Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ekspert: "Heç bir lider nüvə düyməsinə basmaz" prinsipi işləməyə də bilər"
Dünyada beynəlxalq münasibətlər sistemində meydana gələn böhran, qlobal təhlükəsizlik arxitekturasının çökməsi, yeni münaqişə ocaqları və BMT-nin mövcud problemlər qarşısında öz effektivliyini itirməsi son dövrdə nüvə müharibəsi təhlükəsini yenidən meydana çıxarıb.
Oxu.Az-a sözügedən məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu hazırda nüvə silahından istifadə təhlükəsinin daha da artdığını bildirib:
"2024-cü il üçün Nobel Sülh Mükafatı Xirosima və Naqasaki bombardmanlarından sağ çıxan Yaponiya təşkilatı olan "Nihon Hidankey"ə nüvə silahlarından azad dünya yaratmaq səylərinə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsinin nümayiş etdirilməsinə görə verilib. ABŞ-nin Yaponiyaya qarşı nüvə silahından istifadəsindən 79 il ötür. Nobel Sülh Mükafatının Yaponiya təşkilatına verilməsi gələcək təhlükələrlə əlaqəlidir.
ABŞ Yaponiyaya atom bombası atanda bu silah, sadəcə, onda var idi, sonra keçmiş SSRİ nüvə silahını əldə etdi. Üstündən 80 il keçdikdən sonra nüvə silahına malik olduğu iddia edilən ölkələrin sayı 20-dən çoxdur və kimsə həmin ölkələrdən birinin düşməninə qarşı nüvə silahından istifadə etməyəcəyinə zəmanət verə bilməz. Beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və Ukraynaya hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir. Rusiyada hətta nüvə silahından istifadəni asanlaşdırmaq məqsədilə ölkənin təhlükəsizlik doktrinası dəyişdirildi".
Siyasi şərhçi İran-İsrail qarşıdurması və digər problemli regionlarda da nüvə silahından istifadə məsələsinin gündəmdə olduğunu əlavə edib:
"İsrail-İran qarşıdurması eyni mövzunu bu iki ölkə üçün aktuallaşdırıb. Tərəflər etiraf etməsələr də, nüvə silahına malikdirlər, yaxud ona yaxındırlar. Hələ ki, havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda bu bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq. Şimali Koreyanın da nüvə silahı var və bu ölkənin liderinin siyasətini kimsə proqnozlaşdıra bilmir. Nəticədə beynəlxalq aləmdə əlavə gərginlik mənbəyi yaranır.
"Heç bir lider nüvə düyməsinə basmaz, çünki bu, fəlakət olar" prinsipi işləməyə də bilər. Verilən açıqlamalar da bunu təsdiqləyir. Regional müharibələr genişləndikcə nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq".
Söhrab İsmayıl
"Nüvə müharibəsi" teqi üzrə xəbərlər
- Ukrayna ilk dəfə NATO silahı ilə Rusiya ərazisinə hücum etdi: Bundan sonra nə olacaq?
- İqor Korotçenko Rusiyanın nüvə cavabından danışdı: "Xəbərdarlıq olmayacaq"
- Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı açıqlanıb
- İrandan İsrailə xəbərdarlıq: "Nüvə siyasəti nəzərdən keçiriləcək"
- Nüvə müharibəsinə gedən yol: Rusiyalı politoloqdan ssenari