Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Elçin Əmirbəyov: "Fransa münasibətlərimizin gərginləşməsinə birbaşa məsuliyyət daşıyır"
"Fransa ilə Azərbaycan arasındakı əlaqələri böhran kimi dəyərləndirmək lazımdır"
Oxu.Az xəbər verir ki, bu fikirləri Fransanın "Le Monde" qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O bildirib ki, Fransa münasibətlərimizin bu vəziyyətə gəlib çatmasında birbaşa məsuliyyət daşıyır:
"Əgər bu vəziyyətdən çıxış yolu axtarmaq istəyirsə, Paris ilk növbədə Azərbaycana qarşı düşmənçilik aktlarından əl çəkməlidir, həmçinin Ermənistana silahların verilməsinə son qoymalıdır. Bu cür yanaşma bizim nəinki ikitərəfli münasibətlərə zərbə vurur, eyni zamanda kövrək vəziyyətdə olan sülh prosesinə də olduqca mənfi təsir göstərir. Keçmişdə münasibətlərimiz normal idi və yaxşı inkişaf edirdi. Təəssüflər olsun ki, bu məsələyə münasibətlərimizə peşəkar şəkildə yanaşanların, Azərbaycana dost kimi baxan insanların səsi Fransada, ümumiyyətlə, eşidilmir. Münasibətlərin yaxşılaşdırılması üçün Fransa müəyyən addımlar atmalıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, Elçin Əmirbəyovun "L'Opinion" qəzetində də məqaləsi dərc edilib.
Nəşrdə qeyd olunur ki, Azərbaycanda iqtisadi maraqlarına baxmayaraq, hazırkı Fransa hökuməti Bakı ilə əlaqələri böhran vəziyyətə gətirib.
"Eyni zamanda, bizim münasibətlərimizdə olan böhran ikitərəfli iqtisadi münasibətlərə də öz mənfi təsirini göstərir. Makron özündən qabaq fəaliyyət göstərən dövlət başçılarından fərqli olaraq tarazlaşdırılmış və balanslaşdırılmış siyasətə son qoydu; Ermənistanın mövqeyini açıqcasına dəstəklədi, Azərbaycanı isə mümkün olan bütün məsələlərdə günahlandırdı. Bu da münasibətlərin bu günə çatdırılmasına gətirdi", - deyə o bildirib.