hesabatla çıxış edir. Azərbaycan torpaqları işğal altında qaldığı zaman bir dəfə də olsun işğalçını tənqid etməyən "Freedom House" indi Azərbaycanı etnik təmizləmədə ittiham edir.
Xatırladaq ki, təşkilatın Azərbaycana qarşı qərəzi 2020-ci ildən sonra daha da şiddətlənib. Torpaqlarımız işğal altında olanda Azərbaycanda insan hüquq və azadlıqları hədəfə alınırdısa, müharibədən sonra bu yanaşma dəyişdi. Təşkilat açıq-aşkar ermənipərəst mövqe tutmaqla yanaşı, Azərbaycanı hədəfə alan bəyanatlarla yadda qaldı və proses bu gün də davam edir.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın müəllifləri 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia edirlər.
Ümumilikdə, zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi hədəfə alınması "Freedom House"da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerin fəaliyyətinin nəticəsidir. "Freedom House" insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə, Azərbaycana qara yaxır, ölkəmizə qarşı total, qərəzli hücum kampaniyasını davam etdirir. Uzun illərdir rəsmi Bakıya qarşı mütəmadi böhtan, qarayaxma kampaniyasının önündə gedən təşkilat "2024-cü ildə dünyada azadlıq" adlı hesabatında da ölkəmizi hədəfə almışdı. Fransa başda olmaqla Qərb ölkələri və digər mərkəzlərdən estafeti ələ alan "Freedom House" həmin təşkilatdır ki, qərəz və riyakarlığın pik həddinə çataraq Azərbaycanın əzəli və əbədi torpağı Qarabağı "mübahisəli ərazilər" kimi sırımağa çalışırdı.
Əvvəla, təşkilatın qeyd etdiyi "Dağlıq Qarabağ" ərazisi beynəlxalq qanunvericiliyin hüquq və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarıdır. Təşkilat bu reallığı qəbul etmək istəmirsə, o zaman, heç olmasa, Ermənistan hakimiyyətinin səsləndirdiyi bəyanatlara nəzər salardı. Məsələn, hətta Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədiyi halda, "Freedom House" ermənidən artıq erməni olmaqda israr edir. Çünki onlar üçün əsas məsələ verilən tapşırıq və göstərişlərdir.
İkincisi, təşkilat iddia edib ki, xarici müşahidəçilər baş verənləri "etnik təmizləmə" kimi qiymətləndiriblər. Söhbət hansı müşahidəçilərdən gedir? Hesabatda onların adı çəkilməyib. Bu da qərəzin daha bir təsdiqidir. Halbuki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra bölgəyə gələn BMT missiyası belə ortaya bir fakt qoya bilməmişdi. Əksinə, bölgədən könüllü qaydada çıxan erməni sakinlərin hər hansı bir təzyiqə məruz qalmadıqlarını bəyan etmişdi. Göründüyü kimi, Ermənistan belə, Qarabağda hər hansı bir etnik təmizləmə faktına iddia etmir. Hətta bununla bağlı müzakirələrə qatılmayıb, ya da biganəlik nümayiş etdirib.
Üçüncüsü, "Freedom House" Azərbaycanı ötən əsrin 90-cı illərində etnik ermənilərə qarşı ayrı-seçkilik siyasəti yürütməkdə ittiham etməklə qərəzli olduğunu isbatlayıb. Çünki təşkilat heç vaxt bir milyondan artıq azərbaycanlının ev-eşiyindən qovulmasına, Ermənistan ərazisindən didərgin salınmasına münasibət bildirməyib.
Maraqlıdır, bu gün Qərbin çaldığı havaya oynayan "Freedom House" niyə uzun illər Azərbaycanın başına gətirilən müsibətlərə susub? Nə üçün təşkilatın heç bir hesabatında erməni təxribatları nəticəsində Azərbaycan hərbçilərinin öldürülməsi, yüzlərlə mülki əhalinin mina qurbanı olması barədə bir kəlmə də yoxdur. Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində xeyli sayda Ermənistanda istehsal olunmuş mina aşkarlanıb. Onların törətdiyi təhlükələr isə hələ də davam etməkdədir. Bütün bunları gözardı edən "Freedom House" niyə İrəvanın davamlı sülhün yaranmasına əngəl törətdiyini qondarma hesabatına salmır?
Göründüyü kimi, Ermənistan öz məğlubiyyətini etiraf etdiyi halda, "Freedom House" kimi təşkilatlar bu reallıqla barışmaq istəmir. Onların regionla bağlı narahatlığı, əl-ayağa düşmələri təəccüblü deyil. Qərbin əlində oyuncaq təşkilata çevrilən "Freedom House" bundan əvvəlki hesabatlarda da özünü gülünc vəziyyətə qoyub. Özünü beynəlxalq statuslu insan haqları qurumu kimi qələmə verən "Freedom House" öz maraqlarından ötrü növbəti dəfə etnik separatizmin dəstəkçisi rolunda çıxış edib.
Təşkilatın qərəzinin əsas səbəblərindən biri gündəmdə qalmaq, "mən də varam" deməkdir. Ancaq düşünmürlər ki, belə bədnam hesabatların heç bir əhəmiyyəti yoxdur və heç bir qərəz Azərbaycanı öz mövqeyindən döndərə bilməyəcək.
"Report" İnformasiya Agentliyi
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
- Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 19.11.2024-ün ən mühüm hadisələri