Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Modelyerin biznesmen atasının qətlində təqsirləndirilən şəxslərdən biri məhkəmədə ifadə verib
Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Əliyev ifadə verib. O bildirib ki, cinayət baş verən zaman öz maşınında gözləyib:
"Mən, Mustafa Zeynalov və Kamran Bəkirovla maşınla Ləhiş bağlarında yerləşən "Şəhid bulağı" adlanan yerə gedərkən onlar arasında mübahisə yarandı. Maşını kənara çəkib düşdülər. Onlar getdikdən sonra qışqırıq səsləri eşitdim. Hadisə yerinə gələrkən Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm. Onun içəri aparılmasında Mustafa Zeynalova yardım etdim. Daha sonrasından məlumatım olmadı".
Təqsirləndirilən şəxs əlavə edib ki, 14-cü polis bölməsinə dəvət olunduqdan sonra əməlini etiraf edib:
"Bir müddət sonra Mustafa polis tərəfindən saxlanıldı. Mən də bölməyə çağırıldıqdan sonra əməlimi etiraf etdim. Hadisə baş verən ərazini polis əməkdaşlarına göstərdim. Onlar axtarış edərək Kamran Bəkirovun meyitinin quyuda olduğunu müəyyən etdilər".
İclas noyabrın 7-dək təxirə salınıb.
Qeyd edək ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı ötən il aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində baş verib.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Rusiyada erməniəsilli qatil saxlanılıb
- Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi
- Psixi problem olan şəxs anasını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ İŞİ
- Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
- Bakıda oğlan anasının boynunu sındırıb öldürdü: Dəhşətli QƏTLİN DETALLARI
Rəylər