Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda FETÖ-yə görə həbs edilən dörd nəfərin istintaqı başa çatıb, məhkəmə başlayır
Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan təşkilatın Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, təşkilati işlərə cavabdeh olan Ruslan Əliyev və fəal İlkin Həşimli barələrindəki ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, ayrı-ayrı icraatda aparılan istintaqlar başa çatdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Döyrüş Cəfərov və Ruslan Əliyev barəsində cinayət işləri Abşeron Məhkəməsinə göndərilib.
Hər iki şəxslə bağlı məhkəmənin hazırlıq iclası fevralın 19-na təyin edilib.
İlkin Həşimlinin cinayət işinə Binəqədi rayon Məhkəməsində, Gümrah Əbdürəhmanovun cinayət işinə isə Nərimanov rayon Məhkəməsində baxılacaq.
Gümran Əbüdürəhmanovun məhkəməsinin hazırlıq iclası fevralın 14-nə təyin olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Həmçinin Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatını apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Rəylər