Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
Ermənistanın baş naziri Nikol Paşinyan mart ayının 12-də mətbuat konfransı keçirərək müxtəlif açıqlamalar verib. Erməni siyasətçinin açıqlamalarını diqqətlə oxuyanda məlum olur ki, bütün fikirlər və cümlələr konkret olaraq Qərb dairələri tərəfindən hazırlanmış tezislər üzərində qurulub.
Ənənəvi olaraq Rusiya ilə münasibətlərə dair kəskin bəyanatlar səsləndirən baş nazir açıq-aşkar KTMT-dən çıxmağa yaxın olduqlarını, bu prosesin yaxın müddət ərzində baş tutacağının anonsunu verib. Eyni zamanda Paşinyan Azərbaycanla münasibətlər və sərhədlərin delimitasiyası prosesinə də toxunub. Qısa sözlə desək, rəsmi İrəvan nə Azərbaycanla sülh imzalamağa, nə də sərhədlərin delimitasiya və demarkasiyasına hazır deyil.
Bununla belə, baş nazirin Ermənistanın Tavuş vilayəti və 4 anklav kəndlə bağlı açıqlaması erməni cəmiyyətində ciddi rezonansa səbəb olub. Elə hökumət başçısının çıxışının “istisi” soyumamış, müxalifətə yaxın KİV-lər politoloq və şərhçilərin tənqid dolu açıqlamalarını tirajlamağa başlayıblar. Bu yazıların əsas ana xətti “Nikol Paşinyan Tavuşu Azərbaycana peşkəş verir” tezisi üzərində qurulub.
Təsadüfi deyil ki, erməni baş nazir də açıqlamasında gah nala, gah da mıxa vuraraq, konkret bir fikir səsləndirməkdən, konkret açıqlama verməkdən yayınıb. Gah Azərbaycanın tələb etdiyi kəndlərin Ermənistanın suveren ərazisində olmadığını bildirir, gah da Tavuş ərazisindən bir santimetr də torpaq verilməyəcəyini deyir. Təbii ki, onun bu açıqlamaları müxalifət qanadının ciddi tənqidi ilə üzləşib. Bununla yanaşı, iqtidar nümayəndələri də məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Məsələn, hakimiyyətin ruporlarından sayılan Qaqik Melkonyan jurnalistlərə bildirib ki, baş nazir istədiyi fikri səsləndirə bilər. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan isə mətbuata açıqlamasında qeyd edib ki, demarkasiya üçün hansı xəritə ilə işləniləcəyi dəqiqləşdirilməlidir.
Maraqlıdır ki, Nikol Paşinyanın 12 mart tarixində mətbuata açıqlamaları təkcə Ermənistanda yox, okeanın o tayında da maraqla izlənilib. Hətta ARPİ Tətbiqi Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Sergey Melkonyan ABŞ kəşfiyyatının Ermənistan-Azərbaycan münasibətlərinə dair kəşfiyyat materiallarını dərc edib. Erməni baş nazirin açıqlamaları ilə eyni günə təsadüf edən kəşfiyyat materialları heç bir halda təsadüfi sayıla bilməz.
Okeanın o tayından bildirilib ki, İrəvanla Bakı arasında gərginlik olduğu kimi qalacaq. Bununla da rəsmi Vaşinqton regionu gərginlikdə saxlayacağına, tərəfləri sülh danışıqlarında irəliləyiş əldə etməyə imkan verməyəcəyinə işarə etməklə yanaşı, erməni siyasi elitasına mesaj ötürür ki, sülh prosesi ləngidilməlidir. Bu isə Birləşmiş Ştatların geosiyasi çirkin oyunlarına lazımdır və bu məsələdə maraqlıdır.
Hesabatda diqqət cəlb edən ikinci məqam isə odur ki, kəşfiyyat orqanının qənaətinə görə, cari ildə iki ölkə arasında qısamüddətli və məhdud intensivliyi olan toqquşmalar ola bilər. Bu bənd isə özlüyündə erməni dövlətinin sərhəd xəttində lokal xarakterli təxribatlar törədəcəyini deməyə əsas verir. Çünki komanda birbaşa Vaşinqtondan gəlir.
Amerikalı kəşfiyyatçıların hesabatında diqqət çəkən üçüncü məqam isə Azərbaycanın məqsədlərinə çatmaq üçün hərbi gücə əl ata biləcəyi ilə bağlıdır. Analitiklər isə bu məsələdə iki ərazidə toqquşma ehtimalının yüksək olduğunu bildirirlər. Bunlardan birincisi Ermənistanın Tavuş vilayəti, ikincisi isə Naxçıvan istiqamətində dəhliz tələbi ilə guya rəsmi Bakının hərbi təcavüzə əl atacağı ilə bağlı xəbərdarlıqdır.
Ümumiyyətlə, az-çox Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı məlumatı olan şəxs bilir ki, hər iki istiqamətdə təxribatlar sırf Ermənistan tərəfindən müntəzəm olaraq törədilir. Hər dəfə də layiqli cavabını alaraq, bir müddət sükuta qərq olur. Niyə məhz Tavuş istiqaməti? Rəsmi Vaşinqtonun bu əraziyə işarə etməyinin müxtəlif səbəbləri var. Bunlardan birincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları ilə bağlıdır. Erməni baş nazirin alayarımçıq və tam səslənməyən fikrindən də məlum olur ki, anklavlarla bağlı ciddi addım atmaq fikrindədir. Amma həm nəticələrindən, həm də Qərbdəki ağalarının reaksiyasını bilmədiyi üçün tərəddüd içindədir. Eyni gündə ABŞ kəşfiyyatının da belə bir hesabatının yayılması ona işarə edir ki, hələlik prosesi ləngitmək əmr edilir. Qeyd etmək yerinə düşər ki, sözügedən ərazidən beynəlxalq şose yolu keçir və anklavlar Azərbaycana qaytarılsa, yol və digər infrastrukturlar da rəsmi Bakının nəzarətinə keçə bilər. Yəqin Paşinyanın Ağ Evdəki ağaları hələlik bu ssenariyə hazır deyillər və erməni cəmiyyətini də hazırlamaq üçün taym-aut götürmək niyyətindədirlər.
Amerikalı kəşfiyyatçıların ehtimallarından digəri Naxçıvan istiqamətində Azərbaycanın hücum etmə ehtimalı ilə bağlıdır. Ümumiyyətlə, 2020-ci ildən bu yana Qərbin bir sıra institutları, rəsmiləri daim olaraq, rəsmi Bakının Naxçıvan istiqamətində hücuma keçəcəyi ilə bağlı sərsəm proqnozlar səsləndirirlər. Aradan 4 il keçsə də, bu proqnozlardan heç biri özünü doğrultmayıb. Əksinə, baş verən bütün toqquşmalarda, təxribat sırf erməni hərbçiləri tərəfindən törədilib. Sonuncu Nerkin-Hand istiqamətindəki təxribatı da erməni könüllüləri törətmişdi və rəsmi İrəvan bunu etiraf etməkdən başqa çıxış yolu görmədi. Niyə məhz hər zaman bu istiqamət hədəf götürülür? Çünki bu, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin keçdiyi ərazidir.
Dəniz tranzitləri və yollarında üstünlüyünü qoruyan ABŞ bir neçə ildir ki, quru yollarında da ağalıq etmək fikrinə düşüb və qlobal əhəmiyyətli layihələrə “barmaq” etməyi, onu öz maraqları üçün istiqamətləndirməyi əsas seçib. Bu səbəbdən də amerikalı rəsmilərin tez-tez Zəngəzur dəhlizi, Orta Dəhliz, İpək yolu kimi qlobal və regional əhəmiyyəti olan layihələr barədə səsləndirdikləri bəyanatlara bu prizmadan yanaşmaq lazımdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, Nikol Paşinyanın açıqlamaları ilə eyni gündə yayılan bu hesabat təsadüfi deyil və erməni dövlətinin siyasi elitasına bir sıra ismarışlar ünvanlanıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan 13 mart tarixində ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüş keçirib. Düzdür, Bononun səfəri əvvəlcədən planlaşdırılıb və İrəvandan sonra Bakıya da səfəri nəzərdə tutulub. Amma bununla belə, amerikalı diplomatın Ağ Evdən Paşinyan üçün hansı təlimatları gətirdiyini yaxın günlərdə anlayacağıq. Çünki 3,5 saatlıq açıqlamalardan sonra yeni təlimatların gələcəyi gün kimi aydın idi.
Ehtimal edilir ki, növbəti mərhələdə Rusiya ilə münasibətlərə yeni zərbələrin vurulacağı gözlənilir. Artıq bu gün Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib. Bu isə Paşinyan hökumətinin iştahasını daha da artıracaq.
“Report” İnformasiya Agentliyi
"Aİ" teqi üzrə xəbərlər
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
- Şarl Mişel: "Ümid edirəm ki, COP29 etimad və sözlərdən əmələ keçid konfransı olacaq"