Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüblər, bir sıra sənədlər imzalanıb
Oktyabrın 3-də Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Oxu.Az "Belta.by"a istinadən xəbər verir ki, hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.
Hökumət başçıları sənaye və aqrar sahədə əməkdaşlığın sabit inkişafını vurğulayıb və hər iki tərəfin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmağa hazır olduğunu təsdiqləyib.
Tərəflər nəqliyyat və tranzit sektorunda əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab ediblər.
Əli Əsədov və Roman Qolovçenko, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər və Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.
Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.
Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi səfəri çərçivəsində ölkəmizin Belarusdakı səfirliyini ziyarət edib.
Bu barədə Oxu.Az "Belta.by" nəşrinə istinadən xəbər verir.
Səfər zamanı Əli Əsədov diplomatlar qarşısında çıxış edib və qarşıda duran əsas vəzifələrdən, eləcə də ikitərəfli münasibətlərin inkişafı istiqamətlərindən danışıb.
Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Mahir Hacıyev qeyd edib ki, baş nazir görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən bəhs edib.
Onun sözlərinə görə, iki dövlətin liderlərinin sayəsində Azərbaycan və Belarus arasında münasibətlər ən yüksək səviyyədədir.