Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda tonlarla at əti satdığına görə saxlanılanlarla bağlı DETALLAR: Təkrarlanan cinayət
İsmayıllıda qidaya yararsız at əti satan Vüqar Ziliyev və qohumu Xəyal Ziliyev ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az xəbər verir ki, qanunsuz ət kəsimi ilə məşğul olduğu üçün saxlanılan Xəyal Ziliyev 2017 və 2023-cü illərdə eyni cinayət səbəbindən saxlanılıbmış.
2023-cü ildə aparılan tədbirlər zamanı X.Ziliyevin avtomobilinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan iki tona yaxın at əti aşkarlanıb.
2017-ci ildə isə Oğuzda V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kiloqrama yaxın at əti aşkarlanaraq götürülüb.
Vüqar Ziliyevlə bağlı digər məlumat isə 2024-cü ilin fevral ayında İsmayıllıda qəzaya uğramasıdır. Belə ki, "Tofaş" markalı avtomobil idarəetməni itirərək "KamAZ" markalı yük maşınına çırpılıb və hadisə nəticəsində V.Ziliyev ağır bədən xəsarətləri alıb.
İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.
V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu üzə çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.