Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Masallıda mahnı sifarişinə görə kütləvi dava
Masallı rayonunda 1996-cı il təvəllüdlü Munis Əlibəyli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nemət Rüstəmova xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, Munis Masallı şəhəri, "Azərbaycan" prospektində yerləşən tanışının işlətdiyi çay evində olarkən həmin vaxt orada olan əvvəllər tanımadığı Masallı rayonu Bala Təklə kənd sakini Nemətin mahnı sifariş verərək oynamasını özünə və ətrafında olan şəxslərə qarşı saymazlıq, qərəzli münasibət hesab edib.
Munis çay evinin içərisində Nemətlə sözlə mübahisə edib. Həmin vaxt ətrafında olan tanışları onları ayırdıqdan sonra çay evini tərk edən Nemətin yanına gedərək onunla çay evinin qarşısında mübahisə edib. Onu təhqir edib.
Daha sonra Munis Nemətə qarşı zor tətbiq edərək yumruqla onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Onu yerə yıxaraq müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Munisin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nemətin sözlərinə görə, yolda həmkəndliləri Kənan, Nərsir və Qasimlə rastlaşıb və onlara birlikdə çay içməyi təklif edib:
"Həmin şəxslərdə mənim təklifim ilə razılaşdıqları üçün birlikdə çay evinə getdik. Çay evinə gəldikdən sonra orada musiqi səsləndi və biz rəqs etdik. Bizim rəqs etməyimiz Munis və yanında olanlara pis təsir etdi. Bu səbəbdən aramızda mübahisə yarandı və dalaşdıq".
Nemət qeyd edib ki, həmin vaxt mübahisələri 3-5 dəqiqə davam etdi:
"Çay evində təxminən 25-30 nəfər şəxsin də ayrı-ayrı masalarda oturaraq çay və pivə içib musiqi dinlədiklərini gördüm. Daha sonra oradan çıxmaq istədiyimiz zaman həmin şəxslərdən biri mənə "özünü yaxşı apar" dedi. Mən hesabı ödəyib çay evinin həyətinə çıxdım. Orada həmin şəxslərlə mübahisəmiz davam etdi. Daha sonra mənə təpik atdılar. Mən də qarşılıq verdim. Sonra isə Munis burnuma yumruq vuraraq burnumu sındırdı və müvazinətimi itirərək yerə yıxıldım. Bu zaman Munis yanında olan 6-7 nəfər şəxslə bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmağa başladı. Daha sonra həmin şəxslər getdilər. Bundan sonra hadisəni uzaqdan görən həmkəndlilərim Qasim, Nəsir və Kənan yanıma gəldilər. Məni yerdən qaldırdılar və məndən kimin vurduğunu soruşdular. Mən isə həmin şəxsləri tanımadığımı, üzdən görəcəyim zaman tanıyacağımı dedim".
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Munis ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Onun sözlərinə görə, Nemətin həmin vaxt onunla mübahisəsi olub:
"Daha sonra Tərlanla mübahisə etdim. Nemət mənimlə mübahisə edən zaman bir-birimizi itələdik. Lakin mən Neməti vurmamışam. Nə kafenin içində, nə də ki çölündə. Nemətlə mübahisə etmiş olsaq da, bir-birimizi söyməmişik. Kafenin çölündə baş verənlərdən xəbərim yoxdur. Ola bilsin ki, Nemət havanın dumanlı olması səbəbindən mənim onu vurduğumu deyib. Çünki dostlarımın dediyinə görə həmin vaxt hava dumanlı olub. Nemətlə kafedə aramızda olan mübahisə musiqinin səsi və olan səs-küylə bağlı olub. Nemətlə hər hansı bir düşmənçiliyim yoxdur. Mən kafedən çıxdığım zaman Nemətin yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşəm".
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Munis aylıq qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 3 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Rəylər