Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İcra başçısına qarşı terror aktına cəhddə ittiham olunanın məhkəməsi başladı
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs şifahi vəsatətlə çıxış edərək saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib. Məhkəmə onun vəsatətini təmin edib. Daha sonra Bəhruz Əskərov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin olunub.
B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində B.Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. Onun barəsində irəli sürülən ittiham üzrə materiallar toplanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.