Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
8 Noyabr - Zəfər bayramı. Bu zəfər elə böyükdür ki, onun işığı başımızın üzərindəki qara buludları silib, yerini işıqlı günlərlə əvəzlədi. Cəbhədə törədilən təxribatlara layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğal altında olan ərazilərini mənfur düşməndən təmizlədi. 27 sentyabr və 8 noyabr günləri tariximizə qızıl hərflərlə yazıldı. Bəs bu qələbə necə əldə edildi?
Oxu.Az Zəfər yoluna nəzər salır.
2020-ci il sentyabrın 27-də, səhər saatlarında Müdafiə Nazirliyi bütün cəbhə boyu qoşunlarımızın əks-hücum əməliyyatına başladığını elan etdi.
Bunun ardınca Prezident İlham Əliyev xalqa müraciət edərək, səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutduğunu bildirdi:
"Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".
Bəli, erməni faşizmi bu dəfə də özünü bütün çılpaqlığı ilə büruzə verdi. Nəticədə çox sayda yaşayış məntəqələrimiz ziyan gördü, mülki əhali arasında həlak olanlar oldu. Xüsusən də bir neçə dəfə Tərtərin, beş dəfə Gəncənin, iki dəfə isə Bərdənin qadağan olunmuş kasetli bombalarla atəşə tutulması düşmənin cinayətkar xislətindən əl çəkmədiyini növbəti dəfə nümayiş etdirdi.
Nazirlər Kabinetinin hesabatına görə, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə ümumilikdə dəymiş ziyanın məbləği təxminən 91 milyon manatdır. Nəqliyyat vasitələri üzrə dəymiş ziyan 400 min manat məbləğində, kənd təsərrüfatı üzrə (mal-qara, texnika və s.) 1 milyon 311 min manat, sahibkarlıq subyektləri üzrə (avadanlıq, alət) 2 milyon 500 min manat, ayrılıqda Tərtər pambıq zavoduna 3 milyon 524,6 min manat, infrastruktur üzrə (avtomobil yolları, poçt, rabitə, elektrik, qaz və su təchizatı, informasiya təminatı) 27 milyon 410 min manat, fərdi yaşayış, çoxmənzilli evlər və digər tikililərin təmir-bərpası üzrə 19 milyon 200 min manat, dağıdılmış qəzalı fərdi yaşayış evləri üzrə 13 milyon 919,5 min manat, Gəncədə dağıdılmış binalarda mənzillər üzrə 8 milyon 800 min manat, dağıdılmış digər tikililər üzrə 994 min manat, 6 143 ailəyə ilkin yardım kimi verilən 9 milyon 68 min 128 manat həcmində qiymətləndirilib.
Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini yenə də insan amili həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanlardır. 44 gün davam edən müharibədə 2 908 nəfər hərbçimiz şəhidlik mərtəbəsinə ucaldı. Məhz bu səbəbdən Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Həmin sənədə əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Vətən müharibəsi dövründə ön cəbhə ilə yanaşı, diplomatiya və informasiya cəbhəsində də Prezident İlham Əliyev ön plana çıxaraq Azərbaycanı haqq bildiyi yoldan döndərmək istəyənlərə layiqli cavablarını verdi. Ölkə başçısı bu dövrdə 11 ölkənin 26 kütləvi informasiya vasitəsinə beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanan müsahibələr verdi. Bu fəaliyyət də qələbəmizi şərtləndirən əsas amillərdən idi.
Müharibə həm də xalq-ordu birliyinin mükəmməl vəhdəti ilə yadda qaldı. Dəstək bütün istiqamətlərdə o qədər aydın hiss olunurdu ki, bu da sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verirdi. Çünki vətəndaşlarımız hərbçilərimizə əllərindən gələn yardımları edirdilər. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün fərqli formada mübarizə aparırdı.
Elə bunun nəticəsi idi ki, xalq-ordu birliyinin qarşısında düşmən tab gətirə bilmədi. 44 gün davam edən müharibə nəticəsində düşmənin 252 tankı məhv edildi, 53 tank hərbi qənimət kimi götürüldü. Toplam 305 tankdan Ermənistan məhrum edildi. Ermənistan ordusuna məxsus piyadaların 50 döyüş maşını məhv edildi, 29-u qənimət kimi götürüldü. 251 müxtəlif çaplı toplar məhv edildi, 24-ü qənimət kimi götürüldü. 61 minaatan məhv edildi, 45-i qənimət götürüldü. 53 tank əleyhinə vasitə, 82 "Qrad" qurğusu, iki "Uraqan", iki "YARS" və "TOS-1A" ağır odsaçan sistemi məhv edildi. Dörd ədəd "Tor" zenit-raket kompleksi, 40-a yaxın "OSA" zenit-raket kompleksi, dörd "Kub" və bir "Kruq" zenit-raket kompleksi, iki "S-125" zenit-raket kompleksi məhv edildi. Ən bahalı qurğulardan olan altı "S-300" zenit-raket kompleksi də məhv edildi. Bir aşkaretmə stansiyası, bir lokator məhv edildi. Əməliyyat-taktiki raket komplekslərindən iki əməliyyat-taktiki raket kompleksi - "Elbrus" məhv edildi. Bir "Toçka-U" raketi məhv edildi. 231 yük avtomobili məhv edildi, 173-ü hərbi qənimət kimi götürüldü. Düşmən toplam 404 yük avtomobilindən məhrum edildi. Düşmənin canlı itkisinə gəlincə, altı min nəfərdən çox döyüşçü məhv edildi, 11 min hərbçi isə yaralandı.
Bütün bunların nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun üç kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik azad olundu.
Müharibədən geriyə qalan görüntülər isə bizi həm qürurlandırdı, həm sevindirdi, həm də kədərləndirdi. İstər şəhid oğlunu qarşılayan valideynlər, Arazın o tayından bu tayındakı müharibəni həyəcanla izləyən güneyli soydaşlarımız, Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri, əsgərlərimizi xilas edən həkimlərimiz və bir də məğrur duruşları ilə düşməni lərzəyə salan, azad edilən ərazilərə öz imzasını həkk edən əsgərlərimiz, qəhrəmanlarımız. Onların hər birinin adı xalqımızın yaddaşına, tarix kitablarının isə səhifələrinə qızıl hərflərlə həkk oldu. Müharibənin gedişində düşmən üzərinə mərmi atıb qürurlu geridönüşü ilə könülləri fəth edən Topçu Vüsal kimi. Əbəs deyil ki, bu gün onun həmin fotosu tarix kitablarının üzlüyündə yer alıb.
Bəli, biz şanlı qələbəni belə qazanmışıq. Ölkə başçısının qətiyyətli siyasəti, Ordumuzun rəşadəti və xalqımızın dəstəyi ilə. Nəticə isə göz qabağındadır. Bu gün azad Qarabağda qürur və iftixar hissi ilə gəzirik.
Mərahim Nəsib
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- Tayms Skver meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
- Güler: "Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir"