Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan xarici siyasətinin prioritetləri: Qonşularla mehriban münasibətlər və qarşılıqlı etimad
İkinci Qarabağ müharibəsi və onun nəticələri Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişib. Beynəlxalq aləmdə Azərbaycanın ayrılmaz hissələri kimi tanınan, 2020-ci ildə azad olunan ərazilərimiz danışıqlar və diplomatik manevrlər üçün mərkəzə çevrilib. Öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qoruyan Azərbaycan bu gün uğurla beynəlxalq əməkdaşlığı, balanslı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Otuz illik işğala son qoymaqla ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə uğurla bərpa-quruculuq işləri aparır. Siyasi və iqtisadi potensialını artırıb, regionda söz sahibi olan dövlətə çevrilib. Şübhəsiz ki, bu uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən ibarətdir.
Azərbaycanın xarici siyasət kursunun prinsipləri nədən ibarətdir? İlk növbədə qonşularla mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasət. Ölkəmiz son 20 ildə qarşıya qoyduğu məqsədlərinə doğru inamla irəliləyib və bu siyasət davam edir. Azərbaycan tarazlı xarici siyasət yeritməklə müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunun rəqabət və qarşıdurma meydanına çevrilməsinə yol verməyib, milli mənafelərini yetərincə qoruya bilib. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq arenada ölkəmizin strategiyasına toxunaraq müstəqil siyasət yürüdülməsinin davam edəcəyini qeyd edib.
Bu gün Azərbaycan əksər beynəlxalq təşkilatlarda fəaliyyətini uğurla davam etdirir. Məsələn, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyi buna bariz nümunədir. Bu sədrlik quruma yeni ölçü və dinamika verib, Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. COVID pandemiyası məsələsi ilə bağlı 80-dən çox ölkəyə yardım edib. Maraqlıdır ki, hərəkatda təmsil olunan 120 ölkə bir-biriləri arasında yaxşı münasibətdə olmasalar da, Azərbaycana gəldikdə onların hamısı yekdilliklə onu dəstəkləyiblər. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bu gün Azərbaycan Qərb ölkələri, təşkilatları ilə sıx münasibətlər qurub və bu tərəfdaşlıq qarşılıqlı hörmət və əməkdaşlığa söykənir.
Yeri gəlmişkən, uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün qonşuları ilə mehriban münasibətlərə malikdir. Ermənistan xaric bütün qonşu dövlətlərlə münasibətlər az qala strateji səviyyəyə yüksəlib.
Məsələn, şimal qonşumuz Rusiya ilə əlaqələr hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir. Bu inkişafda ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir. İkitərəfli əlaqələrdə hərtərəfli münasibətlər mühüm yer tutur. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırıb. Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır. Prezident İlham Əliyev bu il aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə qeyd edib ki, "tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik".
Ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Bunlarla yanaşı, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 Noyabr Bəyannaməsinin imzalanmasında xüsusi rol oynayıb. Bu, mühüm əhəmiyyət kəsb edir.
Cənub qonşumuz İrana gəldikdə, bu ölkə ilə əvvəllər müəyyən problemlər olsa da, son illər ikitərəfli münasibətlərdə müsbət irəliləyişlər əldə edilib. Bəlli olduğu kimi, İranda iyulun 5-də keçirilən prezident seçkisinin ikinci turunda keçmiş səhiyyə naziri, əslən azərbaycanlı olan Məsud Pezeşkian prezident seçildi. İran Azərbaycanla yaxın qonşu, eyni zamanda, tarixi bağları olan ölkədir. İki dövlət arasında xeyli müddət davam edən gərginlik də nəzərə alınsa, Bakı-Tehran münasibətlərinin necə inkişaf edəcəyi əlbəttə ki, maraq doğurur.
Əslində, Azərbaycan hər zaman İranla münasibətlərin yüksək səviyyədə olmasına önəm verib. Qonşu dövlət kimi Tehranla xoşməramlı münasibətlərdə maraqlıdır. Qeyd etdiyimiz gərginlik də məhz İranın düzgün hesablanmamış siyasətinin nəticəsi idi.
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana iyulun 6-da ünvanladığı təbrik məktubunda, iyulun 9-da isə telefon zəngi zamanı Bakının iki ölkə arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib. İranla Azərbaycan arasında gərginliyin artıq geridə qaldığını və iki ölkənin münasibətlərində yeni mərhələnin başlandığını demək mümkündür. Əslində, bu ilin mayında Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və mərhum prezident Seyid İbrahim Rəisinin görüşü münasibətlərin bərpası, yeni mərhələnin başlanmasında mühüm addım oldu.
O ki qaldı digər qonşumuz Gürcüstanla münasibətlərə, iki ölkənin taleyi bir-biri ilə sıx bağlıdır. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İrakli Kobaxidzenin baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək. Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb.
Bundan əlavə, Azərbaycan tək qonşularla və region dövlətləri ilə deyil, Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, ŞƏT və əksər təşkilatlar və dövlətlərlə münasibətlər qurur. Bu gün də əminliklə deyə bilərik ki, bu siyasət öz bəhrəsini verir. Təkbaşına hər hansı kənar müdaxilə olmadan torpaqlarını azad etməyə müvəffəq oldu və bunu əksər beynəlxalq güclər də qəbul edirlər. Ümid edək ki, Cənubi Qafqazda sülhə hazırda əngəl olan Ermənistan da bunu qəbul edəcək, beynəlxalq güclərin əlində alət olmağa son qoyaraq regionda sülh və əmin-amanlığa çalışacaq.
"Report" İnformasiya Agentliyi
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"