Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BMT BA-nın prezidenti: “Azərbaycanda keçiriləcək COP29 olduqca uğurlu və yaddaqalan olacaq” - FOTO
Azərbaycanın BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına (“Non-Aligned Movement - NAM”) sədrliyi başa çatır. Yanvarın 19-20-də Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə Azərbaycan hərəkata sədrliyi Uqandaya təhvil verəcək. 2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin (120 dövlət) yekdil qərarı ilə dörd il ərzində hərəkata sədrlik edən rəsmi Bakı beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilib və bununla da əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlər arasında əməkdaşlığın koordinasiyası, çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi və qurumun fəaliyyətinin canlandırılması üçün bir sıra tədbirlərə təşəbbüs göstərilib və hərəkatın tarixində böyük uğurlara imza atılıb.
BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis (Dennis Francis) Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, əldə etdiyi nailiyyətlərlə, Azərbaycanın BMT ilə birgə fəaliyyətləri və eləcə də regionda cərəyan edən bir çox mühüm məsələlərlə bağlı “Report”un ABŞ bürosunun suallarını cavablandırıb.
- Çox gərgin iş qrafikinizə baxmayaraq, bizə zaman ayırdığınız üçün sizə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təşkilatın tarixində əvəzsiz fəaliyyətləri ilə dörd ildən sonra böyük bir miras qoyaraq sədrliyini başa vurdu. Bütün ölkələr üçün kritik bir dövrdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın xüsusilə koronavirus pandemiyasına qarşı qlobal səylərdəki liderliyi yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilata verdiyi töhfələri siz necə dəyərləndirirsiniz?
- İlk növbədə Azərbaycan hökumətini Qoşulmama Hərəkatına fövqəladə və müstəsna rəhbərliyinə görə təbrik edirəm. Bilirəm ki, Azərbaycan hökuməti tərəfindən təşkilatın daha da gücləndirilməsi üçün çoxlu işlər görülüb və bizə sistemdə güclü Qoşulmama Hərəkatı lazımdır. Azərbaycan bu məqsədlə bir çox beynəlxalq təşəbbüslərə, görüşlərə, layihələrə imza atdı. Mən onlardan birini xatırlatmaq istəyirəm: ötən ilin iyulunda Azərbaycan Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlərinin görüşünə ev sahibliyi etdi və bu görüş kifayət qədər uğurlu oldu. Beləliklə, Qoşulmama Hərəkatının güclü tərəfdaşı və effektiv lideri olduğu üçün Azərbaycan hökumətini alqışlayıram və təşəkkür edirəm.
- Qeyd etdiyiniz kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının gələcək institusional inkişafı üçün də mühüm addımlar atılıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması kimi təşəbbüslər irəli sürülüb. Bundan əlavə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılmasını təklif edib. Hərəkatın təkmilləşdirilməsi istiqamətində aparılan işləri necə qiymətləndirirsiniz?
- XXI əsrin bu dövründə BMT sistemində istifadə olunan bəzi populyar, yenilikçi sözlər var. Xüsusilə bunlardan ikisi, inklüzivlik və şəffaflıqdır ki, bu da getdikcə daha çox insanı sistemə cəlb edir, onlar da BMT-nin siyasətinin formalaşdırılmasında və qərarların qəbulunda iştirak edirlər. İnsanların istək və dəyərlərinə adekvat cavab verən qərarlar qəbul etmək və nəticələr əldə etmək üçün bütün spektrdə maraqlı tərəflərlə əlaqə qurmaq BMT-nin fəlsəfəsinə çox uyğundur ki, bu da, BMT-nin iş metodunu canlandırdı. Bu baxımdan, Azərbaycan hökuməti Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında mühüm rol oynayıb. Bu da parlamentariləri və siyasi liderləri cəlb edən mühüm və demokratik inkişafdır.
Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və eləcə də Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması da olduqca əhəmiyyətlidir. Bildiyiniz kimi, gender bərabərliyi BMT-nin və xüsusilə mənim prezidentliyim dövrünün ən mühüm çağırışlarındandır. Gördüyünüz kimi, yaxamda bir qadın nişanı daşıyıram. Bu, BMT qadınlarının döş nişanıdır və fonda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin loqosu var. Çünki biz BMT olaraq inanırıq ki, qadınların davamlı inkişafda bərabər rolu var. Biz bunu böyük həvəs və enerji ilə təbliğ edirik. Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının gələcək institusional inkişafı üçün yeni əlavə platformaların yaradılmasına töhfələr verib. Yeni platforma qarşılıqlı müzakirələrə, mühüm siyasi tədbirlərin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün BMT-yə inamı artıraraq maraqlı tərəflərin proseslərə cəlb olunmasına əhəmiyyətli dərəcədə əlavə bir dəyər qazandırıb.
- Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çox təsirli çıxışınızı xatırlayıram. Həmin tədbir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi böyük səylərini nümayiş etdirdi. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda çoxlu infrastruktur, yaşıl enerji və s. layihələri həyata keçirilir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Bəli, BMT-yə üzv olan bütün dövlətlər 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinə nail olmaq üçün sürətlə irəliləməkdə həm öhdəliklərini, həm də performanslarını artırmalıdırlar. Təəssüf ki, Dayanıqlı İnkişaf Məqsədləri üçün irəliləyiş bizim gözlədiyimizdən xeyli yavaş gedir. Azərbaycanın öz ərazilərinin yaşıllaşdırılmasına çoxlu vaxt və səy sərf etdiyini öyrənmək mənim üçün çox maraqlıdır və həqiqətən də həyəcanvericidir. Azərbaycanın dayanıqlı inkişafı dəstəkləmək, davamlılığa sadiqliyi və yaşıl transformasiyaya keçidi təkcə Azərbaycan üçün deyil, bütün dünya ictimaiyyəti üçün qazanclar yaradacaq.
Çünki bildiyiniz kimi, iqlim dəyişikliyinin təsirləri bütün ölkələrin öz imkanlarına uyğun töhfə verməsini tələb edir. Təhdidlərin getdikcə gücləndiyini və iqlim dəyişikliyinə dair sübutların getdikcə daha sərt olduğunu nəzərə alsaq, hesab edirəm ki, Azərbaycanın bu sahədə rəhbərliyini alqışlamalıyıq. Biz bunu gördük, ötən 2023-cü il tarixdə planetin ən isti ili oldu. Biz dünyada qeydə alınan ən isti ay olan 2016-cı ilin rekordunu yenilədik. Beləliklə, biz indi hərəkətə keçməliyik və qətiyyətlə hərəkət etməyin vaxtıdır. Mən Azərbaycana BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün göstərdiyi böyük səylərə görə təşəkkür edirəm və alqışlayıram.
- Cənab prezident, ötən ilin sonunda üzv dövlətlərin dəstəyi ilə Azərbaycan iki mötəbər və beynəlxalq tədbirə sədr seçilib. Belə ki, bu il Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Eyni zamanda 2026-cı ildə keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına sədrlik də Azərbaycana həvalə olunub. Rəsmi Bakıya göstərilən bu etimadın ölkənin Qoşulmama Hərəkatındakı uğurları ilə bağlı olduğunu deyə bilərikmi?
- Təbii ki, deyə bilərik və mən buna inanıram. İcazə verin, COP29-a ev sahibliyi edəcək Azərbaycanı bu qərara və COP29-a ev sahibliyinə ürəkdən istəyinə görə təbrik edim. Daha öncələr olduğu kimi, COP29 yenə də çox vacib bir görüş olacaq. Bəli, tamamilə razıyam və düşünürəm ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi ortaya qoyduğu iş COP29-un Bakıya gətirilməsi qərarının verilməsinə dolayı şəkildə də olsa təsir göstərib.
Ümid edirəm ki, COP29 olduqca uğurlu və yaddaqalan olacaq. Bildiyiniz kimi, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir və bunun qarşısının alınması üçün səylərin göstərilməsi təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, xüsusən də inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üçün də həyati əhəmiyyət kəsb edir.
Sağ yaxamda 1,5 dərəcə olan sancaq taxdığımı görürsünüz. Qlobal temperaturun sənaye inkişafından əvvəlki səviyyədən yuxarı qeyri-məhdud artımının qarşısını almaq xüsusilə inkişaf etməkdə olan ölkələr, xüsusən də inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üçün son dərəcə vacibdir. Biz hamımız COP29-da keçiriləcək görüşü səbirsizliklə gözləyirik və COP29 çərçivəsində uğurlu nəticələrin əldə olunması üçün Azərbaycana uğurlar diləyirəm.
- BMT-də islahatlarla, xüsusi ilə də, BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər edilməsi ilə bağlı məsələlər uzun illərdir ki, gündəmdədir. Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı fikirlərini sizinlə bölüşmək istərdim. Sitat: “BMT TŞ-nın tərkibi genişləndirilməlidir. TŞ-da Qoşulmama Hərəkatına yer verilməli və Hərəkata sədrlik edən ölkə fəaliyyəti ərzində bu yerə sahib olmalıdır”. O, həmçinin Afrika üçün TŞ-da daimi yerlərin ayrılmasını təklif edib. Ömrünün qırx ilindən çoxunu diplomatiyada keçirən peşəkar bir diplomat kimi, BMT-nin daha səmərəli fəaliyyət göstərməsi üçün hansı islahatların zəruri olduğunu düşünürsünüz?
- Siz əslində elə sualınıza cavabın bir hissəsini təqdim etməklə başladınız. Şübhəsiz ki, BMT-də bu məsələ ilə bağlı narahatlıq var. BMT mürəkkəb və qarışıq siyasi bir mühitdir. Hazırda çox mürəkkəb siyasi problemlərlə üz-üzəyik. Afrikada və başqa yerlərdə müharibələr gedir, münaqişələr var. Digər tərəfdən, pandemiya yaşandı və iqtisadiyyatda tənəzzül əlamətləri var. Eyni zamanda təchizat zənciri ilə bağlı problemlərimiz mövcuddur. Ancaq bütün bunlara baxmayaraq, biz bu məsələlərlə bağlı tədbirlərin görülməsini təxirə sala bilmərik. Bu problem önümüzdə məsuliyyət kimi dayanır və buna görə etməli olduğumuz işlərin bir hissəsi səylərimizi birləşdirmək, həmrəyliyimizi qurmaq, yenidən bərpa etmək və bəzən zəruri olan çətin qərarları qəbul edərək sistemə nizam-intizamı qaytarmaqdır.
BMT-nin həll edilməsi vacib olan zəruri işlərindən biri də BMT-nin özündə və bu kontekstdə islahatların aparılması məsələsidir. Bu, təkcə Təhlükəsizlik Şurasında aparılacaq islahatlar deyil, həm də, İqtisadi və Sosial Şurada aparılacaq islahatlar və BMT Baş Assambleyasının fəaliyyətinin gücləndirilməsidir. Amma ola bilsin ki, ictimaiyyət üçün əsas mövzu Təhlükəsizlik Şurasında islahatlardır. Burada davam edən bir proses var, əhəmiyyətli işlər görülüb, müəyyən irəliləyişlər əldə olunub. Nümayəndə heyətləri bir-birlərinin mövqelərini daha yaxşı başa düşürlər. Lakin deməliyəm ki, Təhlükəsizlik Şurasında aparılacaq islahatlar təkbaşına problemləri həll etməyəcək. Beynəlxalq birlik olmalıdır.
Biz hamımız BMT-nin əsas prinsip və göstərişlərinə yenidən sadiq olmalıyıq. Beynəlxalq hüququn üstünlüyünü vurğulamalı və bunu qəbul etməliyik. Bütün dövlətlər beynəlxalq hüquqa hörmət etməli və riayət etməlidirlər. Biz beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqa hörmət və əməl etməliyik. Əsl əməkdaşlıq ruhu yaratmalıyıq və həmrəyliyi bərpa etməliyik ki, birgə hərəkət edək. Həyata keçirdiyimiz işlərin xidmət etmək üçün göndərildiyimiz insanlara fayda verdiyinə əmin olmalıyıq. Beynəlxalq ictimaiyyəti təşkil edən və gündəlik həyatlarını çətinləşdirən, yaşayışa və rifaha təsir edən problemlərin həllində onlara kömək etmək üçün bizə arxalanan 8 milyard insan var.
Beləliklə, biz Şurada islahatların aparılması, eləcə də BMT Baş Assambleyasının canlandırılması rejimindəyik. Bu bir prosesdir, hər hansı bir fəaliyyət deyil. Ona görə də sizin izləyicilərinizə və oxucularınıza demək istərdim ki, Azərbaycan xalqı nə gələn həftə, nə də gələn ay şurada islahatların aparılacağını gözləməsin. Bu, son dərəcə vacib bir prosesdir və diqqətli, tədbirli qərar qəbul etməyi tələb edir. Çünki onu düzəltmək üçün nadir hallarda bir şansımız olur. Buna görə də təhlükəsizlik məsləhətlərini apararkən ehtiyatlı, praqmatik, eyni zamanda həssas olmalıyıq.
- Cənab Dennis Frensis, BMT TŞ-nın qəbul etdiyi qətnamələr çox hallarda elə həmin gün ərzində icra olunsa da, bəziləri ümumiyyətlə icra olunmur. TŞ 1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını təsdiq edən və Ermənistan qoşunlarının Azərbaycandan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bundan başqa, BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyib və TŞ-nın qətnamələrindəki çağırışları yenidən edib. Lakin 30 il müddətində BMT-nin bu qətnamələri icra olunmadı və nəhayət Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. Bu yanaşma BMT-nin qərəzsizliyi ilə bağlı suallar doğurur. Bununla razısınızmı?
- Bəli, bu, BMT Təhlükəsizlik Şurasının ipso-fakto qanununun arxa plan qətnamələridir. Onlar beynəlxalq hüququ təşkil edir və ona uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlər onları dəstəkləməyə borcludurlar. Baş Assambleyanın qətnamələri isə qanun çəkisində deyil. Onlar əhəmiyyətsiz deyillər, çünki iradələri ilə danışırlar. 193 dövlətin iradəsini ifadə edirlər və buna görə də müəyyən çəki və ya siyasi təsir daşıyırlar. İkisi arasında bir fərq var və mən bir müddət əvvəl qeyd etdiyim ilkin nöqtəyə qayıtmaq istərdim. Biz, Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlər beynəlxalq hüququn üstünlüyünü qəbul etməyi və beynəlxalq hüquqa riayət etməyi öhdəmizə götürməliyik. Çünki Təhlükəsizlik Şurası qətnamə qəbul etdikdən sonra o qətnamə qanundur və bütün üzv dövlətlər ona əməl etməyə borcludurlar. Bunu etsək, Təhlükəsizlik Şurasının qətnamələrinin vacibliyinin universallığına dair heç bir sual və ya şübhə qalmayacaq. Problemlər o zaman yaranır ki, həmin qətnamələrin obyekti olan dövlətlər qətnamələrin icrasından imtina edirlər. Bununla belə, biz Təhlükəsizlik Şurasının işinə xələl gətirməməliyik.
Qətnamələrin şamil olunduğu digər dövlətlər onlara əməl edirlər. Söhbət siyasi iradədən və BMT-yə daxil olarkən verilən öhdəliklərə əməl etməkdən gedir; əsas prinsiplər və öhdəliklər, məsuliyyətlər nizamnamədə ətraflı şəkildə əksini tapıb. Üzvlüyə qəbul edildikdən sonra onlar nizamnamələrə və qanuna riayət etməlidirlər. Şura tərəfindən hazırlanan bu qətnamələr bizim həyatımızda qanun qüvvəsinə malikdir, əgər bütün üzv dövlətlər beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirsələr, bu daha da asan olacaq. Qaydalara əsaslanan sistemin məqsədi proqnozlaşdırıla bilmək, sabitlik, əmin-amanlıq yaratmaq və qanunun pozulmasının məsuliyyətini dərk etmək deməkdir.
- Hazırda Azərbaycan əsrin ən böyük mina problemi ilə üzləşib. Təəssüflər olsun ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində mülki vətəndaşlar, o cümlədən hərbçilər həyatlarını itirirlər. Hətta bizim iki jurnalist həmkarımız Qarabağda öz peşə borclarını yerinə yetirərkən mina partlayışı zamanı həlak olublar. Azərbaycan hökumətinin minalarla mübarizə səylərini dəstəkləmək BMT-nin ölkədəki əsas prioriteti olaraq qalır. Siz necə, bu ekoloji fəlakətə qlobal miqyasda diqqət çəkmək üçün BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirməyi planlaşdırırsınızmı?
- İcazə verin, iki həmkarınızın vəfatı ilə əlaqədar sizə və Azərbaycan xalqına başsağlığı verim. Mən uzun illər ölkəmin, Trinidad və Tobaqonun BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi olmuşam. Hər gün BMT-nin Cenevrədəki binasının önündə qoyulmuş və müharibələrdən sonra minaların təsirini, mina qurbanlarını simvolizə edən üçayaqlı sınıq kreslo heykəlinin yanından keçərdim. Həmin heykəl müharibədən qalan minaların uzun illər sonra dəhşətli təsirinin çox güclü simvoludur. Bu cür partlayıcılar dəhşətlidir, dağıdıcıdır və həmin heykəl qurbanlarını xatırladır. Ümid edirəm ki, zamanla bu problemin həlli üçün ciddi tədbirlər görüləcək. Baş Assambleyanın builki gündəliyində mənim təşəbbüsümlə bununla bağlı iclas keçirmək üçün təəssüf ki, konkret olaraq fürsətimiz yoxdur. Lakin biz minaların bölgəyə vurduğu zərərdən və onun aradan qaldırılması üçün tədbir görülməsinin vacibliyindən xəbərdarıq.
- Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin perspektivlərini necə görürsünüz? BMT Baş Assambleyası prosesi necə təşviq edə bilər?
- Mən Azərbaycan və Ermənistan arasında yeni barışıq, dialoq və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan addımları böyük məmnunluqla izlədim və bununla bağlı xəbərləri zövq alaraq oxudum. Hesab edirəm ki, bu, hər iki ölkənin getməli olduğu dəqiq istiqamətdir. Biz münaqişələri və mübahisələri təcavüz yolu ilə həll edə bilmərik. Zorakılıq etibarlı nəticələr vermir. Yalnız dialoq yolu və danışıqlarla, ortaq razılığa gəlmək bizi nəticələrə apara bilər. Bir-birinin mülki mövqeyini sivil qaydada və hörmətli şəkildə başa düşmək hər iki tərəfin xoşbəxt olduğu sabit uzunmüddətli nəticələr yaratmaq potensialına malikdir. Mən Azərbaycan və Ermənistan arasında normallaşma prosesini alqışlayıram və bu təşəbbüsə görə hər iki ölkəni təbrik edirəm.
- BMT Baş Assambleyasının 78-ci Sessiyasının prezidenti olaraq vəzifənizin icrasına başlayanda Qoşulmama Hərəkatına güvənəcəyinizi və “Sülh, Rifah, Tərəqqi və Davamlılıq” kimi dörd şüarınızın olduğunu qeyd etmişdiniz. Prezidentliyinizin beş ayı geridə qalıb. Ötən müddət ərzində hansı nailiyyətlər əldə etmisiniz? Növbəti bir illə bağlı planlarınız nədən ibarətdir?
- Sessiyanın birinci hissəsində qarşımıza qoyduğumuz işləri tamamlamışıq. Qarşımıza qoyduğumuz planları yerinə yetirmək və ilin balansı üçün müəyyən etdiyimiz proqramları icra etmək istiqamətində əlimizdən gələni etdik. Bundan sonra da icrası nəzərdə tutulan məsələlərlə bağlı çox işləmək niyyətindəyik. Aprelin 15-dən 19-dək turizm, nəqliyyat enerjisi və maliyyə mövzularına həsr olunan “Dayanıqlılıq Həftəsi” adlı həftə təşkil edəcəyik. Bu, yüksək səviyyəli görüşdür. Ümid edirik ki, bu, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində nailiyyətləri təmin edəcək. Davamlı inkişaf nöqteyi-nəzərindən, 2030-cu ilə qədər qarşıya qoyulan məqsədlərə çatmaq bizim əsas hədəfimiz olaraq qalır. Bundan əlavə, biz faktiki olaraq gündəlik məsələlərlə bağlı çox ciddi işləyirik. Elə indi sizin də gördüyünüz kimi sessiyanın qeyri-rəsmi plenar iclasından çıxıb bura gəldim.
Belə ki, bu gün səhər saatlarında qeyri-rəsmi plenar iclas keçirildi və orada Baş Assambleya dəniz səviyyəsinin qalxması məsələsini həll etmək üçün 25 sentyabr 2024-cü il tarixində yüksək səviyyəli iclasın çağırılması üçün onlara təqdim etdiyim qərar layihəsinin hazırlanmasına razılıq verdi. Hansı ki, bu məsələ çoxlu sayda dövlətlərə regional miqyasda təsir göstərir. Ancaq xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətləri, Sakit okeandakı ölkələr bu problemin ağır təsirlərinə məruz qalırlar. Bizi məşğul edəcək çox şey var, amma əlbəttə ki, ən vacibi gələn ilin sentyabrında baş tutacaq “Gələcəyin Zirvəsi” görüşü olacaq. Bununla bağlı daimi danışıqlar aparılır və prezidentlik böyük uğurlarla irəliləyir. Bu, Baş Assambleyanın 78-ci sessiyasının çox gərgin, məhsuldar və tələbkar davam edən sessiyası olacaq.
"BMT" teqi üzrə xəbərlər
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
- Metyu Brayza: "COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakıya əlavə imkanlar yaradır"