Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əli Hüseynli: “Artıq 20 ildir işləyən, formalaşmış seçki konfiqurasiyası özünü doğruldub”
“Artıq 20 ildir işləyən, formalaşmış seçki konfiqurasiyası özünü doğruldub”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən müşavirədə deyib.
“Seçki qanunvericiliyinə indiyə qədər etdiyimiz ən önəmli dəyişiklik dairə seçki komissiyalarının maddi-texniki təminatı, əməkhaqqı almasıdır”, - deyə vitse-spiker bildirib.
O qeyd edib ki, ötən il qanunvericilik orqanı ilə birlikdə “Siyasi partiyalar haqqında” Qanunu müzakirə edən, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiyalar bu gün seçkini boykot edir:
“Onların bu addımı anlaşılan deyil. Halbuki, siyasi partiyalar seçkidə öz vahid namizədi ilə iştirak edə və ya partiya blokları formasında namizədlərini dəstəkləyə bilərlər”.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, Azərbaycanda bütün siyasi partiyalara bərabər seçki hüququ yaradan orqan Mərkəzi Seçki Komissiyasıdır:
“Partiyaların seçkilərdə iştirakına ancaq sevinə bilərik. Bir daha müraciət edirəm, siyasi partiyalar da seçki hüququndan istifadə etsinlər, öz namizədlərini irəli sürsünlər. Hələ ki gec deyil”.
Aysel Aslan