Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ələsgər Məmmədli yenidən hakim qarşısında
Media eksperti, "Toplum TV"nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.
APA xəbər verir, bu gün Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb.
Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçisi Akif Qurbanov, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıblar. III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində də dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli, ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.