Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək
Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses bu dəfə də onlayn formatda təşkil olunub.
Təqsirləndirilən Hüseyn Abdullayev səhhətində olan problemlə bağlı veb-kamerada görüntülənməkdən imtina edib. Buna görə də məhkəmə görüntü olmadan, amma səslə, vəkili ilə birlikdə iştirakı ilə prosesin davam etdirilməsini qərara alıb.
Vəkillər vəsatət qaldıraraq təqsirləndirilənin səhhətində olan ciddi problemlə bağlı tanınmış həkim, professor Adil Qeybullayevin Penitensiar Xidmətin müalicə müəssisəsində onu müayinə etməsinə icazənin verilməsini istəyiblər. Dövlət ittihamçısı isə öz növbəsində vəsatətə etirazını bildirərək, Hüseyn Abdullayevin proseslərdə iştirakına mane ola biləcək hər hansı səhhət probleminin olmadığını bildirib. O, bununla yanaşı, Penitensiar Xidmətin Tibb İdarəsində kifayət qədər ixtisaslaşmış tibb mütəxəssislərinin də olduğunu vurğulayaraq, professor Adil Qeybullayevin müayinəsinə ehtiyacın olmadığını deyib. Məhkəmə heyəti yerində müşavirə edərək təqsirləndirilənin vəkillərinin vəsatətini qəbul edib. Daha sonra dövlət ittihamçısı Hüseyn Abdullayevə ittiham aktını elan edib.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev altı il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış yeddi bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.