Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Abbas Abbasov: "Prezident müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək verən nadir liderlərdən biridir"
"Müstəmləkəçiliyin müasir formalarından biri neokolonializmdir ki, bu da təkcə siyasi nəzarət vasitəsilə deyil, həm də maliyyə və iqtisadi ekspansiya vasitəsilə özünü göstərir".
Bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Report"a müsahibəsi zamanı deyib.
Müsahibədə BTQ-nin bu il ərzində müstəmləkəçiliyə və neokolonializmin qalıqlarına qarşı mübarizə aparmaq üçün hansı beynəlxalq təşkilatlar və ya hərəkatlarla əməkdaşlıq qura bilməsindən, bu istiqamətdə keçirilən konfranslardan, tədbirlərdən və onların effektivliyindən bəhs edilib. Eyni zamanda Bakıda keçiriləcək COP29 çərçivəsində həyata keçiriləcək təşəbbüslərə aydınlıq gətirilib.
- Bakı Təşəbbüs Qrupunun yaradılmasından bir il ötüb və bu müddət ərzində təşkilatınız bir çox layihə və təşəbbüslər həyata keçirib. Onlardan hansını əhəmiyyətli hesab edir və xüsusilə qeyd edə bilərsiniz?
- Ötən il ərzində Bakı Təşəbbüs Qrupu bir sıra mühüm beynəlxalq tədbirlər keçirib, hesabatlar dərc edib, dekolonizasiya üzrə ekspertlərlə birgə tədqiqatlar aparıb və KİV üçün brifinqlər keçirib. Həmçinin müstəmləkəçiliyə qarşı mübarizəyə və hələ də müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüquqlarını müdafiəsinə yönəlmiş layihələr reallaşdırılıb.
Biz tədbirlərimizi və layihələrimizi daha çox və ya az əhəmiyyətli olaraq bölmürük - hər bir layihə və keçirilən konfrans özünəməxsus əhəmiyyətə malikdir. Onların hər birinin məqsədi müstəmləkəçilik və neokolonializmin davam edən təzahürlərinə diqqəti cəlb etmək və beynəlxalq ictimaiyyətə həqiqəti çatdırmaq məqsədi daşıyıb.
Bu təşəbbüslər Bakını dekolonizasiya üzrə mühüm dialoqlar üçün beynəlxalq platformaya çevirib. Şübhəsiz ki, burada Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi xüsusilə mühüm rol oynayıb. Prezidentimiz beynəlxalq hüquq çərçivəsində müstəmləkə siyasətinə qarşı mübarizəyə töhfə verən və müxtəlif beynəlxalq platformalarda bu qlobal problemi müntəzəm olaraq vurğulayan nadir liderlərdən biridir.
BTQ-nin ən əhəmiyyətli tədbirləri ilə bağlı sualınıza gəlincə, vurğulamaq istərdim ki, əvvəldə qeyd etdiyim kimi, biz keçirilmiş beynəlxalq tədbirləri daha çox və ya az əhəmiyyətli olaraq bölmürük. Ancaq 2024-cü il 17-18 iyulda Bakıda keçirilmiş "Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki müstəqillik hərəkatlarının Birinci Qurultayı" xüsusi rol oynayıb. Müstəmləkə altında olan ərazilərin nümayəndələrinin Birinci Qurultayın Bakıda keçirilməsi ilə bağlı müraciəti paytaxtımızın Dekolonizasiya üzrə dialoqların mərkəzi və beynəlxalq platforması olduğunun əsas göstəricisidir.
BTQ 2023-cü ilin yayında yaradılıb və qısa müddətdə təşkilat dekolonizasiya istiqamətində əhəmiyyətli uğurlar qazanıb. Fəaliyyətimizin ilk dövrü xarici media üçün təşkilatla tanışlıq və tədqiq mərhələsi olub. Bir il ərzində təşkilatın tanınması və nüfuzu daha da artıb. Bu gün ən məşhur xarici KİV-lərin əksəriyyəti müsahibə və məqalələrin dərc edilməsi ilə bağlı BTQ-yə çox tez-tez müraciət edir.
- BTQ bu il ərzində müstəmləkəçiliyə və neokolonializmin qalıqlarına qarşı mübarizə aparmaq üçün hansı beynəlxalq təşkilatlar və ya hərəkatlarla əməkdaşlıq qura bilib?
- 2023-cü il ərzində BTQ altı dənizaşırı ərazi və Korsika ilə uğurlu əməkdaşlıq qurub. Son altı ay ərzində təşkilatımız Sint-Marten və Boneyr kimi bir sıra Niderland müstəmləkələri, neokolonializmin nəticələrindən əziyyət çəkən Burkina Faso, Mali, Niger kimi Afrika ölkələri, həmçinin Mayot adası ilə əməkdaşlıq qurub.
BTQ BMT-nin İnsan Hüquqları Şurası, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi (C-24), BMT-nin Xüsusi Siyasi və Dekolonizasiya Məsələləri üzrə Komitəsi (C-4), BMT-nin Afrika mənşəli insanlar üzrə Daimi Forumu kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar və onların əsas orqanları ilə əlaqələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatı ilə müvafiq qarşılıqlı əlaqə qurub.
Biz neokolonializmin qalıqlarına qarşı mübarizə aparmaq və bu məsələlərlə bağlı qlobal dəstəyi gücləndirmək üçün əməkdaşlığımızı fəal şəkildə genişləndirməyə davam edirik. Bu il ərzində, həmçinin bir sıra müstəmləkə partiyaları və təşkilatları ilə 4 Əməkdaşlıq Memorandumu imzalanıb. Bu da daha geniş beynəlxalq qarşılıqlı əlaqə və dekolonizasiya uğrunda mübarizəyə kömək etmək səylərimizdə mühüm addım olub.
- Müstəmləkəçiliyin müasir formalarına qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun qarşısında duran əsas çağırışlar və çətinliklər hansılardır? Yaxın illərdə öz fəaliyyətini genişləndirmək və beynəlxalq gündəmə təsir ilə bağlı hansı planları var?
- Müstəmləkəçiliyin müasir formalarından biri neokolonializmdir ki, bu da təkcə siyasi nəzarət vasitəsilə deyil, həm də maliyyə və iqtisadi ekspansiya vasitəsilə özünü göstərir. BTQ neokolonializmin təsirini hiss edən dövlətlərlə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir və bu təzyiq formasından ən çox əziyyət çəkən Afrika ölkələri ilə fəaliyyətini genişləndirir.
Bakı Təşəbbüs Qrupu üçün əsas çağırışlar hələ də beynəlxalq ictimaiyyətin müstəmləkəçiliyin müasir formalarına kifayət qədər diqqət yetirməməsi, həmçinin metropoliya ölkələrin siyasi və iqtisadi təzyiqləridir. Yaxın illərdə biz beynəlxalq platformalarda iştirakımızı gücləndirməyi, əməkdaşlığı genişləndirməyi, BMT və digər beynəlxalq institutlarla qarşılıqlı əlaqələri dərinləşdirməyi planlaşdırırıq.
Əsas məqsədlərimizdən biri müstəmləkəçilik və neokolonializm problemləri barədə məlumatlılığı artırmaq və bu müstəmləkə təzahürlərindən əziyyət çəkməyə davam edən xalqlar üçün ədalətə nail olmaqdır.
- Bu yaxınlarda Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Mayot adasına həsr olunmuş konfrans keçirilib. Məlumdur ki, o, Komor adaları arxipelaqının bir hissəsidir, lakin rəsmi Parisin nəzarəti altındadır. BTQ Mayot üçün ədalətin bərpası istiqamətində gələcəkdə hansı addımları atmağı planlaşdırır?
- 2024-cü il sentyabrın 3-də Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Mayot adasının Maore komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. BTQ Mayotda xüsusilə səhiyyə və ekologiya sahələrində müstəmləkəçiliyin iqtisadi və maliyyə xarakterli ağır nəticələrinin aradan qaldırılmasına dəstək vermək üçün fəal işləyir.
BMT-nin 3385 (XXX) saylı qətnaməsi var və biz Fransanı BMT-nin qərarlarına uyğun olaraq öhdəliklərini yerinə yetirməyə təşviq etmək üçün sistemli şəkildə beynəlxalq təşkilatları cəlb etmək niyyətindəyik. Fransanın məqsədi dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini Mayotun faktiki işğalından yayındırmaqdır, onlar bu məsələni lokallaşdırmağa və beynəlxalq ictimaiyyətin işğalla bağlı məlumatlılığının artırılmasının qarşısını almağa çalışırlar.
Biz ərazi üzərində suverenliyi bərpa etmək səylərində Komor adalarını fəal şəkildə dəstəkləməyə davam edəcəyik.
- Metropoliya uzaq ada ərazilərində iqlim problemlərinə diqqət yetirmir və nəticədə iqlim dəyişikliyinin təsirlərindən xüsusilə onlar əziyyət çəkir. COP29-un keçirilməsi çərçivəsində hər hansı tədbir təşkil etməyi planlaşdırırsınızmı?
- BTQ hesab edir ki, ada ərazilərində iqlim problemlərinə ədalətsiz münasibət bu regionların idarə olunmasına müstəmləkəçi yanaşmanın nəticəsidir. BTQ bu problemi işıqlandırmaq və müstəmləkələşdirilmiş ərazilərdə iqlim çağırışları ilə mübarizəyə dünya ictimaiyyətinin dəstəyini cəlb etmək üçün konfrans çərçivəsində tədbir təşkil edəcək.
- Ötən il sentyabrın 22-də BTQ-nin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı (ABŞ) mənzil-qərargahında BMT Baş Assambleyasının davam edən ümumi müzakirələri çərçivəsində "Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab" adlı konfrans keçirilib. Bu il BMT-də neokolonializm məsələsini də qaldırmağı planlaşdırırsınızmı?
- Biz BMT-də ümumilikdə dörd beynəlxalq konfrans keçirmişik və cari il ərzində bu fəaliyyəti davam etdirməyi planlaşdırırıq. Bu ilin iyun ayında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) əsas sessiyaları çərçivəsində növbəti beynəlxalq konfrans keçirdik. Həmçinin keçən il biz beynəlxalq konfranslardan birini "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə"nin qəbul edildiyi gün, yəni dekabrın 14-də BMT-nin Cenevrə ofisində keçirdik. Bu konfransda müstəmləkəyə çevrilmiş 11 regionun təmsilçiləri iştirak ediblər.
Biz müstəmləkəçilik və neokolonializm problemini diqqət mərkəzində saxlayırıq və BMT-nin İnsan Hüquqları Şurasının 142-ci sessiyası çərçivəsində bu mövzuya həsr olunmuş növbəti tədbirin keçirilməsi imkanını nəzərdən keçiririk. Onu da qeyd edim ki, 22-23 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Gələcəyin Sammiti (Summit of the Future) öz işinə başlayıb. Tədbirdə mən də iştirak edirəm. Sammit çərçivəsində müstəmləkəyə çevrilmiş regionların nümayəndələri ilə bir sıra görüşlərim nəzərdə tutulub.
"COP29" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"
- "COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
- Yalçın Rəfiyev: "Həll olunmamış məsələlər üzərində iş davam edir"