Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aleksey Dzermant: "Bakının öz milli maraqları naminə hərəkət etmək iradəsi var"
Bakı BRICS dövlətlərarası birliyinə qoşulmaq istəyini bildirib. Bu, "Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında" Birgə Bəyannamə qəbul edildiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində baş verib. Məhz bu sənəddə Bakının BRICS-ə qoşulmaq istəyi qeyd olunur.
Son aylarda BRICS onlarla ölkəni özünə cəlb edən bir quruluşa çevrilib. BRICS digər dövlətlər üçün niyə bu qədər maraqlıdır və bu birlik Azərbaycana nə verə bilər?
Tanınmış belarus politoloq, filosof, "Şimali Avrasiya" Kontinental İnteqrasiyanın Öyrənilməsi və İnkişafı Mərkəzinin direktoru Aleksey Dzermant Oxu.Az-a müsahibəsində qeyd etdi ki, BRICS qərbmərkəzli olmayan yeni dünyanın real təcəssümüdür, burada Qərb dövlətləri, ABŞ öz iradəsini diktə edə bilmir:
- Bundan əlavə, bu - bir dənə belə hegemonu olmayan azad bir quruluşdur. BRICS çoxqütblü dünyanın strukturu olması ilə cəlbedicidir, burada ilk növbədə iqtisadi əməkdaşlığı inkişaf etdirmək, yeni maliyyə konturunu yaratmaq mümkündür və BRICS çərçivəsində dollara bağlı olmayan yeni maliyyə sisteminin yaranacağı barədə getdikcə daha çox danışılır.
Öz suverenliyini qorumaq istəyən, müstəqil inkişaf etmək istəyən dövlətlər BRICS-də bunun üçün imkanlar görürlər. Buna görə də bu birliyə qoşulmaq üçün növbə yaranır, burada artıq dünyanın əsas iqtisadiyyatları olan kifayət qədər çox dövlət var. Bunlar Çin, Rusiya, Braziliya, Hindistan, Misir, İran, Cənubi Afrika Respublikası (CAR), Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Təşkilat böyüyür, onun iqtisadi imkanları artır, çünki bu artıq böyük bir bazardır.
BRICS Azərbaycana yeni impuls verə bilər. Mən artıq iqtisadi əməkdaşlıq və maliyyə sistemindən bəhs etdim. Buna yeni logistikanı əlavə edin, Azərbaycan şimaldan cənuba və qərbdən şərqə gedən yolların kəsişməsində yerləşir və bu layihələrdə artıq BRICS ölkələri iştirak edirlər. Beləliklə, Bakı üçün təşkilata qoşulmaq və sonra artıq yeni institusional əsasda bu birliyin inkişafında iştirak etmək və fayda əldə etmək sərfəli olardı.
- Əvvəllər bildirilirdi ki, oktyabrda Kazanda BRICS və BRICS+ sammiti keçiriləcək, burada namizədlər, həmçinin onların birliyə qoşulması formatı ilə bağlı məsələlər həll ediləcək. Azərbaycanla bağlı hər hansı bir qərarın qəbul edilməsi mümkündürmü?
- Bəli, düşünürəm ki, bu mümkündür. Çox şey ilkin razılaşmalardan və Azərbaycan tərəfinin buna necə hazırlaşmasından asılıdır. Amma aşılmaz maneələr yoxdur. Hesab edirəm ki, Kazanda Azərbaycanın BRICS-də iştirakı məsələsini praktiki müstəviyə keçirmək olar, vaxt itirməyə dəyməz.
- Bəs Türkiyə? Türkiyənin xarici işlər naziri Hakan Fidan deyir ki, BRICS-ə üzv ölkələrlə danışıqlar davam edir, Ankara dedollarizasiyanı dəstəkləyir və s. Doğrudur, bütün bu bəyanatlar konkret deyil. Türkiyənin BRICS-ə qoşulması nə dərəcədə mümkündür, axı bu ölkə Avroatlantik strukturlara inteqrasiya olunub?
- Bəli, həqiqətən də, bu baxımdan Türkiyə çətin vəziyyətdədir. BRICS-də iştirak onun üçün çox sərfəli olardı, xüsusilə də qonşu ölkələr artıq bu birliyə qoşulublar, digərləri isə qoşulmağa hazırlaşırlar. Lakin Türkiyə Qərb ölkələri ilə əməkdaşlığa sıx bağlıdır. ABŞ Ankaraya təzyiq göstərə bilər ki, o, öz iştirakı ilə BRICS-i gücləndirməsin. Hələlik Türkiyə manevr etməyi, həm Qərb, həm də Şərqlə münasibətləri saxlamağı bacarır. Amma nə vaxtsa seçim etmək lazım gələcək və buna hazırlaşmaq lazımdır.
- Qərbdə, görünür, dövlətlərin BRICS-də iştirakını özləri üçün müəyyən çağırış kimi qəbul edirlər. Son zamanlar Azərbaycanın Qərblə, xüsusən Fransa ilə münasibətləri o qədər də isti deyil. Ölkəmizin BRICS-ə qoşulmasından sonra Qərblə münasibətlərdə növbəti soyuqlaşma gözləmək lazımdırmı, Qərb məntiqindən çıxış etsək?
- Düşünmürəm ki, hər hansı kardinal pisləşmədən danışmaq olar, axı Azərbaycan NATO, Avropa İttifaqı və s. kimi Qərb təşkilatlarının üzvü deyil. Digər tərəfdən, Qərb bütün qərbmərkəzli olmayan təşkilatları rəqib kimi qəbul edir. Halbuki, Qərb dövlətlərinin bu formatlarda iştirakına heç nə mane olmur. Amma onlarda sərt intizam var və hər şeyə Qərb dominantlığı üçün rəqabət, çağırışlar prizmasından baxılır.
Amma təkrar edirəm: Azərbaycan həmişə Qərb təşkilatlarından kənarda qalıb. Ölkənizin öz suveren mövqeyi var ki, Azərbaycan onu həmişə beynəlxalq arenada müdafiə edə bilib. Bu, Avropa dövlətləri, Fransa ilə münasibətlərə də aiddir. Bu isə o deməkdir ki, Bakının öz milli maraqları naminə hərəkət etmək iradəsi var.
Nair Əliyev