Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Erməni separatçıları “siyasi məhbus” kimi sırıyan, etnik təmizləməyə ikili yanaşan Fransa - ŞƏRH + FOTO
Tarixi hərbi cinayətlərlə, etnik təmizləmələrlə dolu olan Fransa rəhbərliyi yenə də öz ampluasındadır. Bu ölkənin azərbaycanofob, türkofob qərarları ilə seçilən Senatının Beynəlxalq əlaqələr komitəsi növbəti dəfə Bakıya qarşı qərəzli qətnamə qəbul edib. “Sənəd”də Qarabağdan könüllü çıxan ermənilərin guya “etnik təmizləmə”yə məruz qaldıqları yazılıb, eləcə də, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıran gülünc fikirlər yer alıb. Erməni lobbisinin təsiri altında olan senator Yuber Jülyen Laferrier isə daha irəli gedib, hazırda Bakıda həbsdə olan, məhkəmələrini gözləyən erməni separatçılar və terrorçuları “siyasi məhbus” adlandırıb. Ardınca da Fransa və Avropa İttifaqından həmin şəxslərin azad olunmasına dəstək olmağı tələb edib.
Əvvəla ondan başlayaq ki, Senatın ən böyük komitəsinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsi cəfəngiyyatdır. Ermənilərin bölgəni tərk etməyə məcbur edilməsi də kökündən yalandır və bunu faktlarla sübut etmək mümkündür. Məsələn, bu iddianı hətta Ermənistan rəhbərliyi də yaxın buraxmır, ümumiyyətlə keçmiş separatçı qurumu yada belə salmır. Bölgədən köçən ermənilərin təhdid olunmasına və ya buranı tərk etməyə məcbur edilməsinə dair də heç bir real, inandırıcı sübut yoxdur. Əksinə, Azərbaycan hökuməti bir gündən də az sürən lokal antiterror tədbirlərindən əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar etmişdi.
Terrorçular, separatçılar “siyasi məhbus”dur?
Senatın üzvü Yuber Jülyen Laferrierin separatçı liderləri “siyasi məhbus” adlandırmasının səbəbi də sadədir. Fransa hakimiyyətində təmsil olunan şəxsləri separatçıların liderlərindən sayılan və hazırda Bakıda həbsdə olan Ruben Vardanyanla çirkin biznes əlaqələri birləşdirir. Elə bu səbəbdən də onun azad olunmasına çalışırlar. Amma bu, ilk cəhd deyil. Bundan əvvəl, Fransa və digər ölkələr 55 nəfərlik bədnam siyahı da hazırlamışdılar. Həmin siyahıda kimlərin adı yoxdur? 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Azərbaycanın digər şəhərlərinin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Arayik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan, Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyan və s. şəxslərin adlarına rast gəlmək mümkün idi. Prezident Emmanuel Makron və komandasında təmsil olunanların erməni lobbisindən aldığı vəsaitləri doğrultmaq üçün dəridən-qabıqdan çıxdıqları bəllidir. Bununla da bütün əndazələri aşmış olublar. Separatçıların və terrorçuların hərbi cinayətlərdə əli olduqları barədə tutarlı faktlar olduğu halda, onları həyasızcasına “siyasi məhbus” kimi təqdim ediblər.
Qətliamlarla xatırlanan dövlət
O ki qaldı iddia olunan “etnik təmizləməyə” - bundan danışmağa haqqı olmayan dövlət varsa, o da Fransadır. Mövcudluq tarixi başdan-ayağa qətliamlar, soyqırımları ilə bağlı olan ölkənin törətdiyi zorakılıqları, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Məsələn, Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını yada salaq. Özü bunu unutmağa çalışsa da, əlcəzairlilər kütləvi qəddarlığı əsla unutmayacaqlar. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman onminlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxıb. Polisin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1 500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Yelisey sarayı hələ də bu faciə ilə bağlı susqunluq nümayiş etdirir. Törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi Fransanın “bacısı” Ermənistana da sirayət edib. 1992-93-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar, əslində, 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boyunlarına almayıblar.
Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməniəsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin bir milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar təşkil edirdi.
Göründüyü kimi, Fransa və Ermənistanı tarixən yürütdükləri və indi də davam etdirdikləri oxşar zorakılıq, kütləvi qəddarlıq, islamofob, türkofob, irqçi, antisemit siyasətləri birləşdirir. Bu baxımdan, Senat komitəsinin qəbul etdiyi son qətnamə də təəccübləndirici görünmür. Yeri gəlmişkən, konkret Fransanın neokolonial siyasətinə qarşı çıxan azsaylı dövlətlər içərisində Azərbaycan hər zaman öndə olub. Hazırda bu proses davam edir. Prezident İlham Əliyev dünən andiçmə mərasimində neokolonializmə qarşı mübarizənin davam etdiriləcəyini bəyan edib. Bildirib ki, dünyada islamofobiyaya, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”.
Ölkə Prezidenti bundan əvvəlki çıxışlarında da bu məsələyə xüsusi diqqət yetirib. Bakıda keçirilən beynəlxalq tədbirlərdə bu məsələyə xüsusi yer ayrılıb. Azərbaycan Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin problemlərinin həllində ciddi dəstək tribunasına çevrilib. Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri də məhz neokolonializmlə mübarizə məsələsi olub. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Dövlət başçı Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış da edib. Məhz Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəsini sərt tənqid edən Bakı Bəyannaməsi qəbul olunub, tədbirin davamı kimi Cenevrədə beynəlxalq konfrans keçirilib. Bu səbəbdən də erməni lobbisinin təsiri altında olan fransalı siyasilər, rəsmi orqanlar Azərbaycanı hədəfə alan bəyanat və təşəbbüslərlə çıxışlarının sayını artırıblar.
“Report” İnformasiya Agentliyi
"Arayik Arutyunyan" teqi üzrə xəbərlər
- Qayıdışa haqqı çatanlar: Körpüləri yandıranlar üçün bağlanan qapı
- Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər
- BMT-nin tədbirini qaralamaq cəhdləri: COP29-la Azərbaycana təzyiqlər
- Ermənistanın "boş gülləsi": Havada qalan hədələr, təsirsiz xəbərdarlıqlar
- Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb