Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şixəliyevin kassasiya şikayətinə baxılıb.
“Qaynarinfo” xəbər verir ki, keçmiş rəisin şikayəti təmin olunmayıb. Hakim Nazim Mövsümovun sədrliyi keçirilən prosesdə Mövlam Şixəliyev barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb.
Mövlam Şixəliyev və digərləri kassasiya şikayətlərində onlara bəraət verilməsini və müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirdi.
Xüsusilə, Mövlam Şixəliyev ən pis halda əmlakları barədə qərarın ləğvinə çalışırdı. Hətta onun ailə üzvləri də bununla bağlı ayrıca iddia qaldırmışdı. Bu prosesin nəticəsi hələ ki, bəlli deyil.
Mövlam Şixəliyev, İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələr ilə təqsirli biliniblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Mövlam Şixəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə edilib.
Rəylər