Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aİ-nin Azərbaycana nəticəsiz həmləsi: "İnsan hüquqları" manipulyasiyası fiaskoya uğradı
Qərbin "insan hüquqları" mövzusu ilə müstəqil siyasət yürütmək istəyən dövlətlərə təzyiq cəhdləri yenilik deyil. Bu mexanizmin əsas alətlərindən biri qismində Avropa İttifaqı (Aİ) çıxış edir. Ötən həftə Aİ-nin Azərbaycanın ünvanına daha bir nəticəsiz həmləsi ilə yadda qaldı. Qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano Azərbaycanda insan hüquqlarına dair həqiqətdən uzaq bəyanatla çıxış etdi və adəti üzrə rəsmi Bakının əsaslı arqumentləri ilə susduruldu. Qərbin əlində dəlillər olmayanda "insan hüquqları sahəsindəki vəziyyət"ə müraciət edir. Bunun ən son nümunəsi qonşu Gürcüstana edilən təzyiqlərdir. Odur ki, cənab Stanonun qəfil bəyanatının arxasında siyasi hesabların olduğu şübhəsizdir.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
"İnsan hüquqları" manipulyasiyası
Aİ-nin bu gedişinin həmişəki kimi siyasi motivli olduğu həm sirr deyil, həm də P.Stanonun toxunduğu məqamlardan aşkar görünür. Məsələn, bəyanatda COP29 mövzusuna toxunulması qənaətimizin əyani sübutudur. XİN-in cavab bəyanatında səsləndirildiyi kimi, "Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir".
Bəyanatdan hiss edilən məqamlara bənzər yanaşma Azərbaycana münasibətdə nə ilk dəfədir tətbiq edilir, nə sonuncu. Misallar yetərincədir, ancaq birini xatırlasaq, kifayətdir. 2015-ci ildə Avropa tarixində ilk olan Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi bizim istəyimiz deyildi. Özləri həvalə etmişdilər. Azərbaycan da bu istəyi layiqincə qəbul etdi və olimpiya oyunları çapında idman tədbirinin keçirilməsinə nail oldu. Ancaq heç kim oyunların başlanılması ərəfəsində Avropa KİV-də və siyasi dairələrində Azərbaycanın ünvanına ən müxtəlif məzmunlu, həqiqətdən uzaq çamurun atılmasını unutmayıb. O vaxt da əsas alət "insan hüquqları" idi. Həmin aksiyanın arxasında hansı qüvvələrin durduğunu bilirik. Necə ki, indi - COP29-la bağlı ünvanımıza səsləndirilən ittihamların haradan qaynaqlandığına bələdik.
Yeni Kaledoniya hadisələrinin Aİ əks-sədası
Avropanın müxtəlif strukturları tərəfindən Azərbaycanın ünvanına səslənən ədalətsiz bəyanatların, hətta embarqo, sanksiya hədələrinin arxasında hansı qüvvələrin, daha doğrusu, hansı dövlətin durduğu sirr deyil. 44 günlük müharibədən sonra Aİ, Avroparlament kimi qitə institutları Fransanın Azərbaycana qarşı təzyiq cəhdləri üçün rupora çevriliblər. Cənubi Qafqazda Ermənistanla birlikdə Fransanın da Azərbaycana məğlub olmasını təbii ki, Parisdə həzm edə bilmirlər. İndi isə fransız şovinizmi Azərbaycan tərəfindən tamamilə fərqli, qeyri-ənənəvi coğrafiyada tərs şilləyə "qonaq" olub - uzaq Yeni Kaledoniya və Polineziyada. Bakı öz müqəddəratlarını özləri həll etmək istəyən, fransız müstəmləkəçiliyindən qurtulmağa çalışan, Parisin yekəxana, eqoist istibdadına "yox" deyən kiçik dövlətlərin və xalqların özünüifadəsi üçün effektiv platformaya çevrilib.
Küçədə XXI əsrin olmasına baxmayaraq, özünü sivil dünyanın bastionu kimi təqdim edib faydalı qazıntılar, xammal naminə kiçik xalqları istismar edən dövlətlər hələ də var və onlardan bəlkə də ən qəddarı elə Fransadır. Son bir ay ərzində Yeni Kaledoniyada fransız istismarından cana yığılan xalqın Makron hakimiyyətinə qarşı olan hiddətini Parisdə "Azərbaycanın əməli" kimi qiymətləndirirlər. Bu, əslində Fransanın Azərbaycana daha bir məğlubiyyəti və sözün düzü, həm də faciəsidir. BMT TŞ-nin beş daimi üzvündən biri, nüvə dövləti olan Fransa kiçik, cəmi 30 illik müstəqillik tarixi olan, torpaqlarının işğalına yenicə son qoymuş Azərbaycanı "onun daxili işlərinə qarışmaqda" suçlayır. Görünür, Yelisey sarayındakılar bizdən qisaslarını, dünya qarşısında isə rüsvayçılıqlarını ört-basdır etmək üçün ənənəvi yola - Aİ-nin bəyanatlarına əl atmaq məcburiyyətində qalıblar.
Korrupsiya qalmaqallarının insan hüquqları ilə bağlılığı yoxdur?
P.Stanonun bəyanatını diqqətlə oxuyanda elə təəssürat yaranır ki, sanki Aİ rəsmisi təmsil etdiyi qurumun üzvlərində insan hüquqları ilə bağlı bərbad vəziyyətə dair müşahidələrini bizə münasibətdə dilə gətirib. Görəsən, Aİ-nin Azərbaycana qarşı həmlələrinin arxasında duran Fransada adi sosial problemlərə görə küçələrə axışan insanlara münasibətdə tətbiq edilən zorakılıq hallarından Stanonun xəbəri var? Kəndlilərin Fransadan Benilüks dövlətlərinə keçən etirazlarının qarşısı Aİ-nin insan hüquqları standartlarına əsasən alınır? Yoxsa qurumda ildə bir neçə dəfə baş qaldıran rüşvət və korrupsiya hallarının insan hüquqları ilə heç bir bağlılığı yoxdur? Yeri gəlmişkən, hazırda aktual olan yeni qurumdaxili korrupsiya qalmaqalı Qərbin başlıca hədəfi olan Rusiya ilə bağlıdır. Bir tərəfdən Rusiyanı işğalda suçlayan avroməmurlar, digər tərəfdən rüşvət müqabilində qaranlıq mexanizmlərin iştirakçısına çevrilirlər.
Qərbin, o cümlədən Avropanın "insan hüquqları" mövzusuna selektiv yanaşmasının daha bir klassik nümunəsi Ermənistandakı vəziyyətə dair "ağzına su alıb" susmasıdır. Necə olur, Gürcüstanda hüquq-mühafizə orqanlarının vətəndaşlara qarşı qanunun imkan verdiyi çərçivədə davranışı Qərbin kəskin reaksiyasına səbəb olur, ancaq Ermənistanda bunun eynisini müşahidə etmirik. Ermənistanın daxilində baş verənlərin Azərbaycanla birbaşa əlaqəsinin olmasına rəğmən, izlənənlər Qərbin, o cümlədən Aİ-nin "insan hüquqları" mövzusu ilə manipulyasiyası deyilmi?
P.Stanonun bu bəyanatı növbəti dəfə göstərir ki, Qərb, əsasən də kontinental Avropa Cənubi Qafqaz bölgəsini uduzub. Özü də digər geosiyasi qütbə və yaxud hansısa güc mərkəzinə deyil. Elə region təmsilçilərinin özlərinə - Azərbaycana və Gürcüstana. Həm Bakı, həm də Tbilisi müstəqilliklərinə maneə yaratmaq istəyən dairələrə yetərli müqavimət göstərirlər. Bu müqavimətin çətin həzmi isə özünü Stanonun bəyanatı kimi lazımsız və gücsüz aksiyalarda büruzə verir.