Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Demokratiya pərdəsi altında ideoloji müharibə: "Hər kəs ayıq-sayıq olmalıdır"
"Bu gün dünyada baş verən proseslər ideoloji təhlükəsizliyin önəmini daha da artırır və cənab Prezident Milli Məclisdəki çıxışında bu məsələyə çox geniş formada toxundu".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində çox mühüm addımlar atdı:
"Milli-mənəvi dəyərlərin qorunması üçün çox ciddi tədbirlər görüldü və bu siyasət Azərbaycan dövlətinin gücünü artırdı, biz öz məqsədlərimizə doğru inamla addımlamağa başladıq. Yəni bu siyasətin əsası ulu öndər tərəfindən qoyuldu və sonrakı dövrlərdə də Prezident İlham Əliyev bu siyasəti davam etdirdi. Bu gün də bu siyasətin uğurla həyata keçməsi üçün dövlətimiz bütün tədbirləri müvəffəqiyyətlə həyata keçirir".
"Hazırda bu məsələ ilə bağlı yeni çağırışlar var və biz də çalışmalıyıq ki, bu çağırışlara hazır olaq. Prezident çıxışında bu çağırışlarla bağlı məsələlərə çox geniş yer verdi, milli ideologiyanın önəmini xüsusi vurğuladı. Yəni ideoloji təhlükəsizliyi təmin etmədən dövlətlərin inkişafına nail olmaq birmənalı olaraq qeyri-mümkündür. Bu gün dünyamızda baş verən proseslər bunu göstərir. Milli Məclisdəki konseptual çıxışında da Prezident bu məsələləri xüsusi olaraq vurğuladı - bu gün bizim qarşımızda duran hədəflər, məqsədlər, problemlər, nələrə fikir verməliyik, hansı addımları atmalıyıq, bunların hər biri bu gün hər bir dövlətin qarşısında duran əsas məsələlərdən biridir. Azərbaycan da bu prosesə hazır olmaq üçün bütün addımları atır", - deyə deputat fikrini yekunlaşdırıb.
Siyasi şərhçi İlyas Hüseynov da Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı ilə bir sıra mühüm məsələlərə toxundu və bu qeyd olunan istiqamətlər arasında ideoloji təhlükəsizlik xüsusi diqqət çəkir:
"Vətən müharibəsindən sonra Azərbaycanda milli ideyanın formalaşması, təşəkkül tapması, yeni prioritetlərin, yeni milli ideoloji əsasların qurulması haqqında Prezident dəfələrlə vurğulayıb. Xüsusilə ilk dəfə 2024-cü ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident bu barədə öz düşüncələrini bölüşmüşdü.
Həqiqətən də, Qarabağ məsələsinin həll olunması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması həm də yeni hədəfləri meydana gətirir. Qərbi Azərbaycana qayıdış, tarixi torpaqlara azərbaycanlıların geri dönüşü, Qarabağın bərpası, sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, ATƏT-in bədnam Minsk qrupunun buraxılması bu gün siyasi gündəlikdə duran əsas məsələlər olsa da, gənclərin vətənpərvər ruhda böyüməsi, məktəbdə alınan tərbiyə, ailədə alınan tərbiyə, azərbaycançılıq məfkurəsi əsasında etnik, milli məsələlərin həll olunması da çox mühüm ideoloji, fundamental əsasları təşkil edir".
"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının biz uğurlu nəticələrini bu gün də görməkdəyik. Xüsusilə bu özünü Vətən müharibəsində göstərdi və irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs silaha sarıldı, Vətənin müdafiəsinə qalxdı və Azərbaycan tarixi qəlbə qazandı. Milli zəmində nifaq yaratmaq istəyən Ermənistan və onun arxasında duran qüvvələr heç nəyə nail ola bilmədilər. Bu gün də ideoloji müstəvidə, informasiya müstəvisində müxtəlif təxribatlar özünü göstərir. Lakin milli təhlükəsizlik orqanları çox uğurla bütün bu təhdidlərin qarşısını alırlar", - deyə icmalçı vurğulayıb.
Siyasi şərhçi Sahil Kərimli isə Oxu.Az-a açıqlamasında Azərbaycana qarşı aparılan ideoloji müharibənin yolverilməz olduğunu bildirib:
"Bu gün dünyada gedən təhlükəli proseslər, bəzi ölkələrin digərlərinə qarşı demokratiya pərdəsi altında ideoloji müharibə aparması, xüsusilə də bu fonda son illər Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyası, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən bəzi Qərb və Avropa dairələrinin ölkəmizə qarşı ideoloji müharibə aparması, təbii ki, yolverilməzdir".
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətində də, Azərbaycan xalqında da bu cür hallar hiddətlə qarşılanır:
"Bu gün hər bir Azərbaycan vətəndaşı bu ideoloji təhlükəsizlik məsələləri ilə bağlı ayıq-sayıq olmalıdır. Necə ki əvvəlki dövrlərdə Azərbaycan xalqı, ictimaiyyəti bu istiqamətdə birləşərək adekvat cavab verib, bundan sonrakı proseslərdə də bir olmalıdır. Ölkəmizə qarşı yönələn istənilən ideoloji təxribat və təhlükələrə qarşı bir sipər formasında biz birləşməliyik. Buna qarşı çox ciddi şəkildə mübarizə aparmalıyıq".
"Əlbəttə ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərin daim ön planda saxlanılması Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, eyni zamanda, gənc nəslin bu istiqamətdə vətənpərvərlik ruhunda tərbiyə olunmasına da böyük dəstək olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dövlətinin inkişafı da bu istiqamətdə davam edir", - deyə şərhçi fikrini yekunlaşdırıb.
Mərahim Nəsib