Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.
Bu barədə Azərbaycanın XİN başçısı “X” hesabında paylaşım edib.
“Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, - Azərbaycan diplomatiyasının rəhbəri görüşə dair qeyd edib.
Met with the EU Special Representative for the South Caucasus Toivo Klaar @AntalyaDF.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 1, 2024
Reiterated Azerbaijan’s position on issues related to the peace process between Azerbaijan and Armenia. pic.twitter.com/e8vqqJ44e6
01.03.2024, 19:57
Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Bunun dövlətlərarası münasibətlərin gündəliyinin zənginləşməsində və mövcud dostluq əlaqələrinin dərinləşməsində mühüm rol oynadığı barədə həmfikirlik ifadə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Slovakiya əməkdaşlığının bundan sonra da davam etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, enerji və alternativ enerji sahəsində əməkdaşlığın, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Slovakiyanın birgə səylərini artırmasının vacibliyi vurğulanıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
14:23
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan, siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və s. sahələr üzrə çoxşaxəli münasibətlərin son dövrlərdə intensiv xarakter alan ali və yüksək səviyyəli təmaslar nəticəsində inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.
Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.
Baxtiyor Saidov COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib, bu mötəbər tədbirin təşkilatında uğurlar arzu edib, eyni zamanda Özbəkistanın keçiriləcək tədbirə töhfə verməyə hazır olduğunu söyləyib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
14:06
Xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Ceyhun Bayramov Karamoko Jan Mari Traoreni bu yaxınlarda Burkina Fasonun xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə hazır olduğunu bildirib.
Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13:07
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmkarını xarici işlər naziri vəzifəsinə yeni təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov Küveyt xarici işlər nazirinə bu şərəfli fəaliyyətində uğurlar arzulayıb.
Ölkələr arasında əməkdaşlığın hazırkı səviyyəsindən bəhs edən Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan məmnuniyyət ifadə edib.
Cari 2024-cü ilin Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini məmnuniyyətlə qeyd edən tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələrin, nazirlərin sədrlik etdiyi ikitərəfli hökumətlərarası komissiyanın və görüşlərin ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün vacibliyini vurğulayıblar. Turizm, mədəniyyət, ticarət və s. sahələrdə geniş əməkdaşlıq perspektivləri olduğu diqqətə çatdırılıb.
Küveyt tərəfi həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.
Ceyhun Bayramov 30 ilə yaxın müddətdə davam edən Ermənistanın ərazilərimizin işğalı tarixçəsi, eləcə də 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə məsələləri, eləcə də ölkəmizlə Ermənistan arasında normallaşma prosesi və ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işləri barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər, eləcə də Yaxın Şərqdə və Qəzzada vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
12:23
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panama Respublikasının xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər Azərbaycan və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib.
Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb.
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edib.
Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə dair inamını ifadə edib. Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfıra endirilməsi sahəsində geniş təcrübəyə malik olduğu və bu təcrübəni bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. Bu kimi təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11:59
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkdaşlığın aktual məsələləri, habelə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Nazirlər görüş zamanı ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnuniyyət ifadə edib, vaxtaşırı həyata keçirilən siyasi məsləhətləşmələrin, habelə yüksəksəviyyəli səfərlərin və siyasi dialoqun bu münasibətlər üçün vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında humanitar, siyasi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin geniş perspektivlərinin mövcudluğunu qeyd edib.
Nazir, həmçinin çoxtərəfli platformalarda iki ölkənin bir birinin mövqeyinə verdiyi qarşılıqlı dəstəkdən məmnuniyyət ifadə edib, habelə BMT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb, bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
Nazirlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
11:14
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
Bu barədə XİN-in sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilir ki, nazirlər qardaşlıq əlaqələrinin genişləndirilməsi və bir sıra sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.
Minister @Bayramov_Jeyhun met with the Minister of Foreign Affairs of #Kyrgyzstan on the sidelines of the Antalya Diplomacy Forum.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 1, 2024
The Ministers discussed expansion of brotherly relations, and further development of the strategic partnership in multiple areas.@MFA_Kyrgyzstan pic.twitter.com/FWUahdB20W