Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Bəxt üzüyü"nün "Seda"sının doğum günüdür
Bu gün azərbaycanlı müğənni və aktrisa Firəngiz Rəhimbəyovanın doğum günüdür.
Firəngiz Rəhimbəyova 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib.
Anası Raisa çox erkən yaşda dünyasını dəyişdiyindən atası ikinci dəfə xalası qızı Sona xanımla ailə həyatı qurur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı olan Sona xanım Firəngizi boya-başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir.
Firəngiz Rəhimbəyova 80-ci illərdə Azərbaycanın müasir estradasının yaradıcılarından birinə çevrilir.
1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür.
Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnıları ifa edir.
Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan F.Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki "Seda" rolu gətirir.
F. Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildə, qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçür. Buraya köçdükdən sonra qızı adını dəyişərək Reyçel adını götürür.
Firəngiz xanım 1999-cu ildə amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olur.
2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən "Seda" roluna çəkilib.
O, 2022-ci il avqust ayının 16-da ürək tutmasından vəfat edib, 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Vest-leyk Villic şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.
Rəylər