Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Rusiya münasibətləri qarşılıqlı hörmətə və praqmatizmə əsaslanır – "Kaspi"nin TƏHLİLİ
Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə, maraqların uzlaşdırılması və praqmatizmə əsaslanır. Həyata keçirilən birgə layihələrin başlıca məqsədi bərabərhüquqlu əməkdaşlıq müstəvisini genişləndirməkdir.
Prezident İlham Əliyev oktyabrın 7-də Rusiyaya növbəti işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirib, dövlətlərarası münasibətlərin mövcud durumu və gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin ölkə başçısı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına da qatılıb.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Qarşılıqlı təmaslar intensiv mahiyyət daşıyır
Qeyd edək ki, Rusiya və Azərbaycan arasında ən ali səviyyədə qarşılıqlı təmaslar intensiv mahiyyət daşıyır. Bu fakt özünü ikitərəfli əlaqələrdə qabarıq şəkildə büruzə verir. Dövlət başçılarının görüşü zamanı Vladimir Putinin dövlətlərarası münasibətlərin mövcud durumu barədə səsləndirdiyi fikirlər Azərbaycan-Rusiya əlaqələrinin dərinliyinə və hazırkı vəziyyətinə aydınlıq gətirir. "Münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi dörd dəfədən çox - 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır", - Putin deyib.
Prezident İlham Əliyev isə bildirib ki, Putinin dövlət səfərindən sonra ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır: "Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub".
Bölgəmizdə sabitliyin başlıca şərti
Göründüyü kimi, Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə, maraqların uzlaşdırılması və praqmatizmə əsaslanır. Həyata keçirilən birgə layihələrin başlıca məqsədi bərabərhüquqlu əməkdaşlıq müstəvisini genişləndirməkdir. Ən başlıcası isə, bu layihələr hər iki ölkənin milli maraqlarına xidmət edir. Hansı ki, bu maraqlar toqquşmur, əksinə, həm siyasi, həm də iqtisadi baxımdan bir çox məsələlərdə üst-üstə düşür.
Mövcud gərgin beynəlxalq münasibətlər fonunda Bakının Moskva ilə bu cür əlaqələrə sahib olması əslində Cənubi Qafqazda sabitliyin təmin edilməsinin başlıca şərtidir. Digər postsovet ölkələrindən fərqli olaraq Rusiya-Azərbaycan münasibətləri dövlətimizin digər güc mərkəzləri ilə münasibətlərinin inkişafına maneə deyil. Əksinə, bir çox dövlətlər üçün nümunə sayıla biləcək əlaqələrdir. Bakının müxtəlif mərkəzlərlə eyni səviyyədə əlaqələrə sahib olması Azərbaycanı həm də hazırda münaqişə, hətta müharibə vəziyyətində olan ayrı-ayrı qütblərin bir araya gələrək dialoq qurmaq təşəbbüslərini reallaşdıra biləcəkləri bir məkana çevirib. Hansı ki, biz dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycan-Rusiya münasibətlərinin özəlliyi həm də ondadır ki, bu əməkdaşlıq heç bir dövlətə qarşı istiqamətlənməyib.
Praqmatik siyasətin nəticəsi
Digər tərəfdən, Azərbaycan rəhbərliyinin Rusiyaya münasibətdə yürütdüyü praqmatik siyasət ölkəmizin illərlə üzləşdiyi bir çox çətin problemlərin birdəfəlik həllində də mühüm rol oynadı. Biz bunu 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzün tam bərpası zamanı, daha sonra isə bir günlük antiterror tədbirlərində gördük. Moskva rəsmən ali səviyyədə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi və rəsmi Bakı 2020-ci ildə bu prosesdə Rusiyanın maksimum dərəcədə kənarda dayanmasına nail oldu. 2023-cü ildə isə Azərbaycan ərazisində separatizmin kökləri tamamilə məhv edildi, milli maraqlarımızı, suverenliyimizi təhdid edən terror yuvası olan qondarma rejimin varlığına birdəfəlik son qoyuldu. Uzun illərdən sonra Xankəndidə Azərbaycan bayrağı dalğalandırıldı. Bunun məntiqi sonluğu olaraq suveren ərazilərimizdəki rus sülhməramlı kontingenti problemsiz və heç bir çətinlik yaşatmadan Azərbaycanı tərk etdi. Bu faktın özü də nümunə sayıla biləcək addım idi.
Heç bir əngəl qalmayıb
İki ölkə arasında 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, bu ilin avqustunda isə Rusiya Prezidentinin Azərbaycana ilk dəfə olaraq dövlət səfərini reallaşdırması qarşılıqlı münasibətlərin inkişafında heç bir ciddi əngəl və maneənin qalmadığının göstəricisidir. Azərbaycan həm dövlətlərarası səviyyədə, həm də Rusiyanın ayrı-ayrı regionları ilə qarşılıqlı münasibətləri inkişaf etdirməkdə, iqtisadi əməkdaşlığı dərinləşdirməkdə, birgə layihələri həyata keçirtməkdə maraqlıdır.
Qarşıda BRICS sammiti var
İndi isə qarşıda BRICS sammiti var. Hansı ki, oktyabrın 23-24-də Kazanda keçiriləcək. Artıq Azərbaycan rəsmən bu təşkilata üzvlüklə bağlı müraciət edib. Dövlət başçılarının bir neçə gün əvvəl keçirilən son görüşündə də Vladimir Putin azərbaycanlı həmkarını bu sammitə dəvət etdi. "Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. İyirmi beş həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik", - Putin deyib.
Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır.
Beləliklə, Azərbaycan-Rusiya münasibətlərinin geniş gündəliyi növbəti dəfə ən ali səviyyədə oktyabrın son ongünlüyündə ələ alınacaq.
"Kaspi qəzeti" teqi üzrə xəbərlər
- Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycan bu il 90 milyon dollarlıq ət idxal edib
- Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir - Bir donor səkkiz xəstəni yaşada bilər
- Azərbaycan hər zaman olduğu kimi dünyada öz adından söz etdirməyi bacardı