Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bəraət aldıqdan 10 ay sonra həbs edildilər
Qohumunun avtomobilini yandırmağı sifariş verməkdə və sifarişi icra etməkdə ittiham olunan, lakin məhkəmədə bəraət alan iki nəfər 10 ay sonra həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
Hakimlər elə qənaətə gəliblər ki, Bakı Hərbi Məhkəməsinin hökmü işin faktiki halları və göz önündə olan əsaslı sübutlarla uyğun gəlmir.
Məlumat üçün deyək ki, cinayət hadisəsi 7 il əvvəl - 2017-ci ildə baş verib.
Həmin vaxt hüquq-mühafizə orqanlarından birində sürücü işləyən Fariz Yunisov tanışı Anar Qasımova qohumunun avtomobilini yandırmağı sifariş verib. Bunun qarşılığında isə ona min manat vəd verib. Anar razılaşmadan sonra zərərçəkmişin evinin qarajındakı "Mercedes-Benz" markalı avtomobilin üstünə 1 litr benzin tökərək yandırıb. Hadisə vaxtı zərərçəkmişin evinin də bir hissəsi yanıb.
İlkin istintaq vaxtı Anar əməlini etiraf etsə də, məhkəmədə nə kimdənsə sifariş aldığını, nə də sözügedən cinayəti törətdiyini boynuna alıb. Sifarişçi kimi mühakimə edilən digər şəxs də özünü təqsirli bilməyib. Onlar avtomobilin elektrik naqillərindəki qısaqapanma nəticəsində alışdığını deyiblər.
Birinci instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxslərin səmimiyyətinə inanıblar. "Cinayət hadisəsi yoxdur!" - elan edilərək hər iki müttəhimin bəraətinə hökm verilib.
Bakı Apellyasiya Məhkəməsində Emin Mehdiyevin sədrlik etdiyi hakimlər isə prokurorun sübutlarını əsaslı hesab ediblər.
Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Fariz Yunisov 3 il, Anar Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar məhkəmə zalında dərhal həbs ediliblər.
Rəylər